ШЕКИ - НАБИБЕКОВЫ

Köhnə dostlar

Müəllif: Murad Nəbibəyov



"Daewoo" gecəyarısı Kürdəmirdə - yeməkxananın qabağında dayandı.  Hamı kimi Hacı Abdulla da yarıyuxulu-yarıoyaq, bir stəkan çay içmək xatirinə tənbəl-tənbəl avtobusdan düşdü. Yeməkxanaya daxil olub, heç ətrafa nəzər salmağa macal tapmamışdı ki, sol tərəfdən qulağına tanış səs gəldi:


- Səlamməleyküm, ay Həci! Alə, gə bura görüm necəsən? Nə var, nə yox?.. Alə, haçandu sənünlə görüşmürük?..


Səs, ləhcə Hacı Abdullaya tanış gəlsə də, çevrilib baxanda eşitdiyi sözlərin sahibini tanıya bilmədi. Amma nəzakət xatirinə o oturan stola yaxınlaşıb əl uzatdı. Hacını çağıran isə ayağa qalxıb onu bərk-bərk qucaqlayıb bağrına basdı, o ki var başladı öpməyə:

- Həci, alə, tanımadun məni?.. Alə, Atobbayam da, məştəğalı Atobba, məşədi Atababa da… Alə, indü  tanıdun?


- Ay Meşədi!.. Ə… Habı nədəə… Nə yaman dəyişmisən ə…


- Həci, diginən day nə yaman qocalmısan də… Dəyişmisən nədü? Görmürsən lap əldən düşmüşəm?.. Yaxçi, otu görüm sən də! – Məşədi hökmlə Hacını stula oturdub sonra əlavə etdi: - Əntüğə çaçam var, gürcü dostlarım göndəriblər. Səynən də çoxdandı görüşmürük. Gəl vurağ özümüzçün yüz-yüz. Tək getmirdi, səən canınçün… Evdən də əla töyuğ qızartması qoyublar. Buranın yimeyləri bir şey dögül, mən ölüm… - deyib stolun altındakı balaca çantadan  bir şüşə ilə qızardılmış toyuğu çıxardıb stolun üstünə qoydu və ofisiantı çağırdı ki, iki dənə "stopka" gətirsin. Stəkanlar gələn kimi Məşədi çaçadan süzüb:


- Həci, mını içirəm lişni səən salığuva, - deyib stəkanını Hacının stəkanıyla toqquşdurub arağı başına çəkdi. Hacı da stəkandakı arağın yarısını içib  Məşədinin bu can-fəşanlığına minnətdarlığını bildirdi və:


- Xeyir ola, Meşədi, hara belə? Sən hara, Kürdəmir hara? - deyə soruşdu.

Məşədinin elə bil dərdi təzələndi:


- Eeh, ay Həci… Neyniyəcəm mən Kürdəmirdə? Tiflisə gedirəm, gürcü dostlarımın yanına. Day nə Baküdə "bakülük" qalıb, nə də Məştəğada "məştağəlük". Alə, bir-iki parnikdə güldən-zaddan əkib birtəhər dolanırduğ, indi onu da elüyə bilmirük. Alə, nə qaz verillər parniki isitməyə, nə mazut tapa bilirük. Hələ üstəlik işıqları da söndürüllər ki, oqraniçennidü, limit var. Bələ olanda mən də Məştəğada oturub neyniyəcəm e?.. Özün bilirsən da, məndə də iki qızdu, ikisü də ərdə. Kürəkənnərin  əlinə baxmiciyem ki… Yəxçü, sən xeyir ola? Baküyə gedürsən, yoxsa Şekiyə? - Məşədi Hacının da dərdli yerinə toxunmuşdu, Hacı da öz ürəyini ona açdı:


- Ay Meşədi, mən də hayindi geyirəm Bakiyə. Uşaxların yaana… Neçə ildi hər qış geyirəm. Hərəsinin öyündə bir-iki həftə qalanda yaz gəlif çıxır, sora da qayıdıram Şəkiyə. Ə, o sən diyənnər bizdə də var da… Neçə ildi qaz yox idi, gənə sağolsunnar, ötən il verdilər, amma unu da hammiyə yox… Hayindi biz tərəfdə, dimağ olar ki, yoxdu… Yanı gah olur, gah olmur... Vallah biirsən nətəridi? Ə, habı yolun altında var, üstündə yoxdu. Vallah mat qalmışam… Qonşular pul da yığıf veritdilər qaz idarəsinə ki, gəlif yolun üst tərəfinə qaz çəksinlər, amma hələ gələsidilər. Görəsən hayindi 10-15 dənə öyə qaz çəkmaxdan ötrü geyif icra başçısına, prezidentə qaz idarəsinnən şikayət eliyax?.. İşığı da ki, o bi dənə "Bayva" var ey, o gələnnən sora sutkada yeddi-səkkiz saat, lap çox olanda da doqquz saat verirdilər. Hayindi da, bir il olar ki, işıx da düzəlitdi, amma gənə arabir söndürüllər da… Mən də tək adamam, hövsələsiz, odun-zad alıf peş-zad qaliyə bilmirəm. Ona görə də həməşə qış gələndə geyirəm Bakiyə.  Bəs sən hayindi niyə Gürcustana geyirsən? Orda işıx-zad var? Qaz var? Bizdə hablar olmiyənnən sora, olarda hardandı?..


Məşədi Hacıya qulaq asdıqdan sonra stəkanlara yenə “çaça” süzüb öz stəkanını qaldırdı:


- Həci, həri, orda işığ da var, qaz da. Mən nə bilim hardandu, yəqin biz veririk də… Biz nə vaxt qonşularımızı darda qoymuşuğ ki?… Əşi, nə isə… Gəl mını da uşağların saluğuna vuraq, sora da mən sənə Baküdəki "Barmek" haqqında bir-iki kəlmə diyəcəm, - deyib arağı çəkdi başına. Ağzına bir tikə toyuğun ətindən qoyub başladı sözə:


- Ay Həci, alə Baküdə də bizim başhımıza o oyunu "Barmek" açır də… Zalım oğlu, gələn kimi şotçikləri dəyişdi, hamısını da yığdı seyf kimi bi şkafın içinə. Səən canınçün, heç nə iləmək mümkün döyül. Hələ bu bir yana qalsun, diyillər təzə şotçiklər özü də əvvəlkilərdən çox yazır. Kim də işığpulunu bir-iki gün gec versə haa,.. srazu gəlib kəsillər… Alə, bu "Barmek" var ha, Barmek döyül ki, işığ gələn deşiyə bormağ soxandu. O sizdəkinin adı nədü? Diyirsən "Bayva"du? Həci, bəlkə buların adını birreşdirek, qoyağ elə "Bar-Bay"?..  Hə?.. Necədü? Ya da ki, "Bay-Bar”, - deyib qımışdı. Deyəsən “çaça” Məşədini yavaş-yavaş tuturdu. Sonra fikrə gedib Hacıdan soruşdu:


- Bura bax, Abdulla, sən qabağlar ərağ içmirdün axı? Nouldu? - sonra özü elə bil sualına cavab tapmış kimi sevindi:


- Eeh, vapşe indi arağ içmiyib neyniyəsən? Amma yəxçü ərağ, day bizimkilər buraxan o girdürmələrdən yox da… - Hacı Abdulla Məşədinin sözünü yarımçıq kəsib:


- İlə hayindi də işmirəm ki… Habırda prosto səən görüf söyündüyümnən işdim, ay Meşədi. Yadındadı nətəri vaxtlar var idi? Tez-tez görüşərdox… - Burada Məşədi də Hacının sözünü kəsib:


- Demə ay Həci, demə… Yadındadu, Şəkiyə gəlmişdim, aparmışdun məni “Soyuq bulağa”, “Yeddi gözələ”, Xan sarayına… Nə gözəl vaxtlarımız vardı, ay Həci…


Elə bu vaxt bayırdan avtobus siqnalı eşidildi. Məşədi yeməkxananın pəncərəsindən boylanıb:


- Mənimki diyəsən tərpənmek istiyir, - deyib Hacı ilə sağollaşmağa başladı. Hacı da onunla birlikdə yeməkxanadan çıxdı. Çöldə Məşədi Hacı ilə qucaqlaşıb öpüşdükdən sonra Tiflis avtobusuna mindi. İki pillə qalxmışdı ki, geri çevrilib Hacıya:


- Həci, gəl oların adını "Bay-Bay" qoyağ, camaatı onsuz da həmişə qaranlığda saxlamıllar?.. Alə, bu da hamını bay-bay elətdirməkdü də… - Məşədinin axırıncı sözləri yeməkxanaya işıq verən generatorun gurultusuna qarışdı…


Hacı da gəldiyi avtobusa mindi. Maşının radiosunda  xəbərlər səslənirdi. Hacının qulağına çatan bunlar oldu ki, müqavilə şərtlərini yerinə yetirmədiyinə görə, “Bayva”nın ya hamısını, ya da yarısını ləğv edib veriblər “Azərenerji”nin tabeçiliyinə...

Şəki, 2006

 



Создан 25 авг 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com