ШЕКИ - НАБИБЕКОВЫ

LƏNƏTLƏNMİŞ VİCDAN

Müəllif: Baba Mirzəxanlı



Uşaqlıqdan nağıllara öyrəncəliyik.Yuxumuz ərşə çəkiləndə, şıltaqlığımız tutanda, nənələrimiz başımızı qatıb yuxuya vermək üçün bizə nağıl deyərdi. Tərslikdən nənəmizin nağıl repertuarı o qədər də çox olmadığından, eyni nağılı təkrar-təkrar söyləyərdi. Amma, insafən nənəmiz bu nağılları elə həvəslə söyləyərdi ki, istər-istəməz səsimizi içimizə çəkərək, diqqətlə qulaq asardıq. Əslində bizi nağıl qəhrəmanlarından çox, nağılın sonu maraqlandırardı. Həsrətlə nağılın sona çatmasını gözləyərdik ki, görək göydən üç alma nə vaxt düşür. Amma bu zəhrimara qalmış alma  da düşmürdü ki, düşmürdü. Düşsə də, bizə nə xeyri vardı ki. Biri olurdu  nənəmin, biri olurdu adını eşidib, üzünü görmədiyimiz Sənəmin, biri də nağıl danışanın. Yəni yenə nənəmizin. Əslində nənəmiz burda da bizə nömrə gəlirdi. Nə isə, beləcə nağıllara qulaq asa-asa böyüdük.
 İndi sizə kimdən deyim, nədən deyim, itkin düşmüş vicdandan. Ucsuz-bucaqsız yer kürəsinin bir küncünə sığınmış kiçik bir məmləkət var idi. Bu məmləkətdə vicdan yoxa çıxmışdı. Camaat isə öz işindəydi.Yenə köhnə qaydada qaçhaqaç, qovhaqovdu, yenə köhnə qaydada vurnuxurdular.Əllərinə nə keçirdisə çırpışdırırdılar və heç kimin ağlına gəlmirdi ki, nə isə çatışmır.
Bir çoxları özlərini hətta gümrah və sərbəst hiss etməyə başlamışdılar. Hər şey çox asan alınırdı. Yaxın adama badalaq vurmaq, yaltaqlıq etmək, yalan danışmaq, böhtan atmaq adi hal almışdı. Bütün bunların müqabilində insanlar özlərini sərbəst aparır, heç nə düşünmür və heç nə də onları kədərləndirmirdi. Sanki dünyanın bütün ixtiyarı bu xoşbəxtciyəzlərə verilmişdi. Bir sözlə bu cəmiyyətdə çatışmayan bircə şey vardısa, o da vicdan idi.
  Yazıq vicdan isə, əldən düşmüş halda yolun ortasında tapdanıb qalmışdı. Kim görürdüsə, lazımsız əşya parçası kimi götürüb kənara atırdı. Əgər yoldan ötən bədbəxt bir əyyaş onu götürməsəydi, səfil, yazıq vicdan, kim bilir nə qədər vaxt orada qalacaqdı. O bədbəxt də sərxoş olduğu üçün, hətta lazımsız əskiyə də tamah salmışdı. Bəlkə də “zakuska” bilib götürmüşdü. Birdən o bədbəxti elə bi ki, ildırım vurdu. Hiss etdi ki, yavaş-yavaş içindən ayılmağa başlayır. Sifətini qorxu qarışıq təşviş hissi bürüdü. Ömrünün ən gözəl çağlarını, ailəsindən, dörd körpəsindən necə ayrı düşdüyünü xatırladıqca, onu dəhşət bürüdü. Nədir onun keçmişi? Niyə o keçmişi başqa cür yox, bu cür yaşayıb. Bax, indi vicdan öz yerinə qayıdıb, axı indi bu vicdan onun nəyinə lazımdır.? O ki, hər şeyini itirib. Əyyaşın mənasız göz yaşları sel kimi axıb gedirdi. Xeyirxah adamlar əyyaşı inandırmağa şalışırdılar ki, onu ağladan şərabdır.
 O isə..-.Qardaşlar, bacarmıram, dözə bilmirəm-deyə ahu-zar edirdi. Kütlə anlamırdı ki, əyyaşın başı heç vaxt indiki qədər açıq olmayıb.Əgər yoldan ötənlərin özləri də belə bir şey tapsaydılar, onda başa düşərdilər ki, dünyada kədər də var, kədər də. Ancaq ən dəhşətlisi- qəfil oyanmış vicdandır. Kütlə özü də,  həmin əyyaş kimi kölə vəziyyətinə salınmış, mənəviyyatı pozulmuşdu.
  Zavallı əyyaş, hey fikirləşirdi ki, vicdanı necə başından eləsin, elə bu dəm, yoldan keçən polis onun yanında ayaq saxladı:
--Bura bax, yoxsa gizlincə həcv yazmaq fikrinə düşmüsən? Təkcə elə buna görə polisə düşərsən ha...
-- Zavallı əyyaş heç nə demədən, əlində vicdan bükülmüş əskini ona tərəf uzatdı. Polis bir göz qırpımında əskini alıb üzü bazara tərəf yollandı. Yol gedə-gedə, onu soyuq tər basırdı, halı birtəhər olurdu. Əvvəlki zalımlığından elə bil ki, onda əsər-əlamət qalmamışdı. İstədi geri qayıtsın, bildi ki, heç nə alınmayacaq. Soyuqda-boranda bir tikə çörək pulu qazanmağa gələn adamların üstünə necə qışqıracaq, necə onlardan haqq tələb edəcək ? Amma yenə yoluna  davam etdi. Bazarın giriş qapısının ağzında dayanan dilənçini görəndə halı dəyişdi. Sanki əvvəlki qəddarlığından  əsər-əlamət qalmamışdı. Hər dəfə dilənçinin böyrünə bir təpik vurub keçərdi ki, burdan rədd olub getsin. Bu dəfə isə, nədənsə ayağı qalxmadı, əksinə, cibindən on beş şahı çıxarıb dilənçiyə verdi. Dilənçi gözlərini döyə-döyə, təəccüblü halda əlini açıb pulu götürdü. Daha sonra onu görüb, yazıq-yazıq yerdə xırda-xuruş satan qadınlara üzünü tutub salamlaşdı. Sonra bütün bazarı dövrə vurub, hamı ilə hal-əhval tutdu. Arada ona haqq vermək istəyən məzlum birinin əlini  mehribanlıqla geri itələdi:- Qardaş,  mənə lazım deyil, apar balalarına xərclə. Bazar əhli polisin bu günkü davranışına lap məəttəl qalmışdı. Hamı fikirləşirdi ki, görəsən polisə nə olub?  Heç kim bilmirdi ki, onu bu hala gətirən cibindəki vicdan idi.
  Nə isə, polis axşam cibi boş, alnı açıq evə qayıtdı. İnsafən həmin gecə çox rahat yatdı.Səhər duranda anladı ki, heç evə əməlli-başlı bazarlıq etməyib. Belə getsə bu vicdan deyilən şey onu və ailəsini ac qoyacaq.Yox, nə olursa olsun, bu lənətə gəlmiş vicdanı başımdan etməliyəm. Bu fikirlə küçəyə çıxıb, yavaş-yavaş addımlayırdı ki, gördü qabaqda bir maşın dayanıb.Yanında bir nəfər şux geyimli adam əl-qolunu ölçə-ölçə, böyür-başındakılara göstəriş verir. Polis yaxınlaşanda gördü ki, bu adam mötəbər bir idarənin mötəbər bir rəisidir. Odur ki, müti şəkildə görüşüb təzim etdi. Mötəbər adam polisə rişxəndlə: -Ə, buralarda niyə qayda-qanun yaratmırsınız, əməlli-başlı yolumuzu da gedə bilmirik. Polisin bir söz deməyə cürəti çatmadı.       Mötəbər adam əmr şəklində--al bunu apar maşına qoy--deyə bayaqdan əlində tutduğu pencəyi
 polisə uzatdı. Polis üçün bu təklif  lap göydən düşmə oldu. Bir göz qırpımında dünəndən ona     əzab verən vicdanı cibindən çıxarıb, mötəbər adamın pencəyinin cibinə qoydu və sakitcə ara-  dan çıxdı.
 İndi nağılın gerisinə qulaq asın, görün nə oldu?  Mötəbər adam düşdüyü yeri xeyli seyr etdik -    -dən sonra maşınına tərəf getdi. Pencəyini ədəb-ərkanla əyninə geyib, maşında əyləşdi.
 Sürücüyə tapşırdı ki, getmək lazımdır birbaşa idarəyə. Elə bir az getmişdilər ki, mötəbər adamın halı dəyişdi.  Özünü birtəhər hiss etdi.İllər boyu təhqir etdiyi,  qapısında süründürdüyü insanların halına acıdı. Elə yol gedə-gedə, küçələrdə vurnuxan insanların acınacaqlı həyat tərzindən odlu-alovlu danışdı. Sürücü lap məəttəl qalmışdı ki, görən şefə birdən-birə nə oldu belə dəyişdi. Başqa vaxt yol gedərkən insanlara həqarətlə baxar:-- qırılası millətdi --deyərdi. Nə isə, nağıl ömrü qısa olar deyərlər. Mötəbər adam idarəsinə çatdı. Gördü ki,qapısının ağzında xeyli adam növbəyə durub, onun yolunu gözləyirlər. Başa düşdü ki, bu gün qəbul günüdür. Adamlarla gülümsünərək salamlaşdı. Dedi-tələsməyin, hamınızı qəbul edəcəyəm, lap iş vaxtı sona yetsə də.
Adamlar lap məəttəl qalmışdılar. Başqa vaxt olsaydı qaş-qabağını tökər:-- bu gün vaxtım yoxdur,  heç kimi qəbul etməyəcəyəm--deyə amiranə şəkildə katibəsinə üz tutardı. Amma bu dəfə bacarmadı. Cibindəki vicdan buna imkan vermədi.
O gün mötəbər adam iş vaxtından xeyli keçməsinə baxmayaraq hamını bircə-bircə qəbul  edib dinlədi. Kimsəni naümid yola salmadı. Kimsədən bircə manat da olsa rüşvət almadı. Üstə lik üz-gözünü tük basmış bir qocanın cibinə 50 şahı pul da qoydu ki:-- əmi get üz-gözünü təraş   etdir, qarnını da doydur.
        Bir sözlə mötəbər adamın bu günkü davranışına onun haray-qışqırığına vərdiş etmiş katıbəsi
də məəttəl qalmışdı.Nə isə mötəbər adam axşam işdən evə yollandı. Xanımı vərdiş etmişdi ki, hər evə gələndə masanın üstünə xeyli pul töksün. O da sayıb aparıb lazımi yerinə qoysun.
 Ancaq bu dəfə belə olmadı. Oturub çay içə-içə kövrəldi. Onun bu hərəkəti övrətinə qəribə gəldi. Dedi--ay kişi xəbərin var, mağazaya təzə mebel gəlib. Qonşumuz alıb, biz də dəyişək də. Bu
andıra qalmışları biz nə vaxt dəyişəcəyik? Artıq üç ildir bunlar evdədir. Mötəbər adam qayıtdı      ki,arvad sən nə danışırsan, millət yeməyə çörək tapmır, sən başlamısan mebel belə getdi, 
mebel belə gəldi. Dur yerimi rahatla yatıram. Beləliklə mötəbər adam adam yerinə  uzandı. Amma arvadının donqultusu uzun zaman kəsilmədi. Arvadının –buna bax, nə vaxtdan                                                                                             millət dərdi çəkən olub-sözləri dönə-dönə qulaqlarında səsləndi. Səhər durub işə yola düşərkən fikirləşdi ki, yox bu vicdan deyəsən mənim ailəmi birtəhər edəcək. Arvadı da pis öyrətmişəm, o hardan bilsin ki, vicdan nə olan şeydir. Axı mənim vicdanım arvadın nəyinə gərəkdir?  Ona pul lazımdır,bəzənib-düzənib qürrələnsin. Beləcə mötəbər adam fikirli-fikirli gəlib çıxdı iş yerinə. Elə ki, keçib kabinetində fırlanan kreslosunda əyləşdi, telefonun gur səsi eşidildi. Dəstəyi qaldıranda kiminsə zəhmli səsi eşidildi:-- Bura bax, sən o məsələni təcili həll et.(yuxarının haqqının vaxtı çatdığını indi anladı). Yoxsa səninlə başqa cür danışaram. Mötəbər adamın başı fırlandı. Əvvəlcə elə bildi ki, fırlanan kreslodu.Sonra aydınlaşdırdı ki, yox kreslo yox, başıdı fırlanan. Bir qədər keşmiş özünə gəldi. Öz-özünə danışmağa başladı.Yox, bu lənətə gəlmiş vicdanı necə olur-olsun özümdən uzaqlaşdırmalıyam.Elə bu fikirdə idi ki, katibə içəri girib dedi ki, bəs bayaqdan qapının ağzında bir nəfər sizi gözləyir, deyir hansısa qəzetdənəm. Başqa vaxt müxbir adı çəkiləndə üz-gözünü turşudan rəis bu dəfə nə fikirləşdisə, sevincək—de gəlsin- dedi. Bir qədər keçmiş, iri gövdəli, uzun və enli qalstuklu bir nəfər irişə-irişə qapıdan içəri girdi. Rəis--buyurun-deyə yer göstərdi. Müxbir, simasında açıq-açığına yaltaqlıq əlamətləri duyula-duyula mötəbər adama üzünü tutaraq –siz xalqa böyük xidmətlər  göstərmisiniz. İstəyirik biz də qəzetçi kimi sizin xidmətlərinizi qəzetimizdə işıqlandıraq--deyə əzilə-əzilə mızıldandı. Mötəbər adam ürəyində--ay sənin başın üçün ha, yaman da xidmətlərim  olub ha-- deyə-deyə süni təbəssümlə müxbirə yanaşdı, əlində tutduğu 10 şahını əskiyə bükül müş vicdanla birlikdə müxbirin cibinə basdı və keçib rahatca yerində oturdu. Qəzetçi buna bənd imiş kimi:-- sağ ol-- deyə-deyə otağı tərk etdi.
 İndi sizə kimdən deyim, həmin qəzetçidən. Bu qəzetçinin işi-peşəsi qəzetində onu-bunu tərifləyib , əvəzində onlardan qəpik-quruş alıb, ailəsinə çörək pulu qazanmaq idi. Millətin dərd-sərindən bircə cümlə belə yazmazdı. Qəzetin də ki, kimsə oxumazd. Beləcə qəzetçi iş otağına çatıb qələmi əlinə aldı, tamamilə fərqli şeylər düşünməyə başladı.Tərifi-filanı tamamilə unutdu. Başladı, nə başlayasan. Nə qədər həqiqət bilirdi hamısını açıb tökdü. Yüksək rütbəli bir məmurun ona məlum olan cinayət əməllərini bircə-bircə kağıza köçürdü.
  Elə ki, qəzet ərsəyə gəldi, aləm bir-birinə dəydi. Əvvəllər heç kimin üzünə baxmadığı qəzet, indi əldən-ələ gəzirdi. Müxbirin şəninə təriflər yağdırırdılar. Ertəsi gün o, işdən çıxıb məğrur-məğrur evə yollanarkən, tindən qəfil çıxan qoçuların hücümüna məruz qaldı. Yazığı o günə saldılar ki, ayılanda özünü təcili yardım xəstəxanasında gördü. Başının üstündə duran həkim ayıldığını görüb ondan  soruşdu:
--Səni kim bu günə salıb?   
--  Yazıq qəzetçi döyülməkdən şişmiş dodaqlarını güclə aralayıb mızıldadı: “Vicdan” -lənətə gəlmiş “vicdan”.
Qəzetçi xəstəxanada müalicə olunmağında olsun, sizə kimdən deyim, bədbəxt vicdandan.Qəzetçi döyüləndən sonra əskiyə bükülmüş vicdan yerə düşüb qalmışdı. Ordan təsadüfən keçən bir tüfeyli onu götürüb bir müddət gəzdirdi.Çox ora-bura dolandı. Lakin heç kim ona sığınacaq vermək istəmədi. Nəhayət o yazıq da başını soxmağa yer tapmadığından, vicdanı atmağı qərara aldı. Elə bu dəm vicdan dilə gəldi:
--Bilirsən, mən bu cəmiyyətdə heç kimə lazım deyiləm. Mən insanlara fəlakət gətirirəm. Ona görə də məni lənətləyirlər.Yaxşısı budur sən mənə kömək et, mən körpə bir uşağın qəlbinə girim, bəlkə o mənə sığınacaq verə. Məni öz qəlbində gəzdirməyə ar etməz.
  Necə dedisə meşşancığaz elə də etdi. Balaca bir uşaq tapıb,  onun təmiz qəlbini açıb, vicdanı ora gizlətdi. Körpə uşaq boy atdıqca, onunla birgə vicdan da böyüyüb artırdı.
 Uşaq böyüdükcə vicdan da böyük  olacaqdı. Onda bütün yalanlar, riyakarlıqlar, hər cür zorakılıq itib batacaq, insanlar rahat yaşayacaqlar.
 Bəli, sevimli oxucular, nağılımız burada bitir. Göydən üç alma düşür demirik. Axı biz uşaq deyilik ki, yenə də nağıllara inanaq. Mən sizlərə xoşbəxt, ədalətli bir cəmiyyət arzulayıram. Belə...
Hörmətli  Baba müəllim!
Baş redaktoru olduğunuz “Region-Mediası” qəzetinin nəşrindən 12 il ötdü. Əslində 12 il zaman bir cəmiyyət ki, bu cəmiyyətdə vicdan hər bir kəsin qəlbində özünə daim yer tapsın. Daha bu nağılda söylədiyimiz kimi lənətlənməsin.



Создан 17 дек 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com