ШЕКИ - НАБИБЕКОВЫ

Məni yaman döydülər…

Müəllif: Hidayət Elvüsal



O gün dostum Vəli Xramçaylı ilə rastlaşdım. Dedim:


- Şair, hara gedirsən?


Ah çəkdi:


- Qardaş, başıma iş gəlib. O gün Qazaxda olmuşam. Bakıda bizim məhlənin camaatı piket keçirib. Polis də onları döyüb. İndi gedirəm polisə.


- Yəni şikayət edəcəksən?


- Ayə, nə şikayət? Demirəmmi burda olmamışam. Gedirəm, mənim də dubinka payımı vursunlar. Eşitməmisənmi, sıradan qalan qoturdur!


Və yadıma illər öncəsi baş verənlər düşdü...


O vaxt məni elə döydülər ki, sümüklərim sızım-sızım sızıldadı. Ona görə döydülər ki, göz açandan bəri tamarzı qaldığım demokratiyadan bir çimdik dadmaq istəyirdim. Qara dubinkanı təpəmə elə vurdular ki, gözlərimin ağı qıpqırmızı oldu. İstədim fani dünyanın hər yerində olduğu kimi parlament nümayəndələrinə, yəni xalqın bəyənib seçdiyi deputatların üstünə gedib dərdimi dəyim, gördüm baho, polis şükürlüdür. Onlar elə sözlər deyirlər ki, dubinka şükürlüdür. Qaçqınların pulunu kəsin, pensiyaları azaldın. Rusiyaya gedənlər “atxotdu”…


Balam, bu demokratiya bizə ziyandı də. Ona görə də mənim polisim məni həm qoruyur, həm də çığnayır. Ona görə qoruyur ki, əl çalım, ona görə çığnayır ki, lal olum.


Müsəlmanlar, aman günüdü, ona-buna qoşulub Tanrıdan çörək, hökumətdən demokratiya istəməyin. Çünki bunlar da qıt mal kimi əlaltdan verilir, özü də seçmə adamlara. Ay yazıq müsəlman, tutaq ki, bunlardan sənə də verdilər, alacaqsan? Sən də özünü onlara oxşatmaq istəyirsən? Ay-hay! Gözünün ikisini də basıb bir deşikdən çıxararlar. Sənə demokratiya versələr, onların özlərinə, yeznələrinə, kirvələrinə, bibilərinə, əmilərinə, məşuqələrinə nə qalar? Vəzifə, əda, stol, maşın, pul onların boyuna biçilib, atam balası.


O gün mənə dedilər ki, sənin abrın-həyan yox imiş. Ə, səni bu qədər döydülər, söydülər, töhmətlədilər, yıxıb sürüdülər, evsiz qoydular, təqaüdünü kəsdilər, qarnının üstünə çıxdılar, yenə ağıllanmadın. Vallah, bir gün başına bir qırmızı güllə vurub, deyəcəklər ki, əl Kaidənin işidir. Qanın da batacaq, adın da. Ə, sənə nə var, xalqı döyürlər? Nə işinə qalıb ki, camaatı təpiyin altına salırlar? Canıyanan çıxmısan? Yəni demək istəyirsən ki, buna əmr verən adamlar sənin qədər bilmirlər? Pahatonnan! Hələ talonla əlli qram demokratiya alsanız, gör nələr eliyərsiniz, ə, siz?


Amma düzünü deyim ki, məni döyən kimi ağıllandım. Çox şeyi başa düşdüm və özümü yığışdırdım. Həm də fikirləşdim ki, yaxşı elədilər döydülər, dubinka təkcə mənə dəymədi ki, camaatı da döydülər. Çünki bizdə hamıya bir gözlə baxırlar. Çünki bizdə başqa yerlərdə olduğu kimi heç kəsə fərq qoymurlar, ayrı-seçkilik eləmirlər. Azadlıq, demokratiya, bərabərlik bu deyil, bəs nədi, ay naşükür bəndələr? Əgər sizi döyüb, məni döyməsəydilər, o saat deyəcəkdiz ki, onun qaşı-gözü qaradı? Yaxud bir jurnalisti, yazarı döyüb sizə yaxın gəlməsəydilər, yuxarılara teleqram vuracaqdınız ki, camaatı saya salmırlar, hökumətin qara dubinkasını da bizdən əsirgəyirlər.


Amma mənim bəxtim bu dəfə də gətirdi. “Bəsdi!” – deyincə döyülüb, kef çəkirəm. Dünya vecimə deyil. Öz gözlərimlə gördüm ki, bəzi məsələlərdə Avropanı-zadı doğrudan ötüb keçmişik. Debinkanı onlar icad eləsələr də, bu qara zopa bizim ölkədə də populyar olub. Həm də avropalıların nə canı var, ə? Bizə dəyənin onda biri onlara dəysə “Oy mami!” – deyib cəhənnəmə vasil olarlar.


Amma biz döyməkdə də, döyülməkdə də hamıya nümunəyik. Ürəyimiz daş, canımız bərk, azad və firavan, ağ gündə, əlimizdə dubinka, döyülə-döyülə gələcəyə doğru sürətlə şığıyırıq…


İnanmırsınız, Vəli Xramçaylıdan soruşun.

Mənbə: Modern.az

 



Создан 06 фев 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com