ШЕКИ - НАБИБЕКОВЫ

REKLAMLAR… REKLAMLAR…

Müəllif: Murad Nəbibəyov



O gün işdən həm gec, həm də yorğun gəlmişdim. Ac olmağıma baxmayaraq, yemək yeməyə heç taqətim yox idi… Elə yatmaq istəyirdim ki?!

 

Nə yaxşı ki, işıqlar yanırdı… Divana uzanıb yuxu zəhrimarı gözləyə-gözləyə televizora baxmağa başladım. "Çal-çağır"ı verirdilər. Dilarə bajı özünün duzlu-məzəli söhbətlərinin  arasında qəflətən "Siyəzən toyuğu"nu elə reklam eləməyə başladı ki,.. indi gəl yat görüm, necə yatırsan. İstədim qalxıb bir soyuducunu eşələyim görüm mədəmə göndərməyə nəsə tapıram?.. Elə bu vaxt reklam klipi başladı - nə başladı…     

 

Yemək-zad yadımdan çıxdı, mavi ekranda təzə təmirdən çıxan bir xəstəxanın dəhlizində məşhur, çoxlarının sevimlisi olan müğənni xanımlarımızdan biri tibb bacısı qiyafəsində, sındıra-sındıra palatalardan birinin qapısına yaxınlaşır. Əvvəlcə qulaq verib, sonra qapını açıb hövlnak özünü atır içəri. Nə görsə yaxşıdı? Çarpayıdakı xəstənin üstünə salınan mələfənin düz ortası dim-dik qalxıb yuxarı. Həmin "dik"in də üstündən yekə bir göz muncuğu “gözünü” zilləyib  tibb bacısının sifətinə. Bunu seyr edib, gözləri alışıb-yanan reklam qəhrəmanı - müğənni xanım tələsik hərəkətlə mələfəni götürüb atır kənara. Və yazıq,.. nə görsə yaxşıdı? Sən demə, yuxu vaxtı olduğu üçün xəstəxana növbətçilərinin qorxusundan xəstə, mələfənin altında tetris oynayırmış...  Fikrində tutduğunun əvəzinə mələfənin altında elektron oyuncağı görüb sifəti yazıq hala düşən “tibb bacısı”na adamın lap yazığı gəlir… Sonra ekranın bir küncündə "Yunayted kolors of benetton" sözləri yazılır və həlim kişi səsi eşidilir: "Sağlam məhəbbətlə yaşamağın ləzzətini hiss et..."

 

Dedim bir türk kanalını çevirim. Elə pultun düyməsinə toxundum ki,.. gördüm iki yeniyetmə qız xeylağı düşüb şəhərin canına. Cavan demirlər, qoca demirlər… qabaqlarına çıxan xanımlara  yaxınlaşıb eyni sualı verirlər: "Molpediniz varmı?". Sual ünvanlanan qadınlardan da biri deyir: "Var!", biri deyir: "Yoxdu!", digəri də çiyinlərini çəkib, matdım-matdım: "O nədi?" deyə soruşur. Reklam klipinin sonunda bəlli olur ki, sən demə, bu "Molped" də bizimkilərin gecə-gündüz canfəşanlıqla reklam elədikləri, hətta qanadları da olan "Olveys" kimi bir şeydi… Pultun düyməsini basıb kanalı çevirdim yenə öz “ti-vi”lərimizdən birinə. Pah atonnan… burda da reklam:


…Hansı dövlətlərdən birininsə kralının “dadına baxıb”, onun çox ləzzətli olduğunu duyanlar kolbasa istehsal ediblər. Bizim də “ti-vi” həmin kolbasanı tərifləyir: "Adı kimi dadı var!!!" İndi kim kral dadını bilmək istəsə, o kolbasadan alıb həzmi-rabedən keçirə bilər…


İşıqlar da əvvəlki vaxtlar kimi sönmək bilmirdi ki, yatım. Amma səhər tezdən işə getməli olduğum üçün, özümü yuxlamağa məcbur etməli idim... Televizoru söndürüb, yatmaq arzusuyla gözlərimi yumdum. Amma…


Əmması budu ki, üst kipriklərim alt kipriklərimə toxunan kimi hər gün metroda gördüyum bir reklam lövhəsi gəlib durdu gözlərimin qabağında: Bu lövhədə üç müxtəlif rəngli çarpayı və hər çarpayının da altında bir meyvə şəkli çəkilib. Biri yadımdadı ki, banandı, o biri ikisi yadımdan çıxıb. Şəkillərin də altında yazılıb : "3-ü birdə". Vallah, həmin reklama baxanda həmişə fikirləşirdim ki, yəqin yatmazdan qabaq meyvə yeməyin xeyirli olması barədə bir təbliğatdı, yaxud da bir mebel reklamı. Çünki şəkillərin yuxarısında yazılanları gözlərim seçmirdi.  Bir gün eynəyimi taxıb həmin lövhəyə diqqətlə baxdım: Vay dədə!!! Şəklin yuxarısındakı "Kondoms" yazısını oxuyub qulağıma qədər qızardım. Amma indiyə qədər "3-ü birdə"nin mənasını başa düşə bilmirəm…

Yuxum tamam qaçdı, işıqlar da hər gün olduğu kimi sönmüşdü… Qalxıb oturdum. Dedim şam işığında da olsa bunları yazım, yoxsa səhərə qalsaydı yadımdan çıxacaqdı…

Bilirsiz bu reklamlar mənə nəyi xatırlatdı? Deyim bilin:


 - 2-3 il əvvəl hörmətli səhiyyə nazirimiz media işçilərini "Hyatt Recency" hotelinə yığıb beynəlxalq donor təşkilatlarından birinin nümayəndələri ilə ailə planlaşdırılmasına həsr olunmuş mətbuat konfransı keçirirdi. Mən də iştirak edirdim. Nazir bildirdi ki,  xaricilər Azərbaycana böyük sayğı göstərib, çadırlarda məskunlaşan qaçqın və köçkünlərimizə milyonlarla dollarlıq humanitar yardım göndəriblər. Sonra səhiyyəmizin başçısı dedi ki, bu yardım çadırlarda insan artımının qarşısını almaq və dünyaya göz açası körpələrin sayını nizamlamaq məqsədi güdür.   Çünki, nazirin fikrincə, kasıb ailələrdə uşağa baxmaq və onu sağlam böyütmək çox çətindir. Əsdinə qalsa, kişinin sözündə həqiqət var idi. Nə isə...


Nazir sözünü qurtarmışdı ki, ANS kanalının tanınmış müxbir xanımı ona sualla müraciət elədi: "Cənab nazir, yardım kimi verilən milyonların hamısı qaçqın və köçkünlərə çatacaqmı? Korrupsionerlər həmin milyonları yeməyəcəklər ki?..." Sual  hörmətli nazirin ürəyincə olmasa da, jurnalistə belə cavab verməyi özünə borc bildi: “Xeyr, qızım, bunlar yeməli şey deyil, hamısı “prezervativdir””. Bəli, sualın ancaq mahiyyəti yadımda qalsa da, cavabı olduğu kimi xatırlayıram…


Yenidən yuxlamaq həvəsilə yerimə uzandım.


Gözumə yuxu getmək əvəzinə, kiminsə ağzının içində bir ağxalatlı qəşəng qızın boynunu büküb kimi isə gözlədiyini gördüm.  Çox keçməmiş eynilə həmin qiyafədə başqa bir gözəl  ona yaxınlaşdı: "Salam ay qız!" Amma birincidən səs çıxmadı. İkinci əsəbi halda: "Ay qız, niyə cavab vermirsən? Niyə donub qalmısan?" - deyə bir də soruşdu. Birinci başını qaldırmadan: "Eh, ay bacı, bilsən ki, indi bizim sahibimiz nə edirdi, sən də yerində donardın…" - deyə cavab verdi… Gözümə görünən bu kadr da milli telekanallarımızın bir reklamından idi.


Hələ səhərə qədər qədər yuxuda daha nələr gördüm, nələr…


Əslində isə, əziz oxucular, bu yazıyla mən sizin də hər gün gördüyünüz reklamları bir daha yadınıza salmaq fikrində deyiləm. Məni düşündürən tamamilə başqa məsələdir. Görəsən mənfur qonşularımızda vəziyyət necədir? Hayların TV-ləri də gecə-gündüz analoji reklamları nümayiş etdirirmi? Onlara da körpələrinin dünyaya qəlməsinin gəlməsinin qarşısını almaq üçün əcnəbi donorlar milyonlarla dollarlıq kontraseptivlər paylayırlarmı?..


Vallah, inanmıram! Bəlkə onların da payına düşən belə humanitar yardımları xarici “dost”larımız bizə sırıyırlar. Daşnak tör-töküntülərinə isə silah-sursat göndərirlər. Yəqin donorlar elə bilirlər ki, bizə silah-sursat lazım deyil. Biz öz işğal olunmuş torpaqlarımızı "sağlam məhəbbət"lə,  "kral kolbasa”sıyyla, "3-ü birdə" olanlarla kef çəkə-çəkə almaq iqtidarındayıq?!


Amma biz özümüz tam əminik ki, mütləq Xankəndidə üçrəngli bayrağımızı dalğalandıracağıq, Şuşada "Qarabağ şikəstəsi"nə qulaq asacağıq, Kəlbəcərdə "İstisu" içəcəyik,  Ağdamda yenə hər il mahnı festivalı keçirəcəyik! Üstəlik, istəsək Göyçədə balıq da tutarıq, Zəngəzurda at da oynadarıq!!!  Buna inanmayan var?

Bakı, 2000



Создан 25 авг 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com