ШЕКИ - НАБИБЕКОВЫ

YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR... (Yazarın arxivindən)

Müəllif: İradə Tuncay



Загнанных лошадей пристреливают, не правда ли?

 

60-cı illərin məşhur bir filmi var: "Yorulmuş atları güllələyirlər, elə deyilmi?". Ceyn Fonda bu filmdə baş rolu oynayırdı. Qısa məzmununu xatırladım - 30-cu illərin Amerikası - Böyük Depressiyanın yıxıb-dağıdan vaxtıdı. Aclıq çəkən, iş tapa bilməyən bir qrup adam rəqs marafonuna qatılır. Bu yarışma elə-belə yarışma deyil, gecə-gündüz meydançada olub rəqs eləməlisən. Arada bir neçə dəqiqə fasilə verirlər ki, yemək, su, tualet ehtiyaclarını ödəyəsən. Azacıq dinclikdən sonra yenə qayıdırsan meydançaya, rəqs edirsən. Saatlarla, günlərlə, aylarla. Yarışın sonu görünmür, aradabir yarışmaçılar sıradan çıxırlar. Yıxılan kim, ölən kim, dəli olan kim. İşdi əgər partnyorun yıxılsa, bir neçə saat ərzində sənə tək oynamağa icazə verirlər. Əgər bu bir neçə saat ərzində yeni partnyor tapmasan, səni də yarışmadan çıxarırlar. Hər kəs bir-birinin yıxılmağını, düşməyini gözləyir. Hər kəs bir-birinin gözlərinə nifrətlə baxır. Ətrafda tamaşaçılar oturub seyr edirlər. Onların öz favoritləri var, mərcə girənlər var, pul qoyanlar var, lap at yarışmalarındakı kimi. Finişə çatanları isə deyilənə görə, böyük mükafat gözləyir. Bu, ölüm-dirim mübarizəsidi. Sonda aylarla, günlərlə davam edən marafonun finalçısına deyirlər ki, heç nəyə ümidli olmasın. Mükafat üçün ayrılmış pulu onun yeməyinə, geyiminə xərcləyiblər. Və bu marafon da nə qədər adamın başını qatmaq üçün bir vasitədi. Finalçı qadın intihar qərarına gəlir. Özü bu aktı icra edə bilmədiyindən tərəfmüqabili olan oğlanı onu öldürməyə məcbur edir.
Загнанных лошадей пристреливают, не правда ли?
 

Bu film Ceyn Fondanın yaradıcılığında ən parlaq işlərdən biridir. "Oskar"a təqdim olunsa da, ala bilməyib. Amerikalıların içində də vicdanlı adamlar var. Və onlar zaman-zaman kapital dünyasının bəşəriyyətə gətirdiyi faciələri təsvir edə bilirlər. Filmin adı isə çox şey deyir - Yorulmuş atları güllələyirlər. Yadımdadı ki, ilk dəfə bu filmi seyr edəndə uşaq idim və Böyük Depressiya sözü ilə tanışlığım bu film vasitəsilə olmuşdu. Sonra Steynbekin "Qəzəb salxımları"nı da oxudum. Bu əsər də 30-cu illərdə yaşanmış iqtisadi, həm də mənəvi böhrana həsr olunub. Amma nəsə son illər bu filmi tez-tez xatırlayıram. Özlərini satışa çıxaranları gördükcə, pula iman gətirənlərin artdığına baxdıqca, bütün dəyərlərin itdiyini ürək ağrısı ilə izlədikcə xatırlayıram. Yəqin ki, günümüzdə baş verənlər də nə zamansa böyük əsərlərin mövzusu olacaq.

Uzun müddət 30-cu illərdə dünyada baş verən iqtisadi çöküşü Böyük Depressiya adlandırıblar. İndi nəsə depressiya sözünə ehtiyatla yanaşırlar. Ancaq böhranla depressiya arasında nə qədər məsafə var ki?!

... Birinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatların iqtisadiyyatı görünməmiş templərlə yüksəlməyə başladı. Səbəb isə sadə idi - müharibə vaxtı bütün dünyanın varlıları öz qızıl ehtiyatlarını ora köçürmüşdü. 1913-cü ildən 27-ci ilə qədər milli gəlir 32 milyarddan 89 milyarda yüksəlmişdi. Sənayedə, fond və daşınmaz əmlak bazarında əməlli qalxınma nəzərə çarpırdı. Torpağın və daşınmaz əmlakın bahalanma prosesi başlayırdı. Siyasi mübarizə arxa plana keçmişdi. Ancaq şirkətlərin gəliri üç dəfə artsa da, sadə insanların qazancı yerində saymaqda idi. Lakin hər bir halda həyat səviyyəsi yüksəlirdi. Orta statistik amerikalının evində maşın, telefon, qramafon yayğın hala gəlir. Dövriyyədə olan pul kütləsinin sayı durmadan yüksəlir. Və nəticədə 1921-29-cu illərdə dövlət büdcəsindəki kəsir artmağa başlayır. Çünki pulun qızılla tənzimlənməsi prosesi pozulur. Kağız üzərindəki yalançı rəqəmlər şişdiyindən (iqtisadçılar bunun izahını daha yaxşı verə bilərlər, amma böhran deyilən bu məsələ başlayandan bunu bizə adam dilində başa salacaq bir söhbət eşitmədim). 29-cu ilin oktyabrında aksiyaların qiyməti kəskin düşməyə başlayır. Və bir neçə həftə ərzində Birləşmiş Ştatlar Birinci Dünya Müharibəsində xərclədiyindən daha ciddi itkilər verir. Bank sisteminin çöküşü başlanır, kreditlərin verilməsi dayandırılır, panika içərisində olan insanlar banklardan pullarını çəkməyə çalışırlar. Aksiyaların düşməyi təxminən 20-25 milyon insanın maraqlarına toxunur. Ancaq bir məsələ var ki, böyük əksəriyyət pulunu itirsə də, kiçik bir qrup bundan yararlana bilir - vaxtında kağızı qızıla çevirdiyi üçün. Böyük Depressiya zamanı qiymətlər də kəskin şəkildə düşür. Və təbii ki, iş yerləri bağlanır, ticarət əlaqələri zəifləyir və sonda bütün ümidlər puç olur. Maddi böhran mənəvi böhrana keçid alır. Bu, depressiya deyilsə, nədi? Çünki burda yalnız iqtisadi yox, həm də psixoloji, mental elementlər də mövcuddur. İnsan cəmiyyəti depressiv çabalarla əlləşərkən intiharlar dalğası artır, cinayət adi hal alır, lokal üsyanlar çıxır. Kimsəyə gücü çatmayanlar özünü öldürür, azacıq iradəsi olanlar müqavimət göstərməyə çalışır. İqtisadçıların dediyinə görə, Böyük Depressiyanın iki vacib xüsusiyyəti vardı: birincisi, böhran bütün dünyanı əhatə etmişdi, qlobal idi. Dünyanın qüdrətli dövlətləri, sənaye və təsərrüfatın bütün sahələri öz nəsibini almışdı. İkincisi isə sinxron idi. Yəni Birləşmiş Ştatlar və Almaniyanı dərindən sarsa da Fransaya ötəri toxunmuş, Böyük Britaniyanı isə azacıq tərpətmişdi. Mərkəzi Avropanın, Cənub-Şərqi Avropanın, Asiyanın, Latın Amerikasının aqrar ölkələrinə isə tam dağıdıcı təsir etmişdi. Dövlətlər arasında manevr imkanları azaldığından ticarət və valyuta savaşları başlayır. 1931-ci ildən 76 ölkə gömrük rüsumlarını artırır, idxala kvota qoyulur, südü okeana tökürlər, Braziliya kofesini asfalt əvəzi yollara döşəyirlər, ocaq yandırmağa sərf edirlər. Yüksək qiymətləri saxlamaq üçün. Nəticə isə o olur ki, müxtəlif ölkələrin iqtisadiyyatı bir-birindən kəskin aralanır, çəpərlənir və inam yox olur.

1932-ci ildə Franklin Delano Ruzvelt Amerikada prezident seçkilərində qələbə qazanır. Nəzərə alsaq ki, 32-ci il Depressiyanın ən ağır ili kimi qiymətləndirilir, Ruzveltə inamın nə qədər güclü olduğunu anlamaq olar. Yeni prezident ölkəyə "yeni kurs" vəd edir. Ayıq və hər yeniliyə açıq siyasətçi bir çox güzəştlərə gedə bilir. Sosial-iqtisadi islahatlar aparır, daxili siyasətdə vacib tədbirlər həyata keçirir. Nəticədə 36-cı il seçkilərində o vaxt mövcud olan 48 ştatın 46-sı Ruzveltə səs verir. Bundan sonrakı 40 və 44-cü il seçkilərində də Ruzvelt prezident seçilir, yəni dörd dəfə. Amerika tarixində unikal hadisədi. Yalnız Ruzveltin ölümündən sonra Amerikada iki müddətə prezident seçilmək haqqında qanun qəbul olunur. Təbii ki, hər kəs, hər prezident Ruzvelt ola bilməz. Parlaq natiq olan bu şəxs xalqa apardığı dövlət siyasətinin, iqtisadi islahatların məzmununu açmaqdan çəkinmirdi. Mütəmadi olaraq radio ilə xalqa müraciət edirdi və sonralar bu çıxışları "buxarı ətrafı radio söhbətləri" adlandırdılar. Fiziki çatışmazlığı ona səfərə çıxmağa imkan verməsə də, Ruzveltin xalq içərisində nüfuzu çox böyük idi. Deyək ki, Böyük Depressiya Amerikada Ruzvelti hakimiyyətə gətirdi. Amma Avropada Hitler, Mussolini, Franko yetişdi. SSRİ-də isə hakimi-mütləq Stalin idi. Böyük böhranlar böyük müharibələr doğurur, böyük dəyişmələr doğurur. Böhranlar həm ölkə daxilində, həm də beynəlxalq münasibətlərdə gərginlik yaradır. Böyük Depressiyanın ardından İkinci Dünya Müharibəsi gəldi. Savaş nəticəsində isə dünya yenidən bölündü. İki düşmən koalisiya yarandı. Özü də elə düşünməyək ki, belə terminlər yalnız yeni tarixə aiddir.

... Hələ Roma İmperiyasının qüdrətli dövründə müstəmləkələrdən axıb gələn var-dövlət Roma pulunun inflyasiyasına səbəb olmuşdu. Və bu barədə tarixdə Siseronun Senatdakı məşhur nitqi məlumdur. Siseron böhranın səbəbini ucqarlarda axtarır və daha çox vassalları ittiham edir. Təbii ki, o zamankı zənginlik də harınlıq yaratmışdı. O dövr Roma əxlaqı haqqında oxuduqlarımız nəsə bir təsəvvür verə bilər. Böhran Roma cəmiyyətinin bütün təbəqələrini əhatə etmişdi. Nəticə nə oldu? Antik dünyanın süqutu, yeni eraya keçid, yeni əxlaqın bərqərar olması, yeni dünyanın (xristianlığın) yaranması.

Orta çağlarda isə Avropa inflyasiya ilə XVI əsrdə tanış olur. Eyni səbəblərdən - müstəmləkələr artdığından, ucqarlardan mərkəzə qızıl axdığından, həyat bahalılığından, qiymət artımından. Həmin dövrü dəyərləndirən tarixçilərin sözünə görə, "İspaniyanı var-yoxdan çıxaran onun zənginliyi idi". Bəzi tarixçilər isə bunu əhali artımı ilə əlaqələndirirlər. Kəndlilər böyük şəhərlərə üz tuturlar, əmək haqqı qiymət artımından geri qalır, böyük bir dilənçilər ordusu yaranır, iri torpaq sahibləri maksimal gəlir əldə etməyə çalışır, hökumətlər isə vergiləri artırmaqda davam edirlər. XVII əsrin ortalarına qədər eyni proseslər davam edir. Kapitalizmə keçid üçün münbit şərait yaranır. Kilsə Reformasiya ideyalarını təbliğ edir və artıq sələmçiliyə günah kimi baxılmır. İnkişaf bütün sahələrdə özünü göstərir, hətta hərbdə də. Nizami ordu hissələri yaradılır. Yeniliklər bir-birini əvəz edir və nəhayət, "Milli dövlət" anlayışı meydana gəlir. Hakimiyyət, qanun, güc, azadlıq haqqında əsərlər yaranır. Makiavellinin əsrarəngiz obrazı bu günə qədər insanları cəzb edir. Mənə görə, Makiavellinin dediyi "Roma kilsəsinə yaxınlaşdıqca insanlar dindən bir o qədər uzaqlaşırlar" ifadəsi hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq eləmək olar.

... Mən bu gün nə qədər xatırlatmalar elədim. Yəqin ki, izlədiyiniz bu proseslərin içərisində öz həyatınıza tanış gələn nə qədər epizodlar gördüz. Yəni hər zaman eyni proseslər gedir. İnsanlar varlanırlar, zənginləşirlər, sonra harınlayırlar, bütün dəyərləri, prinsipləri unudurlar, Allahsız olurlar. Sonra böhran başlayır - maddi, mənəvi. İntiharlar, cinayətlər, müharibələr. Bir azacıq özlərinə gəlirlər, sakitlik yaranır, yeni dövrə keçid alırlar. Xronoloji ardıcıllıqla baxsaq, tarixə məlum olan ilk böhrandan sonra yeni ideologiya - xristianlıq gəldi. Orta əsrlərdəki böhrandan sonra protestantizm və kapitalizm bərqərar oldu. XX əsrin 30-cu illərində nasizm, kommunizm ideyaları tətbiq olunmağa başladı və dünya sosialist və kapitalist düşərgələrinə bölündü. XXI əsrin başlanğıcında bizi nə gözləyir? Yaşaya bilsək, görəcəyik.

... O filmi heç unuda bilmirəm, Sidni Pollakın məşhur filmini: "Yorulmuş atları güllələyirlər, elə deyilmi?". Amerikalı olanda nə olar? Orda da vicdanlı adamlar yox deyil. Bu film Ceyn Fondanın şəxsiyyət kimi formalaşmasına güclü təsir etmişdi. "Oskar"a təqdim olunan filmə mükafat verməmişdilər (ola bilər siyasi-ideoloji çalarlarına görə). Solçu qruplara qoşulan aktrisa sonradan müharibə əleyhinə bütün kampaniyaların iştirakçısına çevrilmişdi.

Yorulmuş atları güllələyirlər... Marafon hələ sona çatmayıb, möhkəm olun!

Adalet.az
(2009-cu il, mart)
Загнанных лошадей пристреливают, не правда ли?



Создан 29 янв 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com