ШЕКИ - НАБИБЕКОВЫ

Fantast yazıçının Marsda dəfni (Hekayə)

Müəllif: Firuz Mustafa



(yarımçıq povest haqda hekayə)



Qış bir xeyli geşiksə də, nəhayət özünü göstərə bilmişdi.

Bu tərəflər bəlkə də çoxdan bəri belə qar görməmişdi.

Sanatoriyada dincələn, müalicə alan yaşlı adamlar həyətdə uşaq kimi atılıb-düşür, qışqıra-qışqıra qartopu oynayırdılar.

Növbəti müalicə “prosüduralarımı” qəbul edib otağıma çəkildim. Sanatoriyaya üç-dörd gün idi ki, gəlmişdim. Hələ on gün burada qalacaqdım. Əvvəlcə ikinəfərlik otaq təklif eləmişdilər. Razı olmadım. Təkliyi sevən adamam. Üstəlik də haymarit adlanan azar məni çox narahat edir, çətinliklə nəfəs alıram. Həkimə də dedim ki, gecələr durub gəzişirəm, yazı-pozu ilə məşğul oluram. İstər-istəməz işığı yandırmalıyam. Bir sözlə, mənimlə bir otaqda qalan adam zülm çəkməli olacaq. Razılaşıb ayrıca otaq verdilər. Qaldığım otaq isti idi. Mən istini çox sevən adamam.

Sanatoriyaya gələndə özümə söz vermişdim ki, heç nə yazmayım. Amma hiss edirdim ki, vədimə əməl etmək çətin olacaq. Bir də ki, mən o sözü özümçün, həm də heç kəsin şahidliyi olmadan vermişdim. Yəni vədimi pozacağım təqdirdə belə, ciddi məsuliyyətə cəlb olunmayacağım məlum idi.

 
Mən bu sanatoriyada dincəlməyə çoxdan alışmışam. Yadımdadır, burada ilk dəfə ötən əsrin 80-ci illərində olmuşam. O vaxtlat bu müalicə ocağına Rusiya, Ukrayna və Belarusiyadan gələnlər daha çox olurdu. İndi həmin ölkələrin sakinləri müalicə və istirahət üçün daha çox Avropaya, lap elə Türkiyəyə gedirlər.


Hə, birdən o da yadıma düşdü ki, düz otuz il öncə burada dincələrkən dişimi müalicə etdirirdim. Diş müalicəsi gedən vaxt birdən-birə sifətimin sol tərəfinin keyidiyinin, yanağımın dartıldığının fərqinə vardım. Sən demə, “sifət” paraliçi keçirmişəm. İstirahətimi yarımçıq qoyub Əhmədlidəki nevroloji xəstəxanaya müalicə almağa getdim. Həmin dövrdə “Alın yazısı” adlı bir hekayə də yazdım. Əslində həmin hekayənin qəhrəmanı gənc alim elə qismən mən özüm idim. Və orasını da deyim ki, mən heç vaxt öz obrazımı öz yazılarıma gətirmək niyyətində olmamışam. Çünki hər yazının öz qəhrəmanı olur. Amma orası da var ki, hər bir obrazın həyatında yazıçı həyatından da nəsə bir pay olur.


Burada sonuncu dəfə deyəsən iki il, bəlkə də üç il əvvəl olmuşdum. Yox, o vaxt dincəlməyə deyil, burada müalicə alan bir dostuma baş çəkməyə gəlmişdim. Dostum yaşlı, ağsaqqal, həm də məşhur bir adamdı. Şair idi. Onun bir çox şeirlərini siz hələ orta məktəbdə oxuyarkən əzbərləyib öyrənmisiz. Biz onunla dəniz sahilində gəzişir, qağayılara tamaşa edir, sonra yaxınlıqdakı çayxanada çay içirdik. Arada bir-iki qədəh araq içməyimiz də olurdu. 


Mən yenə sahildə gəzir, qağayılara tamaşa edirdim. Artıq dostum yox idi. Təkcə burada yox, o, həyatda da yox idi. Bir neçə gün öncə tanınmış şair vəfat etmişdi. Biz onu qarlı bir gündə torpağa tapşırdıq. Mən indi nədənsə birdən-birə rəhmətə getmiş dostumu xatırladım.


Bu il Türkiyə və Rusiya teatrlarında pyeslərim tamaşaya qoyulmuşdu. Çoxcildliyimin ilk cildi nəşr olunmuşdu. Yeni tarixi dram üzərində iş gedir. Bir sözlə, çox yorulmuşdum. Dincəlmək istəyirdim. Səhhətimdə müəyyən problemlər yaranıb.


Elə ilk gündən burada, dəniz sahilindəki bu sakit bucaqda yazmaq havası məni ağuşuna aldı. Əslində çoxdan başımda dolanan bir mövzu mənə dinclik vermirdi. Burası da vardı ki, fabulası, məzmunu başımda çoxdan “hazır” olan gələcək əsərin hansı janrda olacağını hələlik heç özüm üçün də müəyyənləşdirə bilməmişdim. 


Son illərdə daha çox dramaturgiya ilə məşğul olsam da, mən bu gələcək əsəri pyes kimi təsəvvür edə bilmirdim. Çox güman ki, bu, hekayə, ya da povest ola bilərdi.


Əsərin adı elə əvvəldən mənə məlum idi. Təxminən bu cür: “FANTAST YAZIÇININ MARSDA DƏFNİ”. İndi qalırdı təkcə stol arxasında əyləşib ilk cümlələri yazmaq.
Tənbəl adam deyiləm. Otaqdakı kiçik misin arxasına keçib ilk cümlələri kağıza közürməyə başladım. 


Əvvəlcə ötən əsrdə yazdığım misraları yeni yazıya epiqraf kimi əlavə etməyi qərara gəldim.


Mənə yer üzündə məzar gəzməyin,
Məni mən öləndə göydə basdırın.
Bir qarış göy üzü məni gözləyir,
Göylərdə axtarın məni, dostlarım.


Qoy udsun buludlar məni, qardaşım,
Sancılım səmaya meteor kimi.
Ay tabutum olsun, Günəş-başdaşım,
Ulduzlar üstümə yağsın qar kimi.


Məni göy üzündə dəfn edin, atam,
Günahla doludur torpağın üzü.
Vallah, yer üzünə mən tamam yadam,
Vallah, bu dünyaya alışmır gözüm.


Yəqin ki, göylərin yoxdu namərdi,
Oranın nə səddi, nə sərhəddi var.
Orda məzar dərdi, başdaşı dərdi,
Nə də kəfən dərdi, molla dərdi var.


Orada mələklər qonar qəbrimə,
Tanriya bir az da yaxın olaram.
Orada şeytanlar girməz qəlbimə,
Orda şeytanlardan qisas alaram.


Hiss etdim ki, bu misralar yazmaq istədiyim əhvalatı özündə tam yox, qismən ehtiva edir. Olsun ki, yazı başa çatandan sonar bu epiqrafı yenə gözdən keçirdim. Lap bu misraları götürüb bir tərəfə də atmaq olar. Ciddi prozada şeirin nə işi var ki? Amma hələ tərəddüd edirdim.


Arada başımı qaldırıb pəncərədən çölə baxırdım. Bayırda yağan qar səngimək bilmirdi. Pəncərəmin önündən keçən ensiz cığırla yeriyən adamların ləpırləri qar üstündə qaralırdı. Elə qarşımdakı ağ vərəq də kiçicik bir qarlı düzənliyə bənzəyirdi və qələmim bu bəyaz “düzənlik boyu” qara “ləpirlər” ataraq irəliləyirdi.


Mən adətən çox sürətlə işləyirəm. Bəzən öz yazdıqlarımı sonra heç özüm də oxuya bilmirəm. Vərəqin üstdə səpələnib hörümçək kimi bir-birinə dolaşan hərfləri ayırd etmək mənim üçün həmişə əzablı bir iş olub. Bu işin öhdəsindən gələn makinaçılarla əlaqəm son illərdə bir qədər zəifləyib. Çünki artıq, türkiyəli dostların təbirincə desəm, bilgisayarda işləməyə daha çox önəm verirəm. Amma mən müalicəyə gələrkən, artıq alimlər demiş, yuxarıda qeyd etdiyim kimi, nəsə yazmaq niyyətindən vaz keçmişdim. Necə deyərlər, sən saydığını say, gör ... sənin ağlın nə sayır. Ağlımsa indi bu qarlı havada məni yazmağa təhrik edirdi.


Bəli, janrını hələ dəqiq müəyyən edə bilmədiyim əsərin süjeti mənə məlum idi. Hadisələrin ardıcıllığını özüm üçün müəyyənləşdirmişdim. Əvvəlcədən bilirdim ki, bu yazıda gərgin momentlər, kədərli səhnələr, ağrılı epizodlar çox olacaq.
Əsərin adından bəlli olduğu kimi, bu yazıda fantast yazıçının həyatı, daha doğrusu ölümü və dəfni daha qabarıq şəkildə təsvir olunmalı idi. 


Məsələ belədir ki, mənim qəhrəmanımın- dünyaca məşhur olan fantast yazıçının bir müqəddəs arzusu var: o, öləndə qırmızı planetdə-Marsda dəfn olunmaq istəyir. Mən özüm fantastik yazıçı deyiləm və belə bir janrda da əsər yazmaq niyyətində bulunmuram. Hə, indi bu cümlələri yazarkən birdən xatırladım ki, axı deyəsən mənim fantastik əsərlərim də var. Hətta, vaxtilə o yazıları bir kitab kimi nəşr etmək niyyətim də olub. Bundan başqa, illər öncəsi yazdığım “Qara qutu” adlı fantastik pyesimi Hüseynağa Atakişiyev tamaşaya hazırlamışdı və premyera ərəfəsində o böyük rejissorumuz vəfat etmişdi. Onu da xatırlayıram ki, tamaşanın premyerasında mədəniyyət naziri Qarayev də iştirak etmişdi. Dediyim odur ki, fantastika mənə çox da yad deyilmiş. Deyəsən, vaxt ötüb keçdikcə yazdıqlarımı da dediklərim kimi yavaş-yavaş unuduram. Olan işdir.


Və görünür fantast yazıçı haqda, daha dağrusu, onun ölümü və dəfni ilə bağlı qələmə alacağım, artıq ilk “ləpirləri” kağız üstə “qaralan” bu əsərdə də bəzi-para fantastik nüanslar olacaqdı. Halbuki əvvəlcə bu əsəri sırf realist üslubda yazmaq arzusunda bulunmuşdum. Amma indi baxıb görürdüm ki, fantast yazıçıdan yazarkən fantastik lövhələrsiz keçinmək qeydi-mümkündü.


Arada pəncərədən çölə baxmağı da yaddan çıxartmırdım. Dənizə və sahilə ağır-ağır qar yagırdı. 


Dediyim kimi, əsərin qəhrəmanı məşhur fantast yazıçı vəsiyyət edir ki, onu öləndə Marsda dəfn etsinlər. Bu adam elə-belə, sıradan bir qələm əhli deyil. Bizim qəhrəmanın adı Jül Vern, Aleksandr Belyayev, Ayzek Əzimov, Rey Bredberi, Nil Stivenson kimi dünyaca məşhur fantastların adı ilə birgə çəkilir, onların layiqli davamçısı hesab olunur. Bundan başqa, əgər adını çəkdiyim yazıçıların yaradıcılığı iyirminci əsrın əvvəllərinə və sonlarına təsadüf edirsə, Marsda dəfn olunmaq istəyən milli yazıçımız, yəni mənim qəhrəmanım, iyirmiikinci əsrin əvvəllərində, təxminən yüz il bundan sonra yaşayıb. Nə başınızı ağrıdım, günlərin bir günü canını Allaha, vaxud Kosmosa bağışlayan bu hörmətli söz adamının dəfni ilə əlaqədar Beynəlxalq Kosmik Mərkəz xüsusi qərar qəbul edir. Kosmik raket uçuşa hazır vəziyyətə gətirilir. Yazıçının nəşi xüsusi laboratoriya-emalatxanada hazırlanmış təzyiqədavamlı tabuta qoyulur. Qələm adamının, bağışlayın, fikir adamının (axı yüz ildən sonra hansı qələmdən və ya qələm adamından söz gedə bilər?) kosmosa yola salınması beynəlxala telekanallar vasitəsi ilə transilyasiya olunur. Bəşəriyyət öz dahi sənətkarı ilə vidalaşır. Hətta, bu böyük insanın itkisi ilə bağlı məmləkətimizdə birgünlük matəm də elan edilir. Yüz ildən sonrakı iqtidarın sözü keçən nümayəndələri Milli rəsədxananın rəhbərliyinə tövsiyə edirlər ki, yeni kəşf olunacaq planetlərdən birinə bu yazıçının adı verilsin. Düşünürəm ki, yüz ildən sonra da şairlər olacaq. Elə bu səbəbdən də əsərdə qeyd edirəm ki, Yerdə Yazıçılar Birıiyinin təşəbbüsü ilə bizim qəhrəmanın xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilir. Mükafat uğrunda ədalətli mübarizə gedir. Təbii ki, indiki mədhiyyə yazan şairlərin heç biri o dövrə gedib çıxa bilməyəcəklər. Amma birdən ağlıma gəlir ki, o zamanacan təbabət elmi də yerində saymayacaq, insan ömrü uzanacaq, bəşəriyyət başdan-başa uzunömürlülərdən ibarət olacaq və elə bu səbəbdən də indiki mədhiyyəbaz şairlərimizdən bəzilərinin həmin vaxta gedib çıxacağı barədə şübhələrim özümə də əsassız görünür. Bir də ki, arsızlar adətən uzunömürlü olurlar axı.


Yazıçı bir Yer övladı kimi öz vətənində ölsə də, təbii ki, mənim əvvəlcədən cızdığım plana əsasən hadisələrin bir ucu göydə cərəyan etməlidir və edir də. Belə ki, kosmonovtlar əvvəlcə Aya uçurlar. Ay indi bizim təsəvvür etdiyimiz Ay deyil. Orada hər qarış torpaq uğrunda (əgər Ayın səthindəki örtüyə torpaq demək mümkündürsə) mübarizə gedir. Orada bizimkilərdən də az deyil. Yerdə külli miqdarda sərvət toplamış imkanlı adamlar, hansı ki, indi onlara “oliqarx” deyirlər, orada yaşayış binaları tikiblər. Əlbəttə, öz qəribə arxitekturası ilə fərqlənən o binalarda iyirminci əsrın əvvəllərində və sonlarında yaşamış soydaşlarımızın nəvə və nəticələri yaşayacaqlar. Bu günün adamları yüz il sonrakı Aya qibtə edə bilərlər. Soydaşlarımız Ayda fermalar inşa edib heyvandarlıqla ciddi məşğul olurlar. Gümüşü planetdə təmizliyə baxan müvafiq idarələrin müdirləri, daha çox bizim ölkədən gedib məskunlaşmış fermerləri cərimə edirlər. Çünki buradan gedənlər orada Ayın üstünə o qədər mal peyini yığıblar ki, gəl görəsən. Axı üstü qaralmış Ay planeti Yerə necə parlaq şölə saça bilər? Arada digər ölkələrin ekololgiya nazirləri bizim anoloji nazirliyə zəng edib iradlarını bildirir, Ayın üzünü zir-zibillə korlamamağa dəvət edirlər. 


Deyəsən, işlər yavaş-yavaş qaydasına düşür. Arada çıxıb hava alıram. Təmiz qar ətrini ciyərimə çəkirəm. Sonra geri qayıdıb dəhlizdə gəzişir, başımda qaynayan hadisələrin axarını nizama salmaq istəyirəm. Dəhlizin küncündəki köhnə divanda əyləşən ortayaşlı qadın sən demə mənə göz qoyurmuş. Qadın ülümsəyib mənə baxır. “Bəlkə nəyəsə ehtiyacınız var?” Mən minnətdarlığımı bildirib öz otağıma çəkilirəm.


Qələmi əlimə götürüb, Aydakı digər “mənzərələri” təsvir etməyə çalışıram.


Göstərirəm ki, Ayda tərəvəzçilik və meyvəçilik də inkişaf edir. Orada bizimkilərin yiyələndiyi ərazidə qubalılar alma bağı, göyçaylılar nar bağı salıblar. Yeni konserv zavodu tikilib istifadəyə verilib. Di gəl ki, emal olunan məhsullara müştəri tapmaq çətinləşib. Bunun da mühüm səbəbi var. Amerikanlar Ayda da dünya iqtisadiyyatı üzərində hökmranlıq etmək istəyirlər. Onlar bütün ərzaq məhsullarının konsentratlarını həb formasında hazırlayıblar. Bu zalım uşağı, yəni amerikalılar gün ərzində bircə dənə kiçik həb atıb kef çəkirlər. Oradakı və buradakı digər ölkə alimləri bu hiyləgər millətin bu muncuq boyda “ərzaqla” gün ərzində necə qane olmaqlarının səbəbini öyrənmək üçün baş sındırırlar. Ay öyrəndilər ha. Ağzında amerikan deyirsən.


Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər. Yerin coğrafi xəritəsi mənim təsvir etdiyim Ayda da tətbiq olunmaqdadır. Ta bunun nə ilə nəticələndiyini deməyə elə bir ahtiyac qalmır ki. Arif adamlar bilir ki, nəyə işarə edirəm. Məsələ burasındadır ki, orada, yəni Ayda da biz qafqazlılar bir regionda yaşayırıq. Bir yanımızda ermənilərdir, o biri tərəfimizdə gürcülər. Ermənilər Aya daşındıqları ilk vaxtlar “dənizdən dənizə” şüarı ilə çıxış edirdilər. Sonra öyrəndilər ki, Ayda dəniz yoxdur, başladılar “ulduzdan ulduza” şüarini irəli atmağa. Tərs kimi Göy üzü də ulduzlarla dolu. İndi onlar öz gələcək “ərazilərini” konkret müəyyənləşdirmək məqsədilə ulduzların düzülüş sxeminə bəzi əlavələr etməklə məşğuldurlar. 


Arada Aydakı yaşlı ermənilər əllərini dizlərinə çırpıb belə deyirlər: “Ara, işimiz çətinliyə düşüb. Əgər dünyaca məşhur Ambarsumyan sağ olsaydı bizim üçün ulduzların yeni bir düzülüş xəritəsini çəkərdi”. Gənc ermənilərin bir çoxu bir zamanlar məşhur olmuş həmyerlilərini tanımır. Yaşlı ermənilər izahat verib qəzəblə deyirlər: “Necə yəni, Viktor Amazaspoviçi tanımırsız? Ambarsumyan ulduz buludluqlarını və qaz dumanlıqlarını öyrənən yeganə astronomdur. O, bizim fəxrimizdir”. Ermənilərlə qonşuluqda yaşayan gürcünün dili dinc durmayır: “Əvvəla, bu tərəflərdə duman nə gəzir, bulud nə gəzir? İkincisi də ki, Ambarsumyanın Ermənistana nə dəxli? O, Gürcüstanda doğulub. Özü də Tiflis komsomolunun yetirməsidir”. Təbii ki, erməni bərk dilxor olur, amma kürəyini yerə qoymur: “Mən hələ böyük rejissorumuz Sergey Paracanovu, bəstəkar Aram Xaçaturyanı demirəm. Hələ dirijor Konstantin Orbeliani, şahmatçı Harri Kasparovu demirəm”. Gürcü də qəzəblənir: “Ağlına gələni danışma, qonşu. Paracanov da, Xaçaturyan da Tiflisdə doğulub. O ki qaldı Orbeliani ilə Kasparova, onlar da Bakıda doğulub”.


Əlbəttə, bunlar hələ gələcəyin söhbətləridir.


Elə bu əsnada ermənilər dəfni Ayda gözlənilən məşhur yazıçının şəcərəsini axtarıb onun ermənilərlə qohumluğunun olub-olmamasını dəqiqləşdirmək istəyirlər. Sən demə, bu yazıçının qəhrəmanlarından birinin adı Nairi imiş. Ermənilər bu adın başqa heç bir yerdə mövcud olmadığını sübut etməyə çalışır və ölkələrinin qədim adının belə “Nairi” olduğunu iddia edirlər. Təbii ki, əsərdəki erməni obrazının bir yəhudi tərəf-müqabili də olmalıdır. Həmin yəhudi erməninin sözünü kəsib deyir ki, “Nairi” erməni yox, qədim assuriya sözüdür. Erməni də israr edir ki, biz qədimdə assuriyalı olmuşuq. Yəhudi ilə erməninin mübahisəsi uzandıqca uzanır.


Mənim qəhrəmanımın nəşinin müvəqqəti saxlanıldığı yerə, Ayın ölkəmizə məxsus ərazisinə gələn soydaşlarımız və digər millətlərin nümayəndələri onunla vidalaşırlar. Hə, az qala bir mühüm məsələni qeyd etməyi unutmuşdum: Ayda artıq qəbristanlıqlar da salınıb. Oranın sakinləri, daha dorusu, orada daimi və müvəqqəti yaşayanların hamısı ateistlərdir. Yəni bu tərəflərdə dini ayrı-seçkilik olmadığına görə hamı eyni qəbristanlıqda dəfn olunur. Dindarlar mənim şəxsi təsəvvürümə görə haqlı olaraq Aya uçmurlar və oraya ayağı dəyənləri də çox xoşlamırlar, bu cür uçuşları Allahın işinə qarışmaq kimi qiymətləndirirlər.


Dünya şöhrətli yazıçı qırmızı planetdə-Ayda dəfn olunan ilk insan övladı olacaq. Kosmonovtlar Ayda bir müddət dincəlib Marsa doğru yol alırlar.


Mən öz yazımın təsiri altında idim. Deyəsən, işlər pis getmirdi. Arada pəncərədən çölə boylanırdım. Qar dənələri böyümüşdü- sanki görünməyən uzaq ulduzlardan yerə dümağ alma çiçəkləri yağırdı. Göydən yazanda göy öz səxavətini əsirgəmirmiş.


Əlbəttə, deyə bilərlər ki, bizdə belə bir dünyaşöhrətli yazıçı varmı? Əvvəla, unutmayın ki, hadisələr yüz il sonrakı dövrdə baş verir. İkincisi də bizim ədəbiyyatımız həmişə zəngin olub. Üçüncüsü də mənə bu “dünyaşöhrətli yazıçı” anlayışı qəribə gəlir. Bəyəm dünyanın hansısa təşkilatı kiməsə belə bir titulmu verir? Məsələn, mənim bəyəndiyim elə yazıçı var ki, dünya bəlkə də heç onu tanımayır. Bu cür yazıçı fransız da ola bilər, ingilis də. Lap elə çukça da- əla povetlər müəllifi Yuri Rıtxeu kimi. O ki qaldı sevgiyə, yazıçını bir əsərə görə də sevmək olar, bir cümləyə görə də.


Mən əminəm ki, bizim bu günkü ədəbi nəslin ədəbi varisləri, yəni xələfləri arasından da gələcəkdə belə yazıçılar çıxacaq. Əlbəttə, əgər onlar həmin dövrə sağ-salamat gedib çıxsalar. Amma, düzü bu cəhətdən bir az da tərəddüd hissi keçirirəm. Qorxuram ki, bu xələflər də öz sələfləri kimi kimi bir-birlərini bu və ya digər metodlarla sıradan çıxarmaqla məşğul olsunlar. Zira indi özünü yaradıcı aləmdə ədəbi partizan və ya ədəbi qoçu, ən yaxşı halda isə ədəbi qanqster kimi aparanlar da az deyil.


Sanatoriyada mən bir neçə köhnə tanışlarıma rast gəldim. Nahardan sonra dəniz kənarında bir az gəzişdik. Sonra otağıma çəkilib televizora baxmağa başladım. Evdəki televizorum çoxdan xarab olub, işləmir. İşləsə belə, mən televizor həvəskarı deyiləm. Düzdür, vaxtilə televiziyada verilişlər aparmışam. Amma o zaman o verilişlər üçün qonorar verirdilər. İndi belə şey yoxdur. Hətta, efirdə görünmək üçün pul verənlər də tapılır. Xüsusən, müğənnilər. Axı onların çörəkpulu toylardan çıxır. Toyda oxumaq üçünsə gərək səsin tez-tez ekrandan-efirdən gəlsin. Hə, yeri gəlmişkən, burada bir şən, deyib-gülən müğənni də müalicə qəbul edir. Əməkdar artistdir. Arada gəzişib söhbət edirik. Deyir ki, təyyarəyə minməkdən qorxur, ona görə də uzaq və yaxın xaricdəki toylara gedə bilmir.


Buraya gələndən bəri hərdən Rusiya kanallarına baxıram. Rus aparıcılar Ukrayna ilə Rusiya arasında yaranan gərginliyin daha da artırılması üçün əllərindən gələni əsirgəmirlər. 


Birdən otağımın qapısı döyüldü. Qapını açdım. Gələn köhnə dost-tanışlar idi. Üç nəfərdirlər. Görüşüb-öpüşürük. Onların hər üçü şeirə-sənətə bağlı adamlar, etibarlı dostlardır. Sağ olsunlar, zəhmət çəkib təşrif buyurublar.


Qonaqlarla ordan-burdan söhbət edib dəniz sahilindəki yeməkxanaya gedirik. Az sonra süfrəyə qızardılmış nəhəng balıq gəlir. Çox ləzzətlidir. Biz hərəkətə keçib balığın axırına çıxırıq. Az sonra stolun üstündəki boş araq şüşəsini kənara sürüşdürürük. Ortadakı iri boşqabda balıq qılçıqları qalaqlanır. Bu zərif, iti sümüklər qəzaya düşmüş balıqçı qayığının sınıq-salxaq taxtalarına bənzəyir. Ürəyinə yatan adamlarla yeyib-içəndə adam iştahlı olur. Bir yazıçı dostum həmişə deyərdi ki, ən yaxşı “zakuska” elə yeyib-içdiyin adamın özüdür, əgər o adam əsl adamdırsa.


Qonaqlarımı yola salıb otağıma çəkilirəm. 


Hekayənin yazılmış səhifələrinə göz gəzdirirəm.


Dediyim kimi, qəhrəmanım artıq Aydan Mars planetinə doğru istiqamət götürüb. Düzünü deyim ki, əsas personajımın nəşinin planetlər arasında bu cür “səyahət etməsi” məni get-gedə o qədər də qane etmir. Nəsə süjetə yeni cizgilər əlavə etmək lazımdır. Bu barədə düşünüb baş sındırmalı oluram. Öz-özümə suallar verib cavablar axtarıram. Belə bir “kosmik gəzinti” hansı zərurətdən doğa bilər? Ölmüş insanın əsər qəhrəmanı kimi çıxış etməsi vacibdirmi?


Vəziyyətdən çıxış yolu arayıram.


Otaqdan çıxıb qonşu “korpusun” –beşmərtəbəli binanın isti dəhlizində var-gəl edirəm. Az sonra köhnə tanışlarımdan biri ilə görüşürəm. O da tez-tez bu sanatoriyaya müalicəyə gələnlərdəndir. Tanışım uzun illərdən bəri Gəncə teatrında çalışır, Xalq artistidir. O, söhbət əsnasında dedi ki, “bayaq mənim həkimim səni soruşurdu”. Mən heç nə anlamayıb çiynimi çəkdim. Və elə bu cür də dedim: “Anlamadım, tanımadığım adam məni niyə soruşur ki?” Müsahibim gülüb dedi: “Burada anlaşılmayan nə var ki? Məni müalicə edən həkim ədəbiyyatı çox sevir. Daha doğrusu, çox kitab oxuyandır və o, bayaq mənə dedi ki, bir yazıçının “Teatr meydanı” adlı romanını oxumuşam, amma təəssüf ki, onun özü ilə tanış deyiləm. Soruşdum ki, o, hansı yazıçıdır elə? Sizin adınızı çəkdi. Mən dedim ki, mən həmin adamı bir dramaturq kimi tanıyıram, bizim teatrımızda pyesi də tamaşaya qoyulub, özü də hal-hazırda burada, sanatoriyadadır”.


Mən bir müddət sonra həmin həkimlə tanış oldum. Yeni tanışım geniş dünyagörüşlü, zəngin mütaliəli bir insandır. Sən demə, mənim bir sıra yazılarımı, o cümlədən “Teatr meydanı” adlı detektiv romanımı oxuyubmuş. Mən həkimə özümün son kitablarımdan birini- “Ölü dildə sevgi məktubları” adlı hekayələr məcmuəmi bağışladım. Ertəsi gün dəhlizdə rastlaşanda həkim mənə o kitabdakı hekayələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verməyə başladı.


Şam yeməyindən sonra bir az gəzişib otağıma çəkildim.


Beynimdə əsərimin yeni “mizanlarını” götür-qoy etməkdəyəm.


Hava qaralırdı. 


Qəhrəmanımın “kosmik gəzintisi” məni hələ də düşündürməkdə idi. Ağlıma yeni ideyalar gəlirdi. Bəlkə fantast yazıçını elə Marsda da fantastik sürprizlər gözləsin? Tez öz sualıma özüm də sualla “cavab” verirəm: “Axı bunun, yəni o sürpprizlərin ölmüş sənətkara nə isti-soyuğu?” Doğrudan da, ölmüş adam üçün ətrafda baş verən hadisələrin nə mənası var ki? Stalin yoldaş demiş, “adam yoxdursa, problem də yoxdur”. Adam ölüb, ta ona heç nə gərək deyil, hətta, ən gözlənilməz sürpriz də.


Ağlıma gələn bir ideya məni əsərə yeni detallar əlavə etməyə həvəsləndirir. Canım, axı fantast yazıçının ölümündə belə, nəsə əcaib-qəraib, lap elə fantastik bir şey olmalıdır, ya yox? Aha, deyəsən ipucu tapmaqdayam. Bəlkə yazıçı o uzaq kosmosda öz ömrünün ikinci dövrünü yaşamağa başlasın? Bəs bu, necə ola bilər? Axı bu kişinin oğlu vəfat edib, həyatla vidalaşıb. Sədaqətli oxucular onunçün göz yaşı töküblər. Kosmonavtlar onu Mars planetində dəfn etmək istəyirlər. Mən isə ona “ikinci ömür” bəxş etməyin yolları barədə düşünürəm. 


Yaxşı, əcəba, görəsən, ölmüş insan kosmosda təzədən canlana, daha doğrusu, dirilə bilərmi? Mən kosmosda ayrı zamanın mövcud olması barədə vaxtilə çox oxumuşam. Yəni bunu sadə qaydada belə izah etmək olar ki, eyni yaşa mənsub olan iki gənc adamdan biri Yerdə, digəri isə Göydə yaşamalı olur. Bunlar lap siyam ekizləri də ola bilər. Aradan illər, onillər keçəndən sonra “yuxarıdakı” adam “aşağı” enir. Paradoks. Kosmosdan gələn ekiz qardaşlardan biri çox gənc qalıb. Yerdəki qardasa artıq əldən düşmüş bir qocadır. Səbəb nədir? Sən demə, cavan qalan qardaş bu ötən illər ərzində “yavaşımış”, “ləngiyən” zaman daxilində yaşayıbmış. Yerdə yaşayan digər qardaş isə zamann çox sürətlə ötüb keçdiyi məkanda yaşayıbmış. Bəlkə də heç məkanı burada yada salmağa bir ehtiyac yoxdur. “Zaman və məkan” əslində həm də fəlsəfənin öyrəndiyi və öyrətdiyi anlayışlardır. Vaxtilə bu kateqoriyalar haqda dərs də demişəm. İndi fəlsəfi anlayışları buraya gətirib uzun-uzadı söhbətə başlasam, yəni palan içi töksəm, yaşlı yazıçılar bir yana, elə gənc yazıçılar da ağız büzüb orda-burda deyəcəklər ki, nədir, bu adam bədii əsərdə filosofluq etmək istəyir? 


Hə, indi yadıma düşdü, bir dəfə görünür içki havasına köklənmiş bir gənc israrla məndən soruşurdu: “Bəyəm siz filosofsuz?” Onun üzünə baxdım. Təkəmseyrək-qıvırcaq tüklərlə örtülmüş saqqaliı çənəsindən ağzının suyu üzüaşağı süzülürdü. Deyəsən, dili də bir az pəltəkfason idi bu gəncin. Olsun ki, sadəcə ağzında dili bir az iri olduğuna görə belə danışır. Axı hər cür adam olur bu dünyada. Gülümsəməyə çalışıb dedim ki, yox, mən filosof deyiləm. Dedi ki, bəli, bu ölkədə ən böyük və yeganə filosof mənəm. Və başladı mənim yaradıcılığımı “yıxıb-sürüməyə”, yəni tənqid atəşinə tutmağa. Guya bütün pyeslərimə tamaşa edib, heç birini bəyənməyib və sair. Bildim ki, yalan danışır. Amma hər halda o qədər məlumatsız deyilmiş, bilirmiş ki, mən fəlsəfə və dramaturgiya ilə məşğul oluram... Dedim bala, madam ki, mənim əsərlərimi bəyənmirsən, bəs niyə əziyyət çəkib onlara tamaşa etmisən və yaxud mütaliə etmisən? Dedi ki, “özüm bilərəm”. Sonralar bu “böyük filosof” bir yazıçının hüzr yerində mənə yaxınlaşıb üzrxahlıq etdi, dedi ki, başqa bir adama hirslənmişdim, anlaşılmazlıq olub və sair. Nə isə... Göydən-filandan yazmaq öz yerində, gərək Yerdəki adamları da birtəhər yola verəsən. Adamlarsa, şair demişkən, uzaq ulduzlar kimidir.


İndi mən ədəbi əsərdə elmi-fəlsəfi mübahisələr irəli sürməli deyildim ki. Amma elə buradaca öz dediyimə daxilən “mız” qoyub deyirəm ki, axı fantastika bir az elmə yaxın janrdır. Elə bu səbəbdən də bu tip əsərlərə çox vaxt “elmi fantastika” deyirlər.


Mənim fantast yazıçım elə-belə, sakitcə torpağa tapşırıla bilməzdi; torpaq demiş, hələ orasını da bilmirəm ki, Marsdakı o torpağın xassəsi nədir, nədən ibarətdir? Hər halda “yapışmağa” bir “qulp”, bir dəstək tapmaq ümidində idim.


Bir az işləyib, çarpayıya uzandım, başladım televizora baxmağa. Evdə bir neçə ildir ki, televizor xarab olub, ona görə də çoxdandır “mavi ekrana” həsrət qalmışam. 


Onillərin yuxusuzu olsam da televizora baxa-baxa mürgüləməyə başladım.


Səhər tezdən oyanıb, yeməkxanada qəlyanaltı elədim, sonra növbəti “prosüduramı” almaq üçün müalicə korpusuna üz tutdum. Növbədə adam çox idi. Bir nəfər ortaboy, ortayaşlı, bir qədər əsəbi təsir bağışlayan adam mənə yaxınlaşıb diqqətlə üzümə baxdı. Əlindəki kitabı qoltuğunun altına vurub dedi:


- Siz mənə tanış gəlirsiz. Bir adama oxşadıram sizi.


- Adam adama oxşaya bilər- deyə, qısaca cavab verdim.


- Firuz Mustafa deyilsiz ki?


- Bəli.


Əl verib tanış olduq.


- Usta... Mən Ustayam-deyə, yeni tanışım özünü təqdim etdi.


Belə məlum olur ki, mən vaxtilə Usta ilə sosial şəbəkədə məktublaşmışam.


Sonralar bu adamla bir neçə dəfə söhbət etdik. Sənəti ustadır, mebel ustası. Amma böyük mütaliəçidir. Fəlsəfəyə, psixologiyaya, ədəbiyyata, təbabətə aid çoxlu kitablar oxuyub. Ən maraqlısı budur ki, bu təzə tanışım cəmi-cümlətanı beş sinif oxuyub. Məktəbi atandan sonra gecə-gündüz mütaliə edib. Maraqlı mühakimələri var. Uzun illərdir ki, gündəlik, yəni memuar yazmaqla məşğuldur. Bədii-fəlsəfi yazıları da var. Amma hələ yazdıqlarını üzə çıxarmır. Yaxşı övladlar böyüdüb, onlara yaxşı təhsil verib. Usta bizim bir çox sinəsinə döyən alim və yazıçılara müasir elm və ədəbi proses haqda dərs deyə bilər. Onun bir neçə dəfə işlətdiyi bir ifadə diqqətimi çəkdi: “Bu dünyada kim nə olmaq istəyirsə, elə o da olur”.


Məni qəhrəmanımın gələcək taleyi hər an düşündürürdü. 


Yaxşı, tutaq ki, mənim qəhrəmanım kosmosda başqa bir zamana düşür, bunun nə faydası? O paralel zamanda qəhrəmanım uzaq başı özgə bir planetin ölü sakininə çevriləcək? Bəs sonra?


Yox, işlər gedə bilməz. Ölü qəhrəmanla situasiyanı necə dəyişmək olar?


Nəhayət, qərar qəbul etdim: qəhrəmanım kosmosda gözlərini açmalıdır. Bilmirəm, belə bir hal baş verə bilər, ya yox? Amma qərarım get-gedə qətiləşməkdə idi. Yox, yazıçı qəhrəmanım klinik ölüm-filan keçirmir. O, sadəcə öz ömrünü təzədən yaşamağa başlayır. Bu necə ola bilər? Ədəbi məntiqlə düşünüb deyirəm ki, kosmosda belə şey mümkün ola bilər. Madam ki, orada ayrı bir zamandır, deməli, yazıçı həmin paralel zamanın qanunlarına uyğun olaraq hərəkət edə bilər. Yəni o, zamanı bir qədər geri addımlamağa başlayır, keçmiş zamana qayıdır. Gələcək zamanda ölüm olduğu kimi, keçmiş zamanda da həyat var. Düzdür, insanların əksəriyyəti gələcəyə can atır. Amma bir az rasional düşüncəyə malik olsalar, onlar gələcəkdən çox, keçmişə qayıtmağa çalışarlar. Təbii ki, məni bu fikirlərə sövq edən fikir qəhrəmanımı təzədən həyata qaytarmaq istəyindən qaynaqlanır. Axı yazıçı təkcə özünün deyil, elə öz qəhrəmanlarının taleyi ilə də ciddi maraqlanmalıdır, hətta, qəhrəman lap kosmosda olsa belə.


Budur, bu da Mars. Madam ki, vəziyyət get-gedə dramatikləşir və süjet şaxələnir, onda bu planet haqda oxuculara bir az geniş məlumat verməliyəm, elə deyilmi? Allaha şükür, indi telefonlarda da internet var. Marsla bağlı informasiyalara nəzər salıram. Yeri gəlmişkən, orasını da deyim ki, hələ orta məktəbdə oxuyarkən astronomiya mənim ən çox sevdiyim fənlərdən biri olub. Hətta, Yuri Qaqarın göyə uçarkən mən də bir çox yaşıdlarım kimi kosmonavt olmaq arzusuna düşmüşdüm. Artıq aradan illər keçib. Mən kosmonavt ola bilməsəm də, indi əlimə yaxşı fürsət düşüb: öz qəhrəmanımı kosmosa göndərirəm. Elə bunun özü də göyə uçmaq kimi bir şeydi. 


Budur, Mars haqda yazılanlara baxıram. Belə məlum olur ki, Mars planeti, Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, elmi və bədii əsərlərdə tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferə malik, kraterləri, vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; onun oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində bizə məlum olan ən hündür ikinci dağın - Olimp dağının və ən böyük kanyonlardan birinin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40 faizini əhatə edir. Marsın iki peyki var: Fobos və Deymos. Bunlar kiçik və nizamsız qaydada formalaşmış peyklərdir. Bu peyklər Mars troyası kimi planet tərəfindən tutulmuş asteroidlər də ola bilər.


Mars torpağı kütləcə 1.5-3 faiz su təşkil edir

 

Marsın diametri təqribən Yerinkinin yarısıdır. O, Yerdən daha az sıxdır, həcmi təqribən Yerin həcminin 15%-i və kütləsi təqribən Yerin kütləsinin 11%-i qədərdir. Onun səthinin ərazisi Yerin quru ərazisinin tam sahəsindən bir az daha azdır. Marsın Merkuridən daha böyük və daha ağır olmasına baxmayaraq, Merkurinin sıxlığı daha çoxdur. Bu hər iki planetin səthə doğru cazibə qüvvəsinin təqribən eyni olması ilə nəticələnir; Marsın cazibə qüvvəsi Merkurinin cazibə qüvvəsindən güclüdür.


Marsda da geoloji-tarixi dövrlər olub. 


Nuh dövrü (adını Nuh ərazisindən alıb): 4.5 milyard il bundan əvvəldən 3.5 milyard il bundan əvvələ qədər Marsın ən qədim səthinin formalaşması. 


Hesperian dövr (adını Hesperia yaylasından alıb): 3.5 milyard il bundan əvvəldən 2.9–3.3 milyard il əvvələ qədər. Hesperian dövr geniş lava düzənliklərinin formalaşması ilə qeyd olunur.


Amazonian dövr (adını Amazonis düzənliyindən alıb): 2.9–3.3 milyard il əvvəldən indiyə qədər. Amazonian regionlarının az meteoritlə çarpışmadan yaranan kraterləri var, ancaq digərləri çox fərqlidir. Olimp dağı Marsın başqa yerindəki lava axınları ilə yanaşı olaraq bu dövrdə yaranıb.


Marsda hələ də bəzi geoloji aktivliklər baş verir. Athabaska dərəsi təqribən 200 milyon ilə qədər lava axınlarının olduğu yerdir. 


Son tədqiqatlar Arsia vulkanının döşündə yeddi mağara girişi aşkar edib. Mağaralar kollektiv şəkildə "yeddi bacı" adlandırılıb. 


Yer və Marsın fırlanma oxlarının oxşar mailliklərinə görə Günəş sistemi planetləri arasında Marsın mövsümləri ən çox Yerinkinə bənzəyəndir. Mars mövsümləri Yer mövsümlərindən iki dəfə uzundur. Bunun səbəbi odur ki, Marsın Günəşdən böyük məsafədə yerləşməsi Mars ilinin təqribən iki Yer ilinə bərabər olmasına gətirib çıxarır. Doğrusu, bu məlumat da mənə zamanla bağlı yeni ideya verir.


Planetlərin hal-hazırki yaşayış üçün yararlılığı - planetdə həyatın inkişaf etməsi və planetin həyatın davamlılığını təmin etməsi onların səthində maye suyun olması ilə əlaqələndirilir. Bəzi son araşdırmalar təklif edir ki, Mars səthindəki su davamlı terrestrial həyatı təmin etmək üçün həddindən artıq duzlu və asidikdir. Deməli, belə çıxır ki, gələcəkdə Marsda sutəmizləyən qurğular da quraşdırmaq olar. Yoxsa, qırmızı planetdə necə yaşamaq olar?


Mars haqqında məşhur əsərlərlərdən biri Rey Bredberinin "Mars salnamələri" romanıdır. Bu əsərdə Yer planetindən olan tədqiqatçıların təsadüfən Mars sivilizasiyasını necə məhv etdiyi qələmə alınıb. Edqar Rays Borrouzun Barsum seriyaları, Luisin "Sakit Planetdən Kənarda" romanı və Robert Haynlaynın bir sıra hekayələrində də Marsdakı canlı həyat haqda söhbət açılır. Həmin yazıçılar bütün bu hadisələri özləri uydurublar. Amma mənim qəhrəmanış Marsda baş verənlərin canlı şahididir. Daha doğrusu, fantast yazıçı Marsda özünün ikinci həyatını yaşamalı olur. 


Bəli, Marsa çatanda kosmonavtlar hiss edirlər ki, tabutda nəsə bir tərpəniş var. Onlar heyrətə gəlirlər. Tabutun qapağına qaldıranda yazıçının gözü açılır. Gəl indi bu yazıq kosmonavtların əhval-ruhiyyəsini təsvir elə görüm necə edirsən? 


Mən artıq əsərin sonrası barədə düşünməyə başlamışdım. Tutaq ki, yazıçı kosmonavtlarla Marsda bir xeyli gəzib-dolaşdı. Sonra? Bəs bu işin bir sonu olmalıdır, ya yox?


Kosmonavtlar geri dönmək onu çox üçün dilə tuturrlar. Amma mənim qəhrəmanış daşı ətəyindən tökmür, geri qayıtmaqdan qəti şəkildə imtina edir. Axırda kosmonavtlar çıxıb gedir, yazıçı isə kosmasda qalır. Sən demə, qırmızı planetdə bir təmiz bulaq varmış, o bulağın yaxınlığında da meyvə bağı. Hələ üstəlik yaşayış üçün lazımı yerlər də. Bir də ki, əsl yazıçıya çox şey lazım deyil ki, o, istər yerdə olsun, istərsə də göydə. Əlbəttə, mən bütün bu dəm-dəstgahın hamısını əsaslandırmalı idim. Yazıçının Marsda məskunlaşması hələ mənim başımda ideya şəklində idi. 


Fantast yazıçı təbii ki, Marsda fantastik olaylarla da rastlaşır. Yadplanetlilər onu görüb dəhşətə gəlirlər. Sonra yazıçı ilə onun göydə məskunlaşmış yeni qəhrəmanları dostlaşırlar. Sən demə, Mars sakinləri bir-birləri ilə telepatik vasitələrlə danışırmışlar. Tesliklə yazıçı da onlarla elə bu səssiz-sözsüz deldə danışmaq vərdişinə yiyələnir. Bu sətirləri yazarkən öz-özümə düşünüb deyirəm ki, nə olaydı elə yerdəkilər də bu səssiz dildə danışa biləydilər, səs-küydən xeyli uzaq olardıq. Amma nə edəsən ki, göylə yerdə vəziyyət eyni ola bilməz. 


Tezliklə bu yeni dünyanın adamları Yerdən gəlmiş hörmətli qonağı özlərinə başçı seçirlər. Yazıçı Marsda yeni bir cəmiyyətin əsasını qoymağa başlayır. Yerdə belə bir cəmiyyətın mövcudluğunu yalnız arzu etmək olar. Bütün şüurlu həyatı boyu Yerdəki insan cəmiyyətinin tərəqqisi üçün əlindən gələni əsirgəməyən, amma arzuları puça çıxan yazıçının əlinə indi Marsda yaxşı fürsət düşüb. Onun Marsda qurduğu cəmiyyətin sorağı tezliklə Aya, oradan da Yerə gedib çatır. Yerdəkilər Marsa kosmik marşrutlar təşkil edirlər. 


Hə, mən arada Aya da nəzər salır, oradakı mənzərəni də təsvir edirəm. Ayın ekoloji sistemi pozulmaqdadır, adamlar bu şairanə planeti prozaik, lap elə faciəvi-dramatik bir vəziyyətə gətirib çıxarıblar. 


Bəli, artıq Yer bir yana qalsın, hətta Aydakı azadlıq, demokratiya, qayda-qanun sevən insanlar da qırmızı planetə can atırlar.


Əlbəttə, bütün bu olacaqlar hələ mənim ağlımda ideya şəklində, yazıçının başında isə layihə şəklində formalaşmaqdadır. Görək bu işlərin sonu nə olur. İnşallah, məncə hər şey yaxşı olacaq.


Amma bir şeyi dəqiq bilirəm ki, hər bir şeyin əvvəli olduğu kimi, sonu da olur. Elə insan ömrünün də. Yəni bu dünyaya gələn, günlərin bir günü o dünyaya köçməlidir. Mənim qəhrəmanım da Marsda qayda-qanun yaradandan sonra ömrünü Yerdəkilərə, yox-yox, daha doğrusu, göydəkilərə, bir az da dəqiq desəm, Marsdakı yadplanetlilərə tapşırır. Onun yaratdığı cəmiyyətin sədaqətli, qədirbilən sakinləri öz rəhbərlərini təntənə ilə Marsda dəfn edirlər. Beləliklə, yazıçı öz arzusuna qovuşur.


Əlbəttə, bütün bunları əsərdə möhkəm bədii məntiqlə əsaslandırmaq lazım idi. Buna görə də mən ən müxtəlif fantastik layihələr, daha doğrusu, hadisələr haqqında düşünürdüm. Budur, ümumi fabula qismən hazır idi, indi bircə qalırdı obrazların “marşrutunu”, hərəkətini nizama salmaq. Əslində, hələ öz bədii həllini tapmamış çox nəsnələr qalırdı. Düşünürdüm ki, hər şey tədricən yoluna düşəcək. Mən Mars planetinin sakinlərinin timsalında elə canlı obrazlar yaratmaq istəyirdim ki, Yer planetinin sakinləri onlara qibtə etsin. Niyə gizlədim, oxuculara təqdim edəcəyim yazıçının arzuları həm də mənim öz arzularımdı. Mən də istəyirəm ki, Yerdə ədalətli bir cəmiyyət qurulsun. Mən də istəyirəm ki, insanlar bizim kiçik planetdə azad yaşasınlar. Mən də öz qəhrəmanım kimi cənnəti təkcə o dünyada yox, həm də bu dünyada görmək istəyirəm.


Özümçün qeydlər edir, obrazlara ad tapır, hadisələrin ardıcıllığını, yazıçının “marşrutunu” dəqiqləşdirməyə çalışırdım. Amma orasını da hiss edirdim ki, bu, çoxplanlı, polifonik bir əsər olacaq. Burada fantastika ilə reallıq dialektik qaydada çulğaşmalı idi.


Qar isə səngimək bilmirdi.


Şamdan sonra yenə dəniz kənarında gəzişib öz isti otağıma qayıtdım. Yaxın bildiyim adamlara zəng vurub, kiçik mizin arxasına keçdim. Qeydlərimi bir daha nəzərdən keçirdim.


Həmin gecə əvvəlki günlərə nisbətən rahat yatdım.


Artıq dediyim kimi, bir neçə gün əvvəl qocaman şair dostumu torpağa tapşırmışdıq. 


Mən bu qarlı qış gecəsi çox maraqlı bir yuxu gördüm. Gördüm ki, şair dostum bir ədəbi tədbirdə iştirak edir. Özü də çox gəncləşib. Belə ki, kişinin seyrək, ağ saçarının yerinə zil qara, uzun tüklər gəlib. Sifətinin qırışları itib. Yay göynəyinin altından əzələli qolları görünür. Onun çiynində bir çanta var və o çantadan gümüşü rəngli bir antennanın ucu görünür.


Dostumla görüşüb-öpüşürük. Hal-əhval tutandan sonra deyirəm ki, dostum, axı biz səni bu yaxınlarda dəfn etmişik. O, gülüb deyir ki, bilirəm, hər şeyi yaxşı xatırlayıram, siz məni qarlı bir qış günü dəfn etmişdiniz, indi yay fəslidir, aradan çox vaxt keçib.
Yuxuda mən çaşıb qalıram. Soruşuram ki, bütün bunlar necə baş verib, o, bura necə gəlib? O, gülüb əlini çiynimə qoyur, bic-bic göz vurur. Yəni, hələ bilmədiyim çox işlərin olduğuna işarə vurur. Bu, yuxu olsa da belə, mən öz dostumdan yenidən həyata gəlməyin bəzi sirlərini öyrənmək istəyirəm. Axı günlərin bir günü mən özüm də indi dostumun getdiyi o sirli aləmə gedəsi olacağamm. Ümumiyyətlə, gec-tez hamı oraya getməli olur. Amma oradan qayıdanlar olmayıb. Budur, dostum o dünyadan qayıtmış ilk adamdır. Getməyin yolu bir yana, gəlməyin yolunu niyə soruşub öyrənməyim? 


Biz bir kənara çəkilib astadan söhbət edirik.


Bu zaman mənim mobil telefonum zəngi eşidilir. Düyməni basıb dəstəyi qulağıma yaxınlaşdırıram. Səs gəlmir. Amma az sonra belə məlum olur ki, mənə yox, mərhum dostuma (heç bilmirəm indi ona belə demək nə dərəcədə düzdür) zəng vurublarmış. Şünki şair dostum tez əl atıb çiynindəki çantadan ucu görünən gümüşü antennanı dartaraq rezin kimi uzadır, sonra yenə əlini çiynindəki çantaya salaraq oradan bir dəstək çıxarır, dəstəyi qulağına yaxınlaşdırır, deyəsən hara iləsə, kimləsə nə barədə isə danışır. Danışır, dodağı tərpənir, amma səsi eşidilmir. Dostum telefonla qısa- lakonik, səssiz söhbətini başa çatdırandan sonra gülümsəyir. Düzü, bilmirəm, bu necə baş verdi, mənim telefonuma zəng gəlsə də danışa bilmədim. Amma o zəngi eşidən kimi dostum öz telefonunu işə saldı.


Bizim uzun illər zarafatımız olub. Mən özümü saxlaya bilmirəm. Gülüb ondan soruşuram ki, kiminlə danışırdın, təzə öyrəndiyin bu dil nədir belə, yoxsa “qarğa dili” danışıb kiminləsə məzələnirdin? Z.ng edən oradakı xanım tanışlarından deyildi ki?


Dostum çox ciddi şəkildə deyir ki, o, Marsdakı yadplanetlilərlə danışır. Danışdığı dil də onların dilidir. Bu dildəki sözlər səssiz tələffüz olunur. Hə, orasını da deyim ki, dostum xarici dili çox tez öyrənən adam idi. Bir dəfə Estoniyaya ezamiyyətə gedibmiş, özünün deməsinə görə, qısa bir vaxtda estonların dilini-əməlli başlı öyrənibmiş. Arada görürdün ki, kefi kök olanda gürcü, alman, ərəb, fars dilində də bəzi söz vəifadələr işlədir. Budur, indi o səssiz bir dil də öyrənib.


Mən yuxuda olsam da fantastik əsər üzərində işlədiyimin fərqindəyəm. Söhbəti hərləyib-fırlayıb Marsdakı həyat haqda əsər üzərində düşündüyümü, hətta bir neçə səhifə yazdığımı deyirəm.


Dostum yenə ciddi şəkildə deyir ki, sən nahaq yerə özünü yorub bu mövzuda əsər yazırsan, çünki artıq sənin yaratmaq istədiyin fantast yazıçı Marsdadır, biz onunla dostuq və o, məndən düz bir əsr cavandır. 


Mən məəttəl qalıram. Yenə şair dostumdan nəsə soruşmaq istəyirəm.


Yenə telefon zəngi eşidilir. Elə bilirəm ki, zəng səsi qəhrəmanımım yanından gələn şair dostumun telefonundan gəlir. Amma şair sanki bu səsi eşitmir və bir andaca harasa çəkilib qeyb olur.


Sən demə, artıq səhər açılıbmış və öz telefonumda qeyd etdiyim “yaddaş zəngi” səslənib məni yuxudan oyanmağa çağırırmış.


Mən könülsüz halda çarpayıdan yerə düşdüm. Əl-üzümü yuyub eşiyə çıxdım.


Ta qar yağmırdı. Günəş çıxsa da havada şaxta vardı.


Otağıma qayıdandan sonra üzərində işlədiyim əsərin ilk səhifələrini yenidən nəzərdən keçirdim. Bildiyiniz kimi, janrını hələ tam müəyyən etmədiyim bu əsərin ilkin adını bu cür fikirləşmişdim: “FANTAST YAZIÇININ MARSDA DƏFNİ”.


Və sonra yazılmış vərəqləri cırıb böyrümdəki dolabın gözünə atdım. 


Artıq mənim qəhrəmanım-fantast yazıçı Marsda imiş.


İnnnən sonra bu mövzuda nəsə yazmağa bir ehtiyac vardımı?

Mənbə: manera.az




Создан 22 мая 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com