ШЕКИ - НАБИБЕКОВЫ

Padşah olmaq istəmədim

Müəllif: Hidayət Elvüsal



O gün bildin də, gəlib məni apardılar o biri planetə. Çatan kimi gördüm ki, vay dədə… inoplanetianlar o qədər gözləyiblər ki, gözlərinin altı sapsarıdı. Uçan boşqabdan düşəndə çığırışdılar: «Yaşasın padşahımız!»

Geri qanrılıb bulvarda tanış olduğum Ulduzxandan soruşdum:

- Mister Ulduzxan, bunlar nə istəyirlər?

- Əzizim, bunlar istəyirlər ki, sən bizim planetin padşahı olasan. Bütün Yer kürəsi xalqlarının nağıllarını oxuduq, kinofilmlərinə baxdıq və anladıq ki, sizin padşahlar ya zalım olublar, ya adil. Amma elələri var ki, onların liboy padşahı duraçok olub. Biz də dostluğumuzu nəzərə alıb sənin namizədliyini irəli sürmüşük.

- Ə, Ulduzxan, əmioğlu, mən hara, padşahlıq hara? Mən mirzə adamam. Heç şöbədə iki müxbirin öhdəsindən gələ bilmirəm. Bu boyda planetdə padşahlıq eləmək mənim işim deyil.

- Yox, yox, bizim planetin qanunları, qərarları sizinkilər kimi deyil, gündə bir cür düzəldəsən. Biz dediyimizin üstündə duran canlılarıq. Öz adamlarımızı əzizləyib, o biriləri gözümçıxdıya salmırıq. Hər şey yerindədir. Bircə padşah stajı boşdur, o da sənin.

Ürəyim yumşaldı. Amma təzəcə üz-gözümə zəhmli ifadə verib camaata yaxınlaşırdım ki, xalam çıxdı qarşıma:

- Uuuyy, xalan sənə qurban, bacıoğlu! Başın haqqı padşahlıq sənin boyuna biçilib.

- Xalaa? Sən nəynən gəlmisən?

- Fışfışaynan, qadan alım. Uşaqları da gətirmişəm. Heçcə nə istəmirəm. Hərəsini bir irayona icra başçısı qoy,  bəsimizdi.

- Bu planetdə icra başçısı, filan yoxdu.

- Yoxdu, düzəlt! Bə nəyə gəlmisən? Başçısız, prokurorsuz, rəissiz ölkə olar?

Kimsə əlini atıb, boynumu qucaqladı. Qanrılanda gördüm bibimdi:

- Yenə ana tərəfə əyilmisən? Sənin əmin, bibin yoxdu?

Cavab vermək istəyirdim ki, dost-tanış üstümə atıldı:

- Can, qardaş, allahın bu gününə şükür! Fani dünyada bir iş görə bilmədin, bu əbədi dünyada  padşah oldun. Hərif olma, yan-yörənə öz adamlarını yığ. Biz ölməmişik ha.

- Ulduzxan, bunlar nəynən gəliblər?

- Baqajda idilər. Dedilər razı olmasan, səni yola gətirəcəklər.

- Adə, ay Ulduzxan, özünüzə yazığınız gəlmir? Öz bəndənizi padşah eləyin. Vallahi məni taxta çıxardan kimi özüm də, qohum-əqrəbam da  sizə qan udduracağıq. Ciyərinizi çıxardacağıq. Sizi yerə uzadıb, qarnınızın üstünə çıxacağıq. Xalam, bibim, əmim, dayım, kirvəm, qonşum, dostum, tanışım, yerlilərim sizi soyub talayacaq. Ə, siz nə təhər canlılarsız? Ə, bu uçan boşqabı-zadı bu ağılnan duzəltmisiz?

İnoplanetianlar yenə çığırışdılar:

- Yaşasın padşahımız!

Bibim gücü gəldikcə:

- Qohumlar arasında ayrıseçkiliyə son qoyulsun!

Əmim dedi:

- Oğul sir-sifətdən, xasiyyətdən dayısına oxşasa da əmisinin ona kəsdiyi quzu ayrı şeydi!

Nəfəsim darıxdı. İnoplanetianlara yazığım gəldi:

- Ulduzxan, gəl  qayıdaq Yerə. Yaşayış yerindən arayış almaq yadımdan çıxıb.

- Gətirmişəm! – deyə xalam arayışı göstərdi. – Ailə tərkibi haqda da var. Bu da sağlamlıq haqqında arayış. Hərəsinə əlli manat vermişəm.

- Ulduzxan, əmioğlu, niyə özün padşah olub, bu binəva canlılarınıza yiyə durmursan?

Dinmədi. Bir də soruşdum. Yenə dinmədi. Bir də…

- Əzizim, bilirsiniz, bizim planetin başbilənləri eksperiment keçirirlər. Deyirlər görəsən Yerdə yaşayanlar bu planetdə padşah olsalar…

- Ə, a bədbəxt, - deyə qışqırdım. – Ə, yüz illərdi ki, Yerdə eksperiment keçiririk, dilənçi kökünə düşmüşük. Qırılanımız qırılıb, sağ qalanlarımız xəstədi. Ə, top kimi canlılarsız, Yer padşahını neynirsiz? Gündə bir qan salıb, iclas çağırıb zəhlənizi tökəcək. Ulduzxan, məni Yerə apar.. Vallah, padşah olsam boynunu vurduracam!

Söz ağzımdan qurtaran kimi xalamnan, bibim  saçyolmasına qalxdılar. Əmim kəllə vurub dayımın dişini saldı. Dostlarım bıçaq çıxardıb bir-birini qana boyadılar. O dedi sən qoymadın, bu dedi sən. İnoplanetianlar  vahimə içində  qaçıb dağılışır, bir-birini ayaqlayıb keçirdilər. Planetdə bir vaynövsə var idi ki, adamın başının tükü biz-biz dururdu.

Qayıtdıq, yenə Yer kürəsi, ana Vətən, qüdrətli ölkəmizə. Qohum-qardaş da qayıtdılar evlərinə. Dostlar salam-kəlamı kəsdilər, məni rahat buraxdılar. Heyif deyil mirzəlik? İndi yenə oturub özümçün, bala-bala «Belə-belə işlər» yazıram. Özümüzdən çox başqa planetdə yaşayanlara yazığım gəlir.

Hamısı gicdi…

Mənbə: Modern.az

 



Создан 05 июл 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com