ШЕКИ - НАБИБЕКОВЫ

Yaddaşa qayıdış (Esse)

Müəllif: Hikmət Əbdülhəlimov



 

İstər şirin, istərsə  acı olsun, xatirə insana əzab verir.

 F.M.Dostoyevski.

 

 

Haqqında danışacağım tarixi-etnoqrafik xatirələr keçən əsrin 45-50-ci illərinə təsadüf edir.  2700 illik tarixi olan qədim Şəki şəhəri də böyük vətənin (keçmiş SSRİ-nin) minlərlə yaşayış yerləri kimi müharibədən sonrakı dirçəliş ömrünü yaşayır, yavaş-yavaş qəddini düzəltməyə çalışırdı. XX əsrin məşhur diktoru sayılan, SSRİ xalq artisti Y.Levitanın  evlərdəki   xalq arasında  “qara boşqab” adlanan radiodan zəhmli, amiranə, tükürpərdici, həm də ruhlandırıcı “От Советского Информбюро…” sözlərilə başlayan növbəti informasiyanı az qala nəfəsimizi saxlayaraq qulaq asardıq. Onun səsi müharibənin və müharibədən sonrakı illərin ümid səsi, əsrin, zamanın səsi idi. Hitler onun adını şəxsi düşmənləri siyahısına daxil etmiş, başına 30 min gümüş reyxsmarka mükafat təyin etmişdi. (Hitlerin əmri ilə Levitanı məhv etmək üçün Moskvada Radio komitəsinin həyətinə təyyarədən atılan bomba partlamamış qalmışdır). Onun əsl foto şəkli tam gizli saxlanılır, başqa adamların şəkli onun şəkli kimi yayılırdı.


Ölkə rəhbəri Stalinin göstərişi ilə qiymətlər mütəmadi aşağı salınırdı. İnsanların gələcəyə, yaxşı həyata ümidi artırdı. Ağır müharibədən çıxmış nəhəng bir dövlətin bu məqsədlə hansı mənbələrdən istifadə etdiyi də bir başqa mövzunun söhbəti ola bilər. Səhər tezdən 7 mindən artıq fəhlə və qulluqçu ipək fabriklərinə və ipək kombinatına işə tələsir, sənətkarlar, cürbəcür peşə sahibləri də ruzi dalınca yollanırdılar. Şəhərdə  əsasən ipəkçilər və sənətkarların üstünlüyü hiss olunurdu. Ciddi və həddindən artıq əsassız sərt qanunlara baxmayaraq qeyri-leqal alverlə ailələrini dolandırmağa məcbur olan, bu zaman ən xırda alverə görə həbs olunaraq sürgün həyatını yaşamaq zorunda qalanlar da çox idi. Şəki ipək kombinatı nəinki Azərbaycanın, hətta SSRİ-nin ən iri ipəkçilik müəssisələrindən sayılırdı. Şəki ipəkçilərinin hələ XVIII  əsrdən üzü bu tərəfə Rusiya, Fransa, İtaliya, Yunanıstan və b. ölkələrə hazır ipək parça və ipəkçilikdə əsas xammal sayılan barama göndərməsi ilə bağlı böyük ticari əlaqələrinə dair tarixi faktlar mövcuddur: “Buradakı (Şəkidəki - H.Ə.) ipəkçilik təsərrüfatı daha 18-ci əsrdə Avropanın iştahasını artıq dərəcədə qabartmış və 1818-inci yulda “Qafqasyada ipək sənayesi” adıyla bir italyan kompaniyası təşəkkül etmişdir. Məzkur kompaniya nümayəndələri gəlib Zaqafqasiyanı dolaşmış və ipək yetişdirmək işlərinə ən müvafiq yer olaraq Şəki ətrafını bildirmişdir. Bu münasibətlə kompaniya burada 5.000 desyatin  satın almış və 400. 000 tut ağacı yetişdirməklə işə başlamışdır... 1841-ci ildə İtaliyadan 12 italyan ailəsi gətirilərək 42 çarxlı bir ipək zavodu işə salınmış, 1863-cü ildə fransızlar Şəkidə dünyanın ən böyük ipək fabrikini istifadəyə vermişlər. 1911-ci ildə Nuxadan 10.000.000 qızıl (manat) qiymətində xaricə ipək satılmışdır” (bax: Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master”, 2005, ss.187-188).


Bu kontekstdə məşhur İpək yolunun Şəkidən keçməsi də təbii görünür və bu yolla vaxtilə Şəkiyə də səfər etmiş fransız yazıçısı A.Dümanın Nuxa ipəyi haqqında xatirələri səciyyəvidir: “Nuxanın əsas ticarət sahəsi ipəkçilikdir. Şəhərdə ipək fabriki vardır ki, hər il yalnız xam ipəkdən altmış milyon rubl gəlir əldə olunur. Nuxanın evlərini kölgəsinə alan ağacların çoxu tut ağaclarıdır ki, həmin bu ağacların yarpaqları ilə barama qurdu yemləyir, bu baramalardan toxunan ipək isə ölkənin əsas sərvətini təşkil edir. (bax: A. Düma. Qafqaz. Bakı, 2010, s. 271). 


Keçən əsrin  40-50-ci illərində 4 ipək fabriki və nəhəng ipək kombinatı şəhərin müxtəlif ərazilərində işçilərin bilavasitə yaşayış yerlərinə əlverişli  yerlərdə fəaliyyət göstərirdi. İpək kombinatına  və fabriklərə əsasən Şəkinin kəndlərində tədarük edilən xam barama (bəzi hallarda Özbəkistandan quru barama da idxal edilirdi) qəbul edilir və hazır ipək parça SSRİ-nin 100-dən artıq şəhər və rayonlarına, ticarət mərkəzlərinə göndərilirdi. Deyilənlərə görə vaxtilə SSRİ yüngül sənaye naziri A.Kosıginin (sonralar SSRİ Nazirlər Sovetinin Sədri) də Şəkidə olması bu şəhərin ipək sənayesinin ölkə miqyasında əhəmiyyətindən xəbər verirdi. Xüsusi baramaaçan dəzgahlarda qaynar suda baramadan ipək sapı açıldıqdan sonra  (baramaaçan və boyaq-bəzək istehsalatları ipək istehsalında ən ağır və zərərli sahə sayılırdı, baramaaçanlar 8 saat ərzində əlləri qaynar suda baramanın tellərini açırdılar)  onun qalığı hesab edilən sərto Yaponiyaya ixrac olunurdu. Məşhur kəlağayı mütəxəssisi Ziya Sərkərov şəhərin Bağbanlar və Arxüstü məhəllələrindəki kəlağayı sexlərini idarə edirdi (Arxüstü məhəlləsindəki kəlağayı sexi varlı bir şəkilinin xüsusi evi olmuş, onun qızıl kəmərlə gəzdiyini danışardılar. O, 1939 –cu ildə həbs olunaraq güllələnmişdir. Evi isə müsadirə edilərək kəlağayı sexi kimi istifadəyə verilmişdır ). “Hacının tiki” adlanan yerdə Niyazinin, Motor məhəlləsində  Əbdürrəhim Teymurovun (onun oğlu Ağalar Teymurov 10№li orta məktəbdə ibtidai sinif yoldaşım idi) müdir olduqları kəlağayı sexlərində, həmçinin şəhərin dağətəyi sahəsində ermənikənd hissəsindəki kəlağayı sexlərində təmiz ipəkdən toxunan, milli naxışlar vurulan kəlağayılar azərbaycanlı qadınlarının gözəl  baş örtüyü sayılırdı.


O dövr şəhərdə sənət və sənətkara böyük  hörmətlə yanaşardılar. Burada 40-dan artıq sənətkarlıq nümunələri var idi. Zərgərlər sənətkarlar qurumunun alisi sayılırdı. Qonşumuz zərgər Məmməd, oğlu Əhməd, onun oğlanları Rəşid, Tövhid, HidayətMais (hazırda Rəşid və Tövhidin oğlanları da atalarının sənətini yaşadırlar), zərgər İsmayıl,  oğlanları Zərgər ƏyyubZərgər Yaqub, Zərgər Rəsul ( O, eynək taxdığına görə həmyerlilərindən “dördgöz Rəsul” ləqəbini almışdır), onun qız nəvəsi Fikrət, qardaşı Ayaz müəllimin kürəkəni Natiq SəfərovZərgər  İbrahimxəlil, doduluların  üç “Şöhrət” ordenli (bu ordenlərlə təltif olunanlar Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulurdu) zərgər Süleyman, oğlu Adilin  əl işləri sözün həqiqi mənasında nadir tətbiqi sənət inciləri sayılırdı. Məşhur Quran qabı  (içində Ərəbistandan gətirilmiş miniatür Quran kitabı olardı), qızıl boyunbağı (qızıldan hazırlanmış romb şəkilli 15-20 ədəd qızıl hildən ibarət boyun bağı), tənə  (sırğa), iki mərtəbəli sırğa, müxtəlif formalı üzüklər, o.c. paxlava üzük, qətər, yaxalıq, qızıl bilərzik, qızıl boyunbağı, midaxil (yaxalığın qırağına düzülən qızıl bəzək  əşyaları), cəryə gül, kəmər (gümüş), bacaxlı (kulon), nişan üzüyü və s. bu sənətkarların şöhrətini dillər əzbəri etmişdi. Maraqlıdır ki, zərgərlik sənəti, bu sənətin sirləri ciddi şəkildə ailə daxilində  saxlanılır, yalnız ailə üzvlərinə ötürülürdü. Bu qəbildən Şəkinin zərgərlər sülaləsindən olan zərgər İsmayılın oğlu zərgər Əyyubun əl işləri keçən əsrin 80-cı illərinin əvvəllərində Suriyanın Hələb şəhərində keçirilən beynəlxalq sərgidə yüksək mükafata layiq görülmüş, bu nümunələri ərəblər almaq istəmiş, lakin Əyyub imtina etmişdir. Həmin dövrdə Şəki şəhər mədəniyyət şöbəsini müdiri vəzifəsində işləyərkən zərgər Əyyubun qeyd olunan sənət nümunələrini satın alaraq diyarşünaslıq muzeyində daimi eksponat kimi nümayiş etdirirdik.


Papaqçı, şapqaçı, sərrac, dərzi, aynaçı, qadaxçı, çörəkçi, çarıqçı, misgər, dəmirçi, halvaçı, çəkməçi, pinəçi, dülgər, bənna, xarrat, qəleyçi, saatsaz, qundaqsaz , sazbənd, nalbənd, dulus, dabbağ, təkəlduz, şəbəkəçi (taxtadan şəbəkə düzəltmə) və s. sənətlər də geniş yayılmışdı. Bu sənət nümunələri əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə gəlib çıxmışdı. İpəkçilikdə kümdar (barama yetişdirən), toxucu (o  cümlədən kəlağayı toxuyan), burucu, baramaaçan peşələri yüksək qiymətləndirilirdi. Mahir sənətkarların adı dillər əzbəri idi. Papaqçılardan Qaffar,  Şamil, Səttar,  Qurban, şapkaçılar Abduləli, Valeh,  Arif, Şirin, dəmirqayaların Məmməd və b., dərzilər QəhrəmanSalman qardaşları, Qaffar, Niyazi, Məmməd, Xəlil, Əbdürrəhim... çarıqçı Avsəməd (Abdulsəməd), dabbağlar - müsəlman dünyasında müqəddəs sayılan  qırxlar nəslinin Şəkidəki son mogikanı, ağır taxtalı, köhnə kişiləri təmsil edən hörmətli el ağsaqqalı  Yar oğlu Yaqub, Tələt, Hacı Həbibillahların Yusif, qonşum Ələsgər dayı, hazırda bu sənətin şəhərdə sonuncu davamçısı Əlihüseyn və onlarla başqa adlı-sanlı sənətkarlar... Hazırda “Azərnəşr”in baş direktoru A.Mustafazadənin mənsub olduğu nəslə qundaqsazlar (tüfəng üçün xüsusi növ ağacdan qundaq hazırlayanlar) deyirdilər.  Xüsusi növ ağacdan - fıstıqdan hazırlanan şəbəkələr məşhur Şəki xan sarayının və Şəki xanlarının evinin otaqlarının bəzəyi idi. Deyilənlərə görə, buranın şəbəkəsi üçün xüsusi materialdan hazırlanmış rəngli aynaları İtaliyanın Venesiya şəhərindən gətiriblərmiş. Belə şəbəkədən Şəkixanovların (Xan sarayı inşa edilməmişdən əvvəl Şəki xanları bu evdə yaşamışlar) və bəzi zənginlərin evində, saraylarda istifadə edilmiş, çağdaş zəmanəmizdə də bu sənət nümunəsindən geniş istifadə olunur. Şəkidə son 50 ildə usta Əşrəf Rəsulov, onun oğlu usta Tofiq Rəsulov, usta Soltan və b. bu sənəti yaşadanlardı. Düşünürəm ki, o dövrdə sənət və sənətkarlığın belə geniş inkişafı  sənaye üsulu ilə istehsal olunmuş zinət əşyalarının,  geyim paltarlarının, ayaqqabıların, baş örtüklərinin və s. kifayət qədər hazır şəkildə istehsalının  olmamağı ilə də izah oluna bilər. Orta və yaşlı kişi və qadınlar əsasən baş örtüyündə gəzərdilər. Xüsusən, orta və ahıl yaşda olan kişilər qaragül quzularının dərisindən (məşhur Buxara dəriləri) mahir papaqçılar tərəfindən hazırlanmış qiymətli sür və xurmayı dakkalar (bu dakqalar bəzən nəsildən nəslə ötürülürdü, bizdə indi bu cür qiymətli dakqaları aşıqlar örtür, şimali Qafqaz xalqlarında, xüsusən də çeçenlərdə belə baş örtüyü bu gün də dəbdədir. Taxılı ölçmək üçün bəzən istifadə edilən ağacdan düzəldilən dakqaya bənzər alətə də dakqa deyirlər), orta və kasıb təbəqəyə mənsub olanlar isə adi qoyun dərisindən hazırlanmış papaqlar və şapka (kepka), kənd yerlərində isə əsasən papaq  (motal papaq, şələ papaq, qulaqlı papaq) və şapka örtürdülər. Kişilərdən başlarına fəs qoyanlar da olurdu. Vəzifəli şəxslər, qulluqçular, ziyalılar da əsasən şapka örtürdülər (sonralar əsasən bu qəbildən olan kişilər şlyapada gəzərdilər). Başı açıq ictimai yerlərə çıxan kişilərə  nadir hallarda rast gəlmək olardı və onlar qınağa məruz qalardılar. Yadımdadır, yaşadığım Sarıtorpaq məhəlləsinin yuxarı hissəsində, Ağvanlar məhəlləsində yaşayan Əhməd dayı başı açıq gəzərdi və hamı ona bir təhər, maraqla baxardı. Başının ortası daz idi, “Başıaçıq Əhməd” deyərdilər. Bizim üçün maraqlı olan bir də bu idi ki, Əhməd dayı niyə başına papaq qoymur və daz başını göstərməkdə məqsədi nə idi (məncə sual bu gün də aktuallığını saxlayır). Düşünürəm ki, bütöv Azərbaycanda yaşayan həmvətənlərimiz, həmçinin Qafqazda yaşayan bəzi xalqlar kimi (ermənilər və gürcülər istisna olmaqla) Şəkidə də kişilər üçün baş örtüyü başı qışda soyuqdan, yayda istidən qorumaqdan daha önəmli olanı kişi qüruru, əzəməti, qeyrətinin rəmzi idi. Papağa qeyrət rəmzi, milli mənliyimizin mühüm atributu kimi baxır, onu qeyrətlərini qoruyan kimi qoruyurdular: “Papağımı yerə soxma”, “papağını qabağına qoyub məsləhətləş (fikirləş)”, “papağı günə vermə,” “papağın çəncəldə qalsın (qarğış)”, “başına hər papaq qoyan kişi olmur”, “başına papaq qoyan çox, kişi az” və s... Və bu mövzuda şifahi və yazılı ədəbiyyatımızda da kifayət qədər nümunələrin mövcudluğu dediklərimizə dəstək ola bilər. Əsrlər boyu milli qeyrət rəmzi kimi dəyərləndirilən papağın çağdaş zəmanəmizdə  “buxarlanması”, tədricən yoxa çıxması, başı açıq gəzmək fenomeninin kütləvi hal alması (bəlkə bu da Qərbin bizə sığıdığı başa bəla qloballaşmanın milli mənliyin məhv edilməsinə yönəldilən uğurlu kələklərindəndir?) düşündürücü deyilmi? Qadınlar kəlağayı  (İrət, ağ kəlağayı, qara kəlağayı, innabı kəlağayı, soğanı kəlağayı, çitmə kəlağayı), çarşab (çərşo), darayı çərşo, şal, xara şal, tirmə şal, krep şal, xınabənd, duvaq (alafa), örpəyi (ürpək), çalma, çadra ...örtərdilər. Gəlinlər toy günü baş örtüyü kimi fata qoyardılar.


Şəki mətbəxinin, şirniyyatının şöhrəti də aləmi götürmüşdü. Şəhər və kəndlərdə təxminən 45 adda aş (plov), 100-dən artıq adda dadı-ləzzəti dillərdə gəzən  cürbəcür ləziz xörəklər bişirilir, 40-dan artıq adda şirniyyat (dillər əzbəri olan məşhur Şəki şirniyyatı) hazırlanırdı. Milli şirniyyatımızın tacı sayılan məşhur Şəki paxlavasının da sorağı aləmi götürmüşdü. Bu sənətin mahir ustaları halvaçılar Mahmud, Yəhya və b. adı hörmətlə yad edilir. Bu sənət də nəsildən nəslə ötürülür. Məsələn, halvaçı Yəhyanın ulu babası Kəlvə Səməd bu sənətin əsasını 1842-ci ildə qoymuş, sonra oğlu Səməd, nəvəsi Məmmədhəsən, nəticəsi Yəhya onu yaşatmış, bu gün də həmin nəslin törəməsi olan Nadir  onların yolu ilə gedir. Məşhur aşpazlar – Dumba Əliyə, Xatın baçı, Şövkətin də xalq arasında böyük nüfuzu vardı. Yerli xörəklərin içərisində Şəki pitisinin ayrıca yeri vardı. Xüsusi dulus qabında bişirilən piti bu gün də öz tarixi “imicini “qoruyub saxlaya bilmişdir. Xalq artisti Lütfəli Abdullayevin yaxın qohumu,  “Xoruzoğlu” ləqəbli Yusif kişinin pitisinin şöhrəti dillər əzbəri idi.  Özünün hazırladığı dondurmanı xüsusi şövqlə tərifləyib satarkən Molla oğlu Mənəfin ətrafında həmişə xeyli yaşlılar və uşaqlar olardı:

 

                              Gəl, sarı inəyin südü,

                              Qaragöz camışın qaymağı.

                              Gəl, Trabzon limonu,

                              Bakinski duz,

                              Tiflisski qız,

                               Şəkinski dondurma.

                               Hərarət söndürür,

                               Otuz iki dişə proşşalnı muzıka çaldırır.

                               Gəl, sarı inəyin südü,

                               Qaragöz camışın qaymağı.

 

O, sonralar kolxoz bazarında pal-paltar satardı. Məni də yaxşı tanıyırdı. Keçən əsrin 90-cı illərində həyat yoldaşımla bazarlıq edərkən həmişə onun dilindən mənə ucadan dediyi: “ay dünya malında gözü olmayan insan” ifadəsini eşidərdim. Böyük Vətən müharibəsinin iştirakçısı idi, iki il bundan əvvəl 103 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin.


Şəkinin o vaxtkı tarix – etnoqrafik durumundan söz açmışkən əhalinin güzəranının bir təhər  yoluna qoyulmasında, ərzaqla təminatında müstəsna rol oynamış, lakin sonralar haqsız olaraq tamamılə unudulmuş etnoqrafik abidələrimiz olan su dəyirmanlarını yada salmaq istəyirəm. Mənim bu istəyim bəlkə də keşməkeşli uşaqlıq və yeniyetməlik illərimin həm də su dəyirmanları ilə əlaqədar xatirələrlə üst – üstə düşən məqamlarıdır. Bir də ki, axı su dəyirmanlarında hazırlanan unun keyfiyyəti maşın dəyirmanındakına nisbətən qat–qat yaxşı olardı. Qabaqcadan qeyd edim ki, Şəki şəhərinin su dəyirmanları mükəmməl mühəndis qurğuları sistemi, buranın təbiətinin relyefindən elmi və təcrübi baxımdan çox səmərəli istifadə  forması sayıla bilər. Dəyirmanlar şəhərin Dodu sahəsi, hazırda “Soyuqbulaq” adlanan istirahət zonasının aşağı hissəsindən başlanğıcını götürürdü. Dəyirmanlar sisteminin sonuncusu olan ləzgi İbadullahın dəyirmanı (hazırda Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsində, təxminən 100 metrliyində) ilə Dodudakı birinci dəyirmanın arasında təxminən 3 km məsafə olardı. Lakin relyefə görə ərazilərin arasında böyük fərq vardı ( Dodu hissəsində havanın temperaturu aşağı hissəyə nisbətən 3-4 dərəcə aşağı olur)  - birinci dəyirman yuxarı hissədə yerləşir, ondan sonra işləyən dəyirmanlar isə biri digərindən aşağıda olmaqla şəhərin eyni hissəsində, təxminən bir xətt üzərində yerləşmişdi. Hafizəmdə həmin dəyirmanların doqquzu qalmışdır. Bunların ikisi Doduda işləyirdi. Qalanlarını belə xatırlayıram: Dodu dəyirmanlarından sonra Hacı Zahid oğlu Fərruğun qohumu Musa dayının, Məmmədiyənin, (Dağın ətəyində olan vərəm sanatoriyasının aşağı hissəsində), adlı- sanlı ipəkçilik mütəxəssisi Sabir Kərimovun ailəsinin işlətdiyi dəyirmanlar, Mustafa dayının (sonralar Həmid dayının) dəyirmanı, bir vaxtlar Şəki Şəhər Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində işləmiş Əli Mustafayevin ailəsinin dəyirmanı, İbrahimxəlil dayının, Baba dayının, nəhayət, sonuncu, ləzgi İbadullahın dəyirmanı. Ən çox dən üyütdüyüm Baba dayının dəyirmanı idi. Dəyirmanlarda əsasən buğda, arpa, qarğıdalı və düyü üyüdülərdi. Dəyirmançı haqq olaraq şaat  (undan müəyyən miqdarda götürülən haqq) alırdı. Bəzən şaat üstündə mübahisə də düşərdi və aşağıdakı folklor nümunəsi də dediklərimizə işıq tutur:

 

                                       Dəyirmanda dən üyüdür,

                                       Şaatda başı ağrıyır.

 

Şaatdan söhbət düşmüşkən bu deyimi dəstəkləyən bir əhvalatı da qələmə aldım. Şəkidə məşhur lətifə ustadı Hacı dayının varisi kimi ad çıxarmış Hacıhəbibillahların Nuru müəllimin dilindən eşitdiyim bu əhvalatı oxuculara çatdırmaq istəyirəm. Yuxarıda adı çəkilən dəyirmançı Mustafa dayının bir nəfərlə şaat üstündə dava-dalaşı baş verir. İş məhkəməyə çıxarılır. Mustafa dayı həbs cəzasına məhkum olunur. O, cəzasını Keşlə həbsxanasında çəkirdi. Az müddət sonra oradan ölüm xəbəri gəldi...

 

Üyüdülən dənin keyfiyyəti də nəzarətdə saxlanılırdı. Dəyirmanda keyfiyyəti tənzim edən çaxçax idi. Ağacdan düzəldilmiş və dən tökülən təhnəyə pərkim edilmiş bu xüsusi qurğu vasitəsilə dəyirmançı təhnədəki dənin ağır daşın içinə verilməsini tənzim edirdi. Yem üçün, iri, narın və s. keyfiyyətdə dən üyüdülərdi. Burada folklorumuzdan daha bir nümunə  yadıma düşdü:

 

                                     Dəyirman bildiyini eliyir,

                                    Çaxçax başını ağrıdır.

 

Bu deyimi ən çox öz bildiyinə gedən, öyüd – nəsihət və tövsiyələrə qətiyyən məhəl qoymayanlar haqqında deyirlər.


Dəyirmanlar Dodu su elektrik stansiyasının (SES) suyu ilə işləyirdi. Bakı Ali Partiya məktəbində müəllimim olmuş, tarix elmləri doktoru, professor Tofiq Köçərlidən eşitdiyimə görə bu su elektrik stansiyası 1935- ci ildə istifadəyə verilmiş, onun təntənəli, izdihamlı açılışında nağara zurnanın sədaları altında 15 mindən artıq adam iştirak etmişdir. SES şəhərin elektrik enerjisi ilə təmin olunmasında müstəsna rol oynamışdır. SES Kiş çayından dağ yolu ilə çəkilmiş böyük borularla verilən su ilə təchiz olunurdu. Dəyirmanların suyunun töküldüyü çaya Dəyirmanarxı çayı deyirlər. Bu çay mənbəyini dağlardan götürərək şəhərin ortası ilə axır və Yuxarıbaşdan axan Qurcanaçayla birləşib Əyriçaya tökülür.


Müharibədən sonrakı illərdə  şəhərdə ayrıca bir qurum kimi formalaşmış müharibə qurbanları - ərləri müharibə həlak olaraq “qara kağız” (ölüm kağızı) və ya “itkin düşmüşdür” - xəbərini alanlar, ərləri keçən əsrin 37-38 ci illərində  repressiya qurbanı olmuş yüzlərlə, minlərlə bədbəxt, yesir qalmış gəlinlər, bu yaralı zavallıların da bəziləri (ərləri müharibədə həlak olanlar) 18 rubl əsgər pulu (əslində qan pulu) almağa məhkum olmuş, düşdükləri ağır durumdan bir təhər çıxmaq üçün özlərini oda-suya atırdılar.


Şəhərin çox maraqlı, rəngarəng etnik-demoqrafik mozaikası da hafizəmdə qalıb. Əksəriyyət təşkil edən yerli millət – türk azərbaycanlılarla bərabər şəhərdə xeyli sayda ruslar da yaşayırdı. Bunlar şəhərdə yerləşmiş hərbi hissələrdə (hərbi  hissələrdən birinin kazarması şəhərin Qışlaq hissəsindəki Topqarağac məscidində yerləşdirilmişdi) qulluq edən zabit və əsgərlər, zabitlərin ailələri, Leninqradın blokadası zamanı oradan təxliyə olunmuş ruslar, həmçinin, müxtəlif vaxtlarda taleyin hökmü ilə burada məskunlaşmış insanlar idi. Onların, eləcə də bəzi rəhbər, ziyalı və sıravi  qəbildən olan azərbaycanlı ailələrin uşaqları üçün 8 saylı rus orta məktəbi fəaliyyət göstərirdi. Həmin vaxtlar Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Zəbi Quliyevin oğlu Tofiqin, adlı-sanlı həkim Mirqasım Ocaqovun oğlu, sonralar Azərbaycan kinematoqrafiyasında şərəfli mövqe tutmuş, bu zaman doğma Şəkinin və şəkililərin şöhrətini də yaradıcılığında yüksək tutmuş Rasim Ocaqovun bu məktəbin şagirdləri kimi voleybol və basketbol komandalarının tərkibində oyunları da yaxşı yadımdadır. Şəhər ictimaiyyətində yaranmış rəyə görə rus məktəbində tədrisin keyfiyyəti, nizam-intizam yüksək səviyyədə idi (bunu zaman da təsdiq edirdi). Bunun səbəbini Leninqradın blokadası zamanı orada Şəkiyə təxliyə (evakuasiya) edilənlərin içərisində olan təcrübəli müəllimlərin  məktəbin pedaqoji kollektivində əsas yer tutması idi. Şəhərin baş dövlət avtomobil müfəttişi də rus idi. O,  ABŞ-ın SSRİ-yə “Lend-Liz” sazişi[1] üzrə verdiyi  məşhur “Harley”[2] (yerli əhalinin təbirincə: “Xarli”) markalı motosikletdə gəzərək nəqliyyatın təhlükəsizliyini təmin edərdi. Sərt təbiətli, qanunun keşiyində möhkəm dayanan, güzəştə getməyən, sarışın, gözəl qamətli milis zabiti idi. Adı Leonid idi, xalq arasında ona “Lyonya” deyirdilər. Konyak içməyi xoşladığını danışardılar. Sürücülərin ondan bərk qorxduqları hiss olunurdu.


Sürücülərdən söz düşmüşkən, bir neçə kəlmə də o vaxtlar istifadə olunan avtomobillər haqqında: şəhər və kəndlərdə az sayda avtomobillərə rast gəlmək olardı.  ЗИС (Завод имени Сталина rus.), ГАЗ-51, “полуторатонка” (tonyarımlıq), beş tonluq yük maşınları, bir neçə tünd qara rəngli М-1[3] markalı minik maşınları. Belə avtomobillərdən birinin bədnam “НКВД” (XDİK - Xalq Daxili İşlər Komissarlığı) Şəki  şöbəsinin rəisi Baladadaş Əliməmmədovun (o, ləzgi əsilli idi, yerlilər ona “Alməmmədov” deyirdilər) istifadə etdiyini görmüşdüm. Həmin avtomobilin Ələddin adlı yerli sürücüsü də yadımda qalıb. 50-ci illərin əvvəllərində bir neçə “Москвич- 401”[4] və “Победа” (“Qələbə”)[5] sonralar cəmi 3 ədəd çox bahalı “ЗИМ” markalı avtomobillər gətirildi. (Bu avtomobilləri prof. Əbdüləzəl Dəmirçizadənin yaxın qohumu Hikmət Dəmirçizadə, məşhur xalq təbabəti bilicisi Həkim babanın oğlanları və adını unutduğum bir sürücü gətirmişdi). Qızların adından bu avtomobilləri mədh edən bir deyim də yayılmışdı:

 

                               “Pobeda”, “Mobeda” bilmərəm,

                               “Moskviç”ə minmərəm.

                                “ZİM” qapıma gəlməsə,

                                Mən kişiyə getmərəm.

 

Az sayda ГАЗ-51 markalı avtobuslardan (ləqəb qoymaqda məşhur olan şəkililər ona “alabaş” deyirdilər) şəhər daxilində və şəhərlə kənd arasında istifadə olunurdu.  Minik vasitəsi kimi faytonlardan da geniş istifadə edilirdi. Faytonlar bir neçə variantda olurdu. İmkanlı (varlı) adamların şəxsən özlərinin idarə etdikləri tək at qoşulan gözəl dizaynlı bir nəfərlik iki təkərli faytonlar (buna “adnaşka” deyirdilər - ruscadan “одиночка” sözünün təhrif olunmuş variantı), əsasən taksi kimi istifadə edilən iki at qoşulan dörd təkərli dörd nəfərlik (sürücü istisna olmaqla) faytonlar. Bu faytonlarda sərnişinlər iki-iki, üzbəüz oturardılar. Bu zaman faytonçunun arxası sərnişinlərə tərəf olardı. Yumordan qalmayan şəkililər arasında belə bir deyim də gəzirdi: - Faytona minmirəm ki, faytonçunun dalı mənim tərəfə olur. Gəlinləri faytonlarda, bəzən “Lend-Liz” üzrə alınmış “Doç” markalı maşınlarda, imkanlılar isə “ЗИМ“ və  “Победа “maşınlarında gətirərdilər. 


Şəhərin “Gəncəli məhəlləsi” adlanan hissəsində fəaliyyət göstərən sürücülük məktəbinin əsas müəllimi və sürücülük üzrə praktika rəhbəri də sərt, zəhmli, lakin ədalətli insan kimi hörmət qazanmış bir rus idi. Yerli əhali ona  rəğbətlə “uçitel” - deyə müraciət edərdi. O,  “poltaratonka” markalı kiçik kuzovlu yük maşınında yerli şəkililərə sürücülük öyrədirdi. Maşının kuzovunun arxa tərəfində “учебная” sözü yazılmışdı. Yüzlərlə şəkili onun sayəsində o vaxtlar nüfuzlu peşə sayılan sürücülük ixtisasına yiyələndi.  Minik və yük daşıma vasitələrindən söz düşmüşkən arabalardan da danışmağa dəyər. Bu vasitələr istər şəhərdə, istərsə də kəndlərdə çox geniş yayılmışdır. Yerli sənətkarlar tərəfindən hazırlanan bu arabalar bir neçə cür olurdu: iki təkərli bir at qoşulan araba-buna “daşqa” deyirdilər; dörd təkərli iki at qoşulan araba, buna da “durux” deyərdilər. İki kəl qoşulan arabadan, tək eşşək qoşulan arabalardan da geniş istifadə olunurdu.


Rus millətindən olanların arasında Azərbaycana məktəblərində rus dilini tədris edənlər də vardı. Onlar Azərbaycana dilini də öyrənmiş və bu, onlara tədris prosesində əvəzsiz kömək olurdu. Onlardan biri də hörmətini çox istədiyim Valentina müəllimə idi. Axşam dərslərindən çıxanda evlərinə qədər ötürməyi xahiş edərdi (alman dilini tədris edən Tahirə müəlliməni, Şəkilə müəlliməni də onların xahişi ilə evlərinə mən ötürərdim). Simasından həmişə təbəssüm tökülən bu gözəl təbiətli rus qadınına rus dilini öyrənməyə qətiyyən meyli olmayan, dərslərə biganə yanaşan və avara təbiətli uşaqlar da hörmətlə yanaşırdılar. O dövrdə şəhər və rayonda az sayda rus millətindən olan bir pedaqoq qadından qısa söhbətlə fikrimi yekunlaşdırıram. Ağ sifət, gözəl qamətli bu qadın mənim rus dili müəllimim (Valentina müəllimədən əvvəl) Şirəli müəllimin həyat yoldaşı idi. 8 saylı rus  orta məktəbində dərs deyirdi. Şirəli müəllim rus dilini bizə sevdirən mükəmməl pedaqoq idi. O, eyni zamanda hərtərəfli biliyə malik dəyərli milli ziyalımız sayıla bilərdi. Məktəbimiz 3 №-li baramaaçan və ipəkburan fabrikin yanındakı Xan məscidi kimi tanınan  məscidinin həyətində inşa edilmiş iki mərtəbəli köhnə binada yerləşirdi. Şirəli müəllimin evi də həmin fabrikə bitişik vəziyyətdə idi. Onların beynəlmiləl ailəsini nümunəvi saymaq olardı. Bir oğlan və bir qız övladları vardı. Qız yeniyetmə yaşında, oğlan isə bacısından 3-4 yaş böyük olardı. Azərbaycan dilində ana dillərində olduğu kimi  səlis danışırdılar. Oğlanları Boris ortaboy, pəhləvan cüssəli, qətiyyətli yerişi ilə özünə inamlı gənc təəssürat yaradan birisi idi. Qızları anası kimi ağsifət, gözəl, ortaboy idi. Mən 1960-cı ilin yazında ordudan Şəkiyə məzuniyyətə gələndə müəllimlərimi də görməyə gedirdim. Bu sırada Şirəli müəllimi də görmək istədim... Və eşitdiyim xəbər məni sarsıltdı. Deyilənlərə görə, Boris bacısına görə qısqanclıq zəminində atasını, anasını və bacısını amansızlıqla, xüsusi qəddarlıqla balta ilə doğramışdı. İndiyədək şəhərin tarixində belə dəhşətli ailə faciəsinin, müsibətin olmadığını danışırdılar. Borisin sonrakı taleyindən də bir kimsənin xəbəri olmadı...


Ermənilər hər yerdə olduğu kimi burada da yığcam halda, kompakt, şəhərin ermənikənd adlanan hissələrində yaşayırdılar. Hər iki hissədə onlar Şəkiyə köçürüldükdən sonra inşa etdikləri erməni kilsəsi vardı, bir erməni məktəbi də fəaliyyət göstərirdi. Şəki rayonunun münbit torpaqları və gözəl abı-havası olan Cəfərabad, Daşbulaq, Göybulaq, Aydınbulaq və Şirinbulaq kəndlərində yaşayan ermənilərin vaxtilə çar II Aleksandrın 10 dekabr 1806-cı il tarixli fərmanı ilə (1805-ci il Kürəkçay müqaviləsinə əsasən, Şəki xanlığı da Rusiyadan vassal asılılığına düşdü) general-leytenant rütbəsi alaraq Şəki xanı təyin edilmiş Cəfərqulu xan Xoyskinin  (Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri olmuş Fətəli xan Xoyskinin ikinci babası Cəfərqulu xan Dünbüli) özü ilə gətirdiyi 20 min (bəzi mənbələrdə 12 min) nəfərdən 2 mininin erməni  (bu mülahizəni 1988-ci ilin yazında Şəkidə AMEA müxbir üzvü Mahmud İsmayılovun mühazirəsindən eşitmişdim) olduğu güman edilir. “...Xoy vilayətinin hakimi Cəfərqulu xan dövləti-mətbuəsindən çönüb, on mindən artıq türk və ermənidən ibarət olan məiyyətilə... Şəki vilayətinə köçmüşdür. /.../ gələn ermənilər Şəkidə bu kəndləri binə etmişlər: Cəfərabadxoy, Aydınbulaq, Göybəyli, Ağpilləkənd” (Rəşid bəy İsmayılov. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1993. s. 115. Sitat Ədalət Tahirzadənin yuxarıda qeyd olunan kitabından götürülmüşdür; bax: s. 111). Bunların törəmələri (əksəriyyəti) keçən əsrin 80-cı illərinin ikinci yarısından adətləri üzrə niyyətlərini ustalıqla gizlədərək məlum hadisələrdən bir qədər əvvəl millətçi rəhbərlərinin göstərişi əsasında  rahatlıqla mülklərini və torpaqlarını sataraq aradan çıxdılar.


Şəhərdə nisbətən az sayda türklər, kürdlər, ləzgilər, avarlar, Kazan tatarları (yerli əhalinin dilində  “Qazan tatarlar”), ukraynalılar, gürcülər də yaşayırdılar. İranda Seyid Cəfər Pişəvərinin demokratik hökumətinin süqutundan sonra repressiyalardan canını qurtararaq Şimali Azərbaycana qaçanlardan Şəkidə sığınacaq tapmış xeyli sayda cənublu qardaş və bacılarımız da vardı. Qiyayi Əkbərin sədrlik etdiyi mühacir təşkilatlı fəaliyyət göstərirdi. Yerli camaat onlara iranlı, demokrat deyirdi. Onların bir qismi  əvvəllər indiki S.Rəhman adına Dövlət Dram Teatrının binasının yanındakı ictimai binalarda, kolxoz bazarı kimi istifadə edilən Aşağı Karvansaranın bir hissəsində yerləşdirilmişdilər.  Sonralar ev-eşik sahibi oldular, dövlətin müəyyən etdiyi kvota üzrə ali məktəblərdə təhsil aldılar. Çoxları yerli şəkililərlə ailə həyatı qurdu, talelərini bu şəhərlə bağladılar. Cənublu qardaşlarımız əsasən ucaboy, gözəl qədd-qamətli, sağlam sifətli, saf əxlaqlı insanlar idi. Onların çoxları ilə uzun illər dostluq münasibətlərim olub. Pəhləvan cüssəli Zülfəli, sürücü İzzət, həkim Nazağa, baytar həkimi Fərhadla, gözəl ədəb-ərkanı və əməli-saleh təbiətilə yaşından və yaşıdlarından ucada dayanan Ağalar KərimovRəfii Maariflə məktəb illərindən başlanan dostluğumuzu yarım əsrdən artıq bir dövrdə qoruyub saxlaya bildik.


Şəhərdə xeyli beynəlmiləl ailələr də vardır. Bəziləri müharibədən qayıdarkən özləriylə cəbhə illərində sevdikləri rus, ukraynalı (“xaxol”) və hətta alman millətindən olan qızları, bəziləri isə Rusiyada təhsil alarkən və ya orduda xidmət edərkən tanış olduqları rus qızları ilə burada ailə həyatı qurmuşlar. Onların bir qismi həyatın sınağından uğurla keçərək yerli qızların da qibtə etdikləri xoşbəxt ailə qurdular, övladlarını tərbiyə edib ərsəyə çatdırdılar, cəmiyyətdə layiqli mövqe tutdular. Bu uşaqlar əsasən rus məktəbində təhsil alsalar da Azərbaycan dilini səlis bilir və danışırdılar.  (Xüsusən Bakıda yaşayan bəzi soydaşlarımızın  yaşa dolsalar da ana dilimizdə təmiz danışa bilməməsi (əslində, istəməməyi, ona sayğısız münasibəti, az qala qürurla «я - русскоязычный (-язычная)» (“mən rusdilliyəm”) ifadəsini gözə soxmaları, sığortalan­ma­ları fonunda bu faktın əhəmiyyətini qeyd etməyi və böyük türk şairi Yəhya Kamalın “Türkcə ağzımda anamın südüdür” kəlamını yada salmağı lazım bilirəm). Lakin bəzi şəkililərin müharibədən özləri ilə gətirdikləri yad millətlərin nümayəndələrini ya oğlanların valideynləri qəbul etmədilər, ya da ki, qızlar düşdükləri şəraitə uyğunlaşa bilməyərək vətənlərinə qayıtdılar.


Şəhər əhalisinin demoqrafik tərkibindən danışarkən burada yaşayan alman əsirləri barədə söz açmaq yerinə düşərdi. Böyük Vətən Müharibəsi zamanı əsir düşmüş alman əsirlərinin bir hissəsini Şəkidə saxlayırdılar. Müharibə qurtarandan 10 ilə yaxın bir müddət keçməsinə baxmayaraq onlar öz hərbi paltarlarında, ayaqqabılarında gəzirdilər, onları mühafizəsiz buraxırdılar. Ayaqqabılarının altı indiki platforma ayaqqabılara oxşayan qalın taxtaya bənzər materialdan hazırlanmışdı. Əsasən ucaboy, arıq insanlar idi. Aralarında vaxtilə Almaniyadan gətirdikləri dodaq qarmonu (şəkililərin təbirincə “mizqan”) çalanlar da olurdu.  Mənim yaşadığım Sarıtorpaq məhəlləsindən keçərək şəhərin kənarındakı sallaqxanada kəsilmiş heyvanların qanını özləri ilə gəzdirdikləri xüsusi aliminum qablarda aparıb bişirib yeyirdilər. Əsirlər özləri ilə götürdükləri çuvallara yaxınlığımızdakı Sarıtorpaq adlanan yerdəki qobuda zibillikdə yetişmiş  gicitkəndən (yerli ləhcədə cincar) yığırdılar. Zənn edirəm ki, o vaxtlar yerli əhali gicitkənin müalicəvi əhəmiyyətini kifayət qədər bilmirdi, ona görə almanların bu hərəkətinə təəccüb edirdilər. Doğrudur, yerli əhali gicitkəndən göy qutabı, əməköməci (yerli ləhcədə balva) bişirirdi. Muxtar əmim müharibə iştirakçısı idi, onun alman əsirlərini dəfələrlə evə çağıraraq milli xörəklərə qonaq etməsini görüb təəccübümüzü bildirəndə deyərdi ki, bunların günahı yoxdur, əmri yerinə yetiriblər. Onun böyük ürəyinə indi də heyranam.


Əsirləri Lend-liz üzrə Sovet İttifaqına verilmiş “Studabekker”  (ing. Studebaker) markalı 10 tonluq və “Doç” markalı Amerika maşınlarında, həmçinin müharibə illərində almanlardan “trofey” kimi götürülmüş kiçik kuzovlu maşınlarında işləməyə aparırdılar. Bəzi yeniyetmələr almanlara sataşaraq qaçıb arxadan həmin maşınların səs boğan borularına ayaqqabılarının altını dirəyib mühərriki söndürə bilirdilər. Bu zaman alman sürücü düşüb gələr, sakitcə başını bulayıb narazılığını ifadə edərək yenidən sükan arxasına keçərdi. Əsirlərin arasında heykəltəraşlar da vardı. Onların yaratdıqları natural  şir (aslan) ölçüsünə uyğun heykəlləri, böyük, müxtəlif haşiyəli dibçəkləri fabrik və zavodların, mədəniyyət və istirahət parklarının girişində qoyurdular. Əsirlər 1955 - ci ilin sentyabrında AFR (Almaniya Federativ Respublikası)  ilk federal kansleri Konrad Adenauerin (ing. Konrad Hermann Joseph Adenauer 1876-1967) Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovla bağladıqları sazişə əsasən qarşılıqlı dəyişdirildilər.


Əsirlərdən söz düşmüşkən alman əsirliyindən qayıdan bəzi şəkililərin aqibətinə də toxunmaq istəyirəm. Hakimiyyət onları heç də qucaq açaraq qarşılamadı. Yenidən məhkəmələr qurulur, onların bir hissəsi mühakimə olunaraq sürgün olunurdu. Qonşumuz Fizan bacının oğlu Ələsgər Əkbərov da əsirlikdən qayıdanların arasında idi. Uşaq həkimi ixtisaslı, qarayanız, ucaboy, sıx qıvrım qara saçlı gözəl qamətli, yüksək ədəb -ərkanlı  bir insan idi. Bir neçə dəfə onun əsirliyə görə mühakimə olunaraq milislərin müşayiətilə evindən sürgünə göndərildiyini öz gözümlə görmüşəm: özü ilə yorğan aparmağa icazə vermişdilər. İosif Stalinin vəfatından sonra başlayan “istiləşmə” illərində əsirlikdə olanlara da münasibət dəyişdi, Ələsgər həkim hətta irəli çəkilərək şəhər uşaq xəstəxanasının baş həkimi təyin edildi.


Rayonun Oxud kəndindən olan Əhmədiyyə Cəbrayılov Daxau və Montovan həbs düşərgələrində alman əsirliyində olmuş, fürsət düşən kimi qaçaraq əfsanəvi general De Qollun başçılıq etdiyi Fransa Müqavimət Hərəkatına qoşulmuş, “Armred Mişel”, “Ryus Armed” “Xarqo” təxəllüsü ilə faşistlərə qarşı gizli fəaliyyət göstərmişdir. Fransanın Fəxri Legion ordeni və daha 4 orden və medalla təltif olunmuşdur. Fransa-Sovet Paktı bağlandıqdan sonra Əhmədiyyə məcburi olaraq Sovet İttifaqına repatriasiya edilib və “NKVD” tərəfindən işgəncələrə məruz qalıb. Əhmədiyyəni bu təqiblərdən bir təsadüf xilas edir. 1966-cı ildə Fransanın Prezidenti vəzifəsində SSRİ-yə səfər edən De Qoll köhnə silahdaşı Əhmədiyyə ilə görüşmək istədiyini bildirir. Əhmədiyyə Moskvaya gedərək onunla görüşür... və, nəhayət ondan əllərini götürürlər, bəraət verirlər. Gözləri tərəzi olan şəkililər isə bu görüşə laqeyd qalmayaraq ona “De Qoll” ləqəbini verirlər. Bu yaxınlarda Fransanın Montauban şəhərinin yaxınlığında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Kavertat Maquis Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kavertatda üçüncü qusar alayının sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə möhtəşəm abidə qoyulmuşdur.


Müharibə mövzusunda söhbət düşmüşkən hesab edirəm ki, bir vacib məsələnin üstündən sükutla keçmək də günah sayıla bilər. Bu, müharibə illərində kollaborasionistliklə məşğul olanlar haqqındadır. Bu termin düşmənin tərəfində öz xalqına qarşı vuruşmaq, ona hər hansı formada xidmət göstərmək, vətənə xəyanət etməkdir. İkinci dünya müharibəsi zamanı Avropa ölkələrində 10 milyon, SSRİ-dən isə 1 milyon insanın kollaborasionist olduğu aşkar edildi. Ən məşhur kollaborasionistlərdən biri müharibə qurtarandan sonra məsuliyyətə cəlb edilərək Norveç məhkəməsi tərəfindən mühakimə olunmuş, 1920-ci ildə Nobel mükafatı almış Knut Hamsundur. Müharibə qurtarandan sonra Vətənə xəyanətdə bu formada ittiham olunanları partizanlar və müqavimət hərəkatının iştirakçıları özləri mühakimə edərək yerindəcə edam edirdilər. İtaliyada onları diri-diri dənizə atırdılar. Fransada almanlara “qulluq” göstərmiş fahişələrin başını kütlənin içərisində qırxaraq rüsvay edirdilər. Kollaborasionist  fəaliyyətində ittiham olunanların arasında həmyerlilərimizin də olduğunu çox təəssüf və ürək ağrısı ilə qeyd etmək məcburiyyətindəyəm. Şəkidə mötəbər və çoxsaylı mənbələrdən, hadisənin iştirakçılarından eşitdiyimə görə müharibə illərində almanlara əsir düşərək onlarla əməkdaşlıq etməyə razılıq vermiş vaxtilə şəhərin Dodu adlanan hissəsinin 3 sakinini xüsusi casus məktəblərində hazırlaya­raq təyyarədən gecə vaxtı paraşütlə Şəkiyə salırlar. Onların qarşısında təxribat-terror tədbirləri həyata keçirərək V.İ.Lenin adına ipək kombinatını, o vaxtlar şəhərin yeganə elektrik təchizatı mənbəyi olan Dodu SES-i partlatmaq, içməli su mənbələrini zəhərləmək, antisovet təbliğatı aparmaq və b. vəzifələr qoyulmuşdur. Görünür, bu təxribatdan qabaqcadan xəbər tutan sovet xüsusi xidmət orqanları sayıqlıq göstərərək diversantları paraşütlə düşərkən yaxalayaraq şəhərin Kiş çayı (yerlilər Quru çay da deyirlər) adlanan hissəsində on minlərlə əhalinin gözü qarşısında güllələdilər. Bu vətən xainlərinin ailələrini, qohum-əqrəbalarını hamı tanıyırdı.  O vaxtlar Şəki Şəhər Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyərkən hadisədən 30 ildən artıq bir müddət keçməsinə baxmayaraq bu nəsildən olanların partiyaya qəbul məsələsinə bir qayda olaraq rədd cavabı verildiyinin şahidi olmuşam. Bu isə həmin nəsildən olanların karyera, vəzifə kitablarının qıfıllanması demək idi... Müharibədən on illər keçməsinə baxmayaraq bu xəyanət hadisəsi yaddaşlarda yaşayır, dillərdə gəzirdi, xalq onları nifrətlə yad edirdi.

 

Müharibədən sonrakı illərin ən yadda qalan hadisələrindən biri, bəlkə də ən başlıcası qərbin SSRİ-yə qarşı hazırladığı yeni müharibə təhlükəsinin qarşısını almağa yönəlmiş böyük sülh hərəkatı idi. Bu hərəkat bütün sosialist düşərgəsində böyük vüsət alaraq ümumdünya miqyasına çevrilmişdi. O vaxtlar yeni dünya müharibəsinin qarşısının alınmasında Ümumdünya Sülh Şurasının böyük xidmətləri olmuşdur. Deyilənə görə, o vaxtlar İngiltərənin Baş naziri olan Uinston Çörçill Amerika prezidenti Harri Trumeni  SSRİ-ni atom bombası ilə məhv etməyə təhrik etmiş, lakin prezident bu təklifdən çəkinərək  Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini atom bombaları ilə dağıtmışdır. U.Çörçill SSRİ-yə qarşı düşmənçilik iddialarından əl çəkməyərək ABŞ-ın Fulton şəhərindəki məşhur çıxışında SSRİ-yə və bütün sosialist düşərgəsinə qarşı soyuq müharibə elan etdi və bu, 1991-ci ildə SSRİ-nin süqutu ilə başa çatdı. Mövzuya qayıdaraq xatırlayıram ki, həmin illərdə digər kütləvi tədbirlərlə bərabər hər yerdə “Sülhə sülh” (əslində “миру - мир” sözünün tərcüməsi olaraq “dünyaya sülh” yazılmalı idi) şüarlar, transparantlarla bərabər xüsusi iynəyə (bulavka) yapışdırılmış ağ rəngli miniatür sülh göyərçini şəklini də az qala hamı geyiminin görkəmli yerində taxardı. Bir müddət sonra xəbər yayıldı ki, bəs həmin sülh göyərçinin şəklini  yaradan rəssam vətən xaini çıxıb və onu güllələyiblər. Məsələnin mahiyyəti bunda idi ki, həmin sülh göyərçinlərinin arxa tərəfində çox xırda formada, lupada görünən bomba həkk olunmuşdu... Yəni belə çıxırdı ki, sülh göyərçinləri vasitəsilə sülh əvəzinə müharibə simvolu olan atom bombası təbliğ edilirdi.


O dövrün oğlan uşaqlarının (bəzi istisnalarla) əsas ünsiyyət yeri küçələr, kiçik meydançalar, gimgələr idi. Yaş fərqi müxtəlif olmalarına baxmayaraq oğlanlar mütəhərrik oyunlarla məşğul olur, bu oyunlar onların fiziki inkişafında müstəsna rol oynayırdı. Ən çox yayılmış oyunlar - artırmış, aşıq qoz, qazanbeli, qazanpeçat, danahoo, dülədöymə, ənzəli, keçisoyma, yeşinbabaş (gizlənpaç), mozanı qur, gəl məni vur, fırrağan döyüş, çilingağac , eşşək beli xış və s. idi. Oğlanlar arasında güləş də çox yayılmışdı. Təxminən 24-25 yaşlarında olan, gözəl qədd-qaməti, mərd təbiəti ilə hamının rəğbətini qazanmış Nuralların Paşa  məhəllə oğlanlarını Zorbaların geniş, yaşıl həyətinə yığaraq güləşdirərdi (o, aşağıda haqqında söhbət açacağım Ləzgi Paşa ilə əmioğlu idilər). Öz əllərimizlə qarğı, çiriş və bir qəzet səhifəsindən istifadə edərək hazırladığımız çərpələngləri mağara sapına bağlayaraq dağ ətəyinə çıxıb uçurar, səmanın əngilliklərində üzən bu möcüzəyə qürurla tamaşa edərdik. Qızlar arasında bənövşə-bənövşə, qolçaq-qolçaq, gəlin-gəlin, işdi-işdi, yeşinbabaş və b. oyunlar geniş yayılmışdı.

O dövrdə qanunların sərtliyinə baxmayaraq şəhərdə dəhşətli ağır cinayətlər da baş verirdi. Ləzgi Paşa şəhərin indiki S.Rəhman adına Dövlət Dram Teatrının yanında xüsusi evdə yaşayırdı. Pəhləvan cüssəli, ucaboy, enlikürək, sarıbəniz qıvrım saçlı idi, yadda qalan dəniz kimi mavi gözləri vardı. 5 tonluq yük maşınının sürücüsü idi. Təbiətcə çox sadə, mehriban olduğunu xüsusi vurğulayırdılar. Milli güləşdə onun qabağına çıxmağa cürət edən olmazdı. Deyilənlərə görə bir dəfə milli güləş üzrə Azərbaycan çempionu, əfsanəvi Sali Süleyman (şəkililər ona “Sarı Süleyman” deyirdilər; onu ilk və axırıncı dəfə həyat yoldaşım Hüsniyyə xanımın işlədiyi 4№-li poliklinikanın yanında gördüm, oradakı skamyada oturmuşdu, qocalmışdı, lakin qəddi-qamətini saxlamışdı), Şəkiyə güləşə gəlir. Ləzgi Paşa onunla güləşmək istədiyini bildirir. Güləş təyin olunan gün bütün şəhər bu hadisə ilə yaşayır, qalib barədə müxtəlif mülahizələr söyləyirdilər. Nağara-zurnanın səsi yarış keçiriləcək binanı titrədir, insanların arasına iynə atsan yerə düşməzdi. Yarışdan bir az əvvəl Saleh Süleyman Ləzgi Paşanı görmək istədiyini bildirir. Görüşürlər və... Saleh Süleyman onunla görüşməkdən qəti imtina edərək Bakıya qayıdır (Görünür, Paşanın qədd – qamətini gördükdən sonra bu qərara gəlməli olub). Nə yazıq ki, belə əfsanəvi gücə və qibtə ediləcək ədəb-ərkana malik olan bu gənc pəhlivan Balakən rayonunda özündən qat-qat zəif və cılız birisi tərəfindən qəflətən bıçaqlanaraq qətlə yetirildi. Bütün şəhər onu son mənzilə yola salmağa gəlmişdi.


Ləzgi Paşanın yaşadığı evin yanında hərbi hissə yerləşmişdi.  Hissənin komandirini bir neçə dəfə görmüşdüm. Polkovnik rütbəsində rus zabiti idi. Paşanın ölümündən 5 il sonra Moldaviyanın (indiki Moldova) Kişinyov şəhərinin təxminən 5-6 km-də Durleştı kəndinin yaxınlığında yerləşən hərbi hissədə qulluq edərkən inspektor yoxlamasına gələn həmin polkovniki tanıdım və icazə alaraq özümü təqdim edib Azərbaycanın Nuxa (o vaxtlar Şəkinin adı) şəhərindən olduğumu bildirərək onu tanıdığımı söylədim... Dərhal Ləzgi Paşanı xəbər aldı, onunla dost olduqlarını söylədi. Mən Paşanın faciəli taleyini danışdım, hadisənin təfərrüatı ilə maraqlandı, çox təəssüfləndi...


O illərdən yadımda qalan ən acı xatirələrdən biri də “Qotur” ləqəbli Sabir adlı bir gəncin başının kəsilməsi hadisəsi idi. Şəxsi tanışlığımız olmasa da, onu tanıyırdım. Toylarda məharətlə rəqs edən, ortaboy, yaraşıqlı, qırmızısifət, gülərüz bir gənc idi. Ləqəbi ilə sifəti üst-üstə düşmürdü (hərçənd yerlilərimin ləqəbqoyma məharətlərinə qətiyyən şübhə etmirəm). Hadisə 1955-cü ilin yazına təsadüf edir.


5 №-li orta məktəbin 8-ci sinfində oxuyurdum. Dərsdən çıxarkən Qotur Sabirin başının kəsilməsi xəbəri ildırım sürətilə məktəbə yayıldı. Hamımız hadisə yerinə yollandıq. Hadisə Qurcana çayının sol sahilində, “Nuxa fəhləsi”qəzetinin redaksiyası və mətbəənin binasından təxminən 75-80 metr yuxarıda, erməni Kinikorun evinə aparan dağ yolunun başlanğıcında baş vermişdi. Sabirin meyitini götürməmişdilər, hüquq-mühafizə orqanları təhqiqat aparırdı. Hadisənin sonrakı gedişindən xəbərim olmadı.


Keçən əsrin 50-ci illərinin ən yaddaqalan hadisələrindən biri də Molla Nuhbala dayının Həcc ziyarətinə yola salınması mərasimi idi. Molla Nuhbala dayı şəhərin ən böyük məscidi sayılan Cümə məscidindən yola salınırdı. XIX əsrin möhtəşəm tarix-memarlıq abidəsi sayılan bu məscid şəhərin ən böyük məscidi idi. Molla Nuhbala dayı ortaboy, sağlam bədənli və görünüşlü, qətiyyətli, inamlı yerişli, əlində əsa gəzdirən din xadimi idi (əslində əsaya ehtiyacı yox idi). Az qala bütün şəhər əhli onun müqəddəs Həcc ziyarətinə xeyir-dua verməyə, həm də tamaşaya  gəlmişdi. Məscidin ətrafı və ona yaxın küçələr adamla dolu idi, uşaqlar ağaclara, evlərin damına çıxmışdılar. Milislər Molla Nuhbala dayının oturduğu kiçik tutumlu avtobusu (şəkililər buna “alabaş” deyirdilər) güclə mühafizə edə bilirdilər. Kütlə mollanı görməyə can atır, avtobusun yola düşməsinə mane olurdu. 2-3 saat davam edən belə qələbəlikdən, basabasdan sonra, nəhayət, avtobusu yola sala bildilər. Bu hadisə bir neçə gün şəkililərin əsas müzakirə, söhbət mövzusu oldu... Bir neçə gündən sonra şəhərə səs yayıldı ki, bəs Nuhbala dayının Həcc ziyarəti hansı səbəbdənsə baş tutmayıb. Və biz onu yenidən əvvəlki qətiyyətlə, həm də sanki heç nə baş verməmiş kimi yas mərasimlərini idarə etdiyinin şahidi olduq. Əslində nə baş verdiyini nə izah edən, nə də bilən oldu...


O dövrdə şəhərin yeganə bazarı Aşağı Karvansarada yerləşirdi. Möhtəşəm tarix-memarlıq abidəsi sayılan Karvansaranın 270 otağı, geniş meydançası vardı. Burada quş iliyi, can dərmanı tapmaq olardı. Nuxa bazarı hələ XIX əsrin 50-ci illərinin sonlarında məşhur ipək yolu marşrutu ilə buraya səfər etmiş fransız yazıçısı Aleksandr Dümanın da diqqətini cəlb etmişdi:  “Mənim gördüyüm bazarlar içərisində ən yaxşısı, ən zəngini üçü - Dərbənd, Bakı və Nuxa bazarlarıdır; hətta Tiflis bazarı da bunlardan geri qalır” (bax: Aleksandr Düma. Qafqaz. Bakı, 2010, səh. 258). Rayonun bütün kəndlərindən bazara məhsul gətirilir, demək olar ki, bütün sənətkarlar öz əl işlərini satışa çıxarırdılar. Qulaq batıran, yerli ləhcədə səslənən bazar tərifləri isə ağız ədəbiyyatının çox maraqlı nümunələri sayıla bilərdi. Belə səhnələrdən biri daha çox yadımda qaldığından haqqında danışmaq istəyirəm. Qəssablar bazarın əsas satıcıları sayılırdı. Onların arasında Məşədi Muxtarın xüsusi yeri vardı. Şəhərin Gəncəli məhəlləsində yaşayırdı (bu məhəlləyə Güldəstə də deyirlər). Burada  məskunlaşanlar əsasən vaxtilə Gəncədən köçüb gələn şiə təriqətinə xidmət edənlərdir. Yerli sünnilər onlara “qəcərlər” deyirlər.


Məşhur Güldəstə piri də şəhərin müqəddəs sayılan yerlərindəndi. Pirin yaranma etimologiyası ilə əlaqədar AMEA həqiqi üzvü, ilahiyyatçı alim, prof. Vasim Məmmədəliyevin vaxtilə mənimlə söhbətində dediyinə görə, onun ana xəttilə babası, böyük babası, yəni anasının babası Hacı Mirbaba olub. Hacı Mirbaba çovuş olub, zəvvarları Həcc, Kərbəla və Məşhəd ziyarətinə aparırmış. Deyilənə görə, o, 40 dəfə Kərbəlada, 25 dəfə Məkkədə olub. Bəzi məlumatlara görə, 113 yaşında, başqa bir rəvayətə görə isə, 117 yaşında axırıncı dəfə ziyarətdən qayıdanda 1918-ci ildə Ağdaşdakı Türyançayda batıb, atla birlikdə onu sel aparıb. Hacı Mirbabanı Güldəstədə basdırıblar və camaat onun qəbrini ziyarətə çevirib.


AMEA müxbir üzvləri Mahmud İsmayılovYaşar Qarayev, prof. Şirməmməd Hüseynov, respublikanın xalq artisti Ə.Sadıqov, yerli folklor qəhrəmanı kimi şöhrət qazanmış dəyərli ziyalımız Mirzə Abdulcabbar da bu məhəllənin sakinləri olmuşlar.


Məşədi Muxtarla bağlı söhbətə qayıdıram. Ortaboy, dolu bədənli, qırmızı, kök, çopur sifətli idi, sürətli, xırda, lakin qətiyyətli yerişlə hərəkət edirdi, sanki harasa tələsirdi. Baş barmağının biri dibindən kəsilmişdi. Qəlyan çəkirdi. Onun ətrafında, yalnız bazarda yox, bazara gəlib getdiyi yolboyu da həmişə, necə deyərlər, “azarkeşləri” olardı. Bəziləri sataşar, cırnatmaya, atmacalara əl atar, bəziləri kömək etmək istəyərdi, xülasə, onun şəxsiyyətinə laqeyd qalan tapılmazdı. Özünə məxsus matahının tərifini yalnız ona aid ifadələrlə göylərə qaldırar, qeyri-standart davranışı isə bir əsərin süjeti ola bilərdi. (Mirzə Cəlilin və Əbdürrəhim bəyin qələminin yeri məlum!).


Rəhmətlik Məşədi Muxtarı yadıma salan və onu qələmə almağa səbəb olan bir hadisə oldu. “Bir cüt papuş” adlı gerçək əhvalat üçün material toplayarkən vaxtilə Şəki milisinin rəisi işləmiş və adı həmin əhvalatda gedən Ərzuman Zülfüqarovun qızından aldığım, atasının yazdığı “Ömrümün 80 illik anları” kitabında Məşədi Muxtarla bağlı maraqlı bir epizoda rast gəldim və bu, yuxarıda qeyd etdiyim onun qəribəliklərinə əlavə də ola bilər. Sitat: “Baladadaş Əliməmmədov ikinci dünya müharibəsindən sonra Nuxa şəhər milis idarəsinin rəisi olmuşdur. Az müddətdə böyük hörmət qazanmış, cinayətkarlıqla mübarizədə müəyyən nailiyyətlər əldə etmişdir. Onun haqqında Şəkidə əfsanə və nağıllar danışılırdı. Bir gün Baladadaş, Əliməmmədovun qonağı olur. Xörək bişirmək üçün əti həmişə şəhər ağsaqqalı Muxtar kişidən alırmış. Qonaq gələndə milis (polis) nəfərini göndərib Muxtardan təzə ət gətirdir. Ətin az olduğunu görən milis rəisi milis nəfərini bir də ətsatan Muxtarın yanına göndərir. Axşamdan xeyli keçdiyindən Muxtar kişidə ət olmur. Milis nəfəri boş qayıdıb rəisə məruzə edir ki, ət yoxdur. Əliməmmədov milis nəfərini bir də Muxtarın hüzuruna göndərir ki, bəs get, denən ki, rəis əmr edir. Muxtar kişi Baladadaşın xətrini o qədər çox istəyirmiş ki, milis nəfərinin gözü qarşısında ət doğrayan baltanı götürüb əlini kötüyün üstünə qoyaraq baş barmağını balta ilə çapıb milis nəfərinə verir ki, apar ver rəisə və denən ki, Muxtar kişidə ət yoxdur." (Bu əhvalatı rəhmətlik Muxtar kişi özü mənə danışmışdır. Həqiqətən də, onun baş barmağı yox idi”) (bax: Ərzuman Zülfüqarov. "Ömrümün 80 illik anları". (Xatirələr). Bakı, 2004, səh. 77).


Yuxarıda adını çəkdiyim məşhur Şəki bazarını yaddaşımda canlandırarkən buranın daimi satıcı və müştəriləri kimi tanıdığım rayonun eyni coğrafi ərazidə yerləşən Baş Zəyzid, Orta Zəyzid və Vərəzət kəndlərinin sakinləri barədə bir neçə kəlmə yazmaq istəyirəm. Şəhərin Qışlaq hissəsindən olan atamın xalası Səyalı xala Orta Zəyzid kəndində yaşayan mömin, sayılıb-seçilən bir şəxsiyyət kimi tanınan Mustafa dayı (Bal Mustafa) ilə ailə qurmuş, yeddi qız və bir oğul dünyaya gətirib ərsəyə çatdırmışdılar. Bizim bu ailə ilə sıx qohumluq əlaqələrimiz vardı. Mustafa dayının arvadı Sayalı xala Bəstərək nənəmin bacısı idi. Bu səbəbdən zəyzidlər və zəyzidlilər haqqında canlı təsəvvürə malik idim. Babamla dağçılıq etdiyim illərdə (təxminən 13 yaşınadək) dağ yollarında həmişə zəyzidliləri görərdim. Onlar üç dağı aşaraq dağ yolu ilə piyada, at, qatır və eşşəklə kərpic zavodunun yanından düşüb Şəki bazarına cürbəcür matah, kənd məhsulları, tuğ, süpürgə, kömür, düzəltdikləri nərdivanları (Şəki dialektində “nərdiyan”) və s. gətirib satar, bazarlıq edərək elə həmin yolla da kəndlərinə qayıdardılar. Biz iki dağ aşaraq (bu dağlar müharibə və sonrakı illərdə tamamılə qırıldığından odun və kırpı dalınca üçüncü dağa – Zəyzid dağlarına gedərdik) onlarla “Yanıqlıq” adlanan dağ yolunda rastlaşardıq. İllərlə onlarla rastlaşdığımdan çoxlarını sifətindən tanıyırdım. Onların içərisində xüsusilə bir nəfər - sifətindən nur tökülən ahıl bir qoca hafizəmdə qalıb. Yaşına görə gümrah görünürdü. Həmişə çiynində bazara nərdivan aparardı. Güman edirdim ki, nərdivanları özü düzəldirdi. Yaddaşımda həkk olunub qalan əsas məsələ onun ədəb-ərkanı, mərifəti idi. Adətən, babam yaşına görə eşşəkdə getdiyinə görə mən qabaqda piyada gedərdim və qoca ilə qabaq-qabağa çıxardıq. Bu zaman bir qayda olaraq onun bizi qabaqlayaraq bir az kənara çəkilib başını aşağı salan vəziyyətdə hörmətlə “Salam-məleyküm” kəlməsini dilinə gətirdiyinin hər dəfə şahidi olardıq. O, bizdən ötdükdən sonra da qarşısına çıxanları eyni ehtiramla salamladığını müşahidə etmişdim. Allahın müqəddəs kəlamına və onun sadiq bəndələrinə bu qədər hörmətlə yanaşmaq bu qoca bəndənin büllur kimi saf mənəviyyatına işıq tutmurdumu? Ey bu günün gəncliyi! Bu sətirləri diqqətlə oxu, üç dağı piyada aşaraq alın təri ilə düzəltdiyi nərdivanı bazara çıxarıb ailəsinə ruzi gətirən və bu zaman hamıya və hər kəsə insanlıq nümunəsi göstərən o nurani qocadan – min illərlə formalaşmış milli mənəviyyatımızın daşıyıcısından örnək götür.


Şəki bazarından danışarkən buradakı məşhur mal bazarından söz açmamaq mövzunu yarımçıq qoymağa, haqlı qınağa məruz qalmağa əsas vermək kimi bir şeydir. Mal bazarı bazar günləri-həftə bazarı kimi fəaliyyət göstərirdi. Hazırda Şəhər Polis İdarəsinin yerləşdiyi ərazidən dağ ətəyindəki erməni qəbiristanlığına qədər ərazini tuturdu. Bazarda satmaq üçün rayonun kəndlərindən və şəhərin özündən, həmçinin qonşu rayonlardan gətirilən iri buynuzlu mal-qara, qoyun-quzu, keçi, at, qatır, eşşək və s., quyruğu az qala yerə dəyən məşhur Qarabağ qoyunları, dağ yolu ilə Dağıstandan gətirilən (Şəki Böyük Qafqaz sıra dağları vasitəsilə Dağıstanla həmsərhəddir) tuş, ləzgi qoyunları qızğın alqı-satqı obyekti olardı. At, qatır və eşşəkləri sınaqdan keçirmək üçün mini cıdır düzü kimi ərazi də ayrılmışdı. Heyvanların dəyərini müəyyənləşdirib, alqı-satqı sövdələşməsinin baş tutmasını təmin edən çox səriştəli, dilli-dilavər, alıcı və satıcıların psixologiyasını əla bilən indiki terminlə desək, maklerlər qızğın fəaliyyət göstərirdilər. Onlar bu bazarın yaraşığı, bazar adında mürəkkəb mexanizmi məharətlə işlədən nadir bacarığa malik insanlar sayılırdı. Onlar əllərinə düşən müştərini, hətta alqı-satqı niyyəti olmayan, lakin dəllala maraqlı görünən hər kəsi əldən buraxmaz, bəzən ölüvay, qoca, fiziki cəhətdən əldən düşmüş heyvanları məharətlə hərif birisinə sırıyır və haqqını həm satandan, həm də alandan alırdı.


Babamla dağçılıq illərimdən daha bir epizodu hafizəmdə canlandırıb sözlə portretini çəkməyə bir cəhd edirəm. Qeyd etdiyim kimi biz adətən çırpı və ya odun gətirmək üçün iki dağı aşaraq üçüncü dağa - Zəyzid dağına getmək məcburiyyətində qalırdıq. Həmin dağın zirvəsindən Zəyzidlərin bir hissəsi ovucun içi kimi görünürdü. Dağın aşağısında, meşənin qalın yerində bir neçə yerdən kömür yandırılan quyulardan şaquli istiqamətdə, təxminən 40-50 m boyunda sanki bir düz dirək şəklində tüstü qalxar və müəyyən həddə, nöqtəyə çatanda elə bil gözəgörünməz bir qüvvənin əli ilə vurulur, qılıncla kəsilirdi. Bu möcüzəli mənzərəni xeyli müşahidə edər, səbəbini dərk edə bilməzdim. Bunun cavabını sonralar özüm üçün müəyyən etdim – sən demə, o “gözəgörünməz qüvvə” tüstünü müəyyən həddə “yaxalayan”, “vuran”, “kəsən” o nöqtədə, xətdə əsən xəzan, külək imiş... Babamla xatirələrimə dalarkən onun ayrılmaz “dostu” olan qəlyanından da bir neçə kəlmə danışmaq istəyirəm. Babam yalnız tənbəki çəkərdi. Qəlyanı ilə kiçik tənbəki torbası da gəzdırərdi. İplə bağlanmış mismar boyda məftillə vaxtaşırı qəlyanın içini təmizləyərdi. Deyirdi ki, qəlyan çəkəndə rahat nəfəs alıram. Mənim ən çox marağıma səbəb olan çaxmaq daşı idi. Qaya daşının xüsusi növü olan çaxmaq daşını bir-birinə vurarkən alınan qığılcımdan tənbəki od götürüdü. Görünür o dövrdə caxmaq daşından istifadə zərurəti spiçkanın olmaması ilə də izah edilə bilərdi.


Sədaqət, sadiqlik meyarı bütün şüurlu ömrüm boyu məni tərk etməmiş, bu meyarı başımın tacı, həyatımın əsas məqsədlərindən saymışam. Məndən asılı olan və ya olmayan səbəbdən bu qırmızı xətti keçmişəmsə, heç vaxt özümü bağışlamamışam. Yaradıcılığımda da buna həmişə diqqət yetirmişəm. Ona görə bu mövzu ilə bağlı yaddaşımda canlandırdığım bir neçə xatirəni qələmə aldım. Xarici telekanalların birində itin sahibinə sədaqəti, sahibinin isə bunun müqabilində itinə qarşı qəddarlığı elə onun öz dilindən səsləndirilirdi. Hadisə belə olmuşdur: hansı səbəbdənsə iti ilə cəncəllikdə azan birisi bir neçə gün sonra itini də itirir. O, ac-susuz, gecə -gündüz nalə çəkərək köməyə səsləyir, lakin səsinə səs verən olmur. Aclıqdan heydən düşür, ömrünün son anlarını yaşayır, ölüm kabusu başının üstünü alır. Faciənin 19-cu günü heç gözləmədiyi halda it sahibini axtarıb tapır, onu duz-buz kimi yalayır. Hadisəni danışan özü etiraf edir ki, o, itini axtarmamış, onun buna hal-amanı, zərrə qədər ümidi də qalmamışdır. Lakin itin gəlməsinə sahibinin sevinməsinin səbəbi ayrı şey imiş: o, özünün dediyi kimi, itini görən andan aclıqdan qurtarmağın yolunu tapmışdı; iti öldürüb ətini yemək... İt sanki intuitiv olaraq sahibinin fikrini gözlərindən oxuyurdu. Sahibi də bunu onun gözlərində görürdü. Beləcə, o, iki gün dözür. Hətta bir dəfə əlindəki küt əşya ilə itin başına zərbə endirməyə əlini qaldıranda it qəflətən geriyə döndü və sahibinin əli bu dəfə havada qalır. Lakin artıq qərar verilmiş, məqam, saat, dəqiqə gözlənilirdi. İtin sahibinin ən çox qorxduğu iti ilə göz-gözə dayanmaq idi. Ona görə itin nəzərindən yayınır, onu arxadan vurmaq üçün fürsət axtarırdı. Və belə fürsəti tapdı. İtin ətini yeyib ölümün pəncəsindən qurtardı... İtin sədaqətinin sonu “ bəşərin əşrəfi”nin cəlladlığı ilə öz “qiymətini” aldı.


Telesüjetdə göstərilənləri yaddaşımda canlandıraraq və özüm də xəyalən həmin hadisənin iştirakçısına çevrilərək məəttəl qaldım: sahibini 19 gün müddətində axtarıb tapmış itin sədaqətinə və buna cavab olaraq sahibinin onu qəddarlıqla qətlə yetirməsi, hələ bu azmış kimi bu olmuş hadisəni telesüjet vasitəsilə şərh etməsinə...


Söhbətimizin davamı kimi itin sədaqətlə bağlı yaddaşımın daha bir guşəsinə boylanıram. Bir dəfə Bilgəh kardioloji sanatoriyasında müalicədə olarkən Bakı Dövlət Universitetinin professoru Seyfulla Əsədullayevlə (Allahdan ona rəhmət diləyirəm) tanış oldum. Əslində o, mənim diqqətimi neçə illər əvvəl cəlb etmişdi. Universitetin həyətində görmüşdüm. Saxalı, uca boy, enlikürək, geniş alnı, yaşına görə tökülməyən həsəd aparası gur saçları kiçik kepkasından ətrafa tökülürdü, ən başlıcası isə ona çox yaraşan, heç vaxt ayrılmadığı qəlyanı... Professor N.Cəfərov Seyfulla müəllimin yubileyi ilə bağlı qəzetlərdə verdiyi məqalədə onu uzaq okean və dənizlərdə üzən gəmi kapitanlarına bənzədirdi. Seyfulla müəllimin ətrafında həmişə xeyli adam olardı. Maraqlı hadisələr danışardı, güclü yumoru vardı, Şəki lətifələrini də çox sevirdi. Deyirdi ki, yazıçı Anara qəlyan çəkməyi mən öyrətmişəm. O, bir neçə dəfə sədaqət mövzusuna toxundu. Belə başa düşmək olardı ki, insanların vəfasından, sədaqətindən yaralıdı, narazıdır...Və bu mövzuda Sədi Şirazinin məşhur şerindən sitat gətirərdi: Məzmunu belə idi ki, bir insana doxsan doqquz dəfə yaxşılıq edib bir dəfə edə bilməsən o səndən üz çevirər, dalınca danışar, hətta düşmən kəsilər. Lakin bir itə bir tikə çörək versən illər boyu onu yadda saxlayar, sənə həmişəlik sədaqətli olar.

 

2015-ci ilin iyul ayında Şəkidə istirahətdə olduğum günlərdən biri idi. Şəhər stadionunun yanında, dağın ətəyindəki qəbiristanlığa baxıcılıq edən qohumum Məhəmmədlə orada dəfn edilmiş doğmalarımı ziyarət etməli idim. Təxminən səhər saat 10 radələrində qəbiristanlığın yoxuşuna yaxınlaşanda məndən 50-60 metr yuxarıda şəhidlər xiyabanının yanında bir itin fasiləsiz olaraq hürdüyünü görüb dayandım. Biz Məhəmmədlə it dayanan yerdə görüşməli idik. Bu yerlərdə səllim itlərin çox olduğunu bildiyimdən ehtiyat edərək qabağa getmədim. Məhəmmədə telefonla zəng edərək vəziyyəti izah etdim. O, qısa müddətdə özünü yetirərək itin üstünə gedib onu qovdu. İt hürə -hürə sürətlə mənə tərəf cumdu. Üstümə gəldiyini güman etsəm də, özümü müdafiə üçün heç bir imkanım yox idi. Məhəmməd bu anda uca səslə dedi ki, qorxmayın, o, qəbiristanlığa qalxacaq. Doğrudan da, it, mənə çatmağa təxminən 3-4 metr qalmış əsas yoldan ayrılıb cığırla üzü yuxarı qəbiristanlığa qalxdı. Onun dalınca özünü çatdıran Məhəmməd dedi ki, bu it, dayandığımız yerdən təxminən 60-70 metr məsafədə olan evin sahibi Baqara Hüseynin oğlu Telmanındır. Telman bir neçə gün bundan əvvəl vəfat etmiş, həmin vaxtdan iti onun qəbrini mühafizə edir, bir kimsəni o tərəfə buraxmır. Biz Telmanın qəbrinin yanında keşik çəkən itin yanından keçib getdik. İtin sədaqətinə növbəti dəfə məəttəl qaldım... Necə deyərlər, artıq şərhə ehtiyac qalmır.


Bakı Telefon Rabitəsi İstehsalat Birliyində işlədiyim 15 il müddətində bir çox dəyərli insanlarla yaxından ünsiyyətdə oldum, onlardan çox şey görüb-götürdüm, ibrətamiz söhbətlərini yaddaşımda saxladım. Həmin dəyərli insanlardan biri də 60 ildən artıq bir dövrdə respublikamızda rabitənin inkişafına böyük töhfələr vermiş ləyaqətli ağsaqqalımız, ağır taxtalı, köhnə kişilərdən sayılan dostum Camal Allahverdiyevdir. Əslən Şuşadan olan Camal müəllim əsli-nəcabəti yüksək dəyərləndirilən Kəblə (Kərbəlayı) Eyvazın üç övladından biridir. Onun böyük qardaşı, tanınmış alim, akademik Cəlal Allahverdiyevdir. Camal müəllimin fenomenal yaddaşında həkk olunmuş xatirələrdə Azərbaycan tarixinin son 80 ilinin maraqlı tarixçələri özünə yer tapmışdır. Şuşada birgə yaşadıqları dövrdə ermənilərin vəhşilikləri, Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırovla, SSRİ Elmlər Akademiyasının prezidenti M.Keldışla, respublikanın rabitə naziri olmuş N.Nəsrullayevlə və b. bağlı xatirələrində nə qədər maraqlı, örnək sayılacaq misallar var. Camal müəllim xatırlayır ki, Oktyabr (hazırda: Yasamal) Telefon Qovşağının rəisi vəzifəsində işləyərkən rabitə naziri N.Nəsrullayevin kabinetində ona zəng etmiş anası ilə ayağa qalxıb danışdığının dəfələrlə şahidi olmuşam. Anaya qarşı məhəbbətin bundan ibrətamiz misalı ola bilərmi? Şuşanın mənfur ermənilər tərəfindən işğalından sonra mən Camal müəllimi qanadları sınmış qartala bənzədirəm. Şuşa onun ata və anasının əbədiyyət dünyası, ilk dəfə ayağını torpağına basdığı doğma vətən idi. Hər dəfə Şuşadan danışanda onu qəhər boğurdu...Mən ondan eşitdiyim xatirələrdən birini yaddaşımda canlandıraraq qələmə alıb bu kitaba daxil etdim. Maraqlı və düşündürücü görünən bu nümunəni Camal müəllimin öz dili ilə oxuculara çatdırmağa səy göstərmişəm:


- Deməli, mənim atamın dostlarından biri bizə bir arı səbəti bağışlayır, içində də arı. Adətən, arını səbətdə də saxlayırlar, yeşikdə də. Qonşular dedilər ki, bu, beçə verəcək, siz bir dənə də səbət hazırlayın. Evdə də məndən başqa bu işlərlə məşğul olan yox idi. Nəyisə. Tanışlardan xahiş etdim kənddən bir səbət gətirdilər. Arı olan və ehtiyat səbəti həyətimizdəki iki tut ağacının arasına qoymuşuq. Evimiz Şuşanın mərkəzində, Xan qızının bulağının yanında idi. Küçəyə çıxarkən yaxınlıqdakı meydanda cökə ağaclarının altında xeyli sayda adam toplandığını gördüm. Cökə ağacının birindən bir topa asılmışdı. Camaat da üz-gözünü arılardan qoruyurdu. Yaxınlaşdım ki, nə olub, gördüm ki, arılar vızıldayır, ona deyirəm, ə, dəymə, bizimkidir, buna deyirəm, dəymə, bizimkidir... Bu arada Lenin küçəsindən bizim tərəfə gözəl, boz rəngli atın üstündə yaraşıqlı, görkəmli bir kişinin yaxınlaşdığını gördüm. O, Üzeyir Hacıbəyovun “Koroğlu” operasında SSRİ xalq artisti Bülbülün oynadığı rolda at üstündə oturmuş Koroğluya oxşayırdı. Yaxınlaşıb soruşdu ki, a bala, nə olub, nə yığışmısınız? Sonra atdan düşüb yenə soruşdu ki, axı nə olub? Dedim ki, bizim arı beçə verib, yığışdıra bilmirik. And olsun Allaha, bu kişi qollarını çırmalayıb arı topası olan budağı kəsdi. Deməli, ana arı hara uçursa balaları da onun dalınca uçurlar və topa-şar əmələ gətirirlər. Kişi arı şarı ilə budağı əlində tutaraq dedi ki, a bala, eviniz haradadı? Birlikdə evimizə tərəf gəldik. Evi görəndə dedi ki, a bala, bura ki, Kəblə Eyvazın evidir. Sən kimsən? Dedim ki, mən onun oğluyam. Dedi ki, mən bu evdə çox çörək yemişəm. Qapını açdım, içəri girdik. Dedi ki, a bala, get bir dənə ləmbəki gətir, bir az da pesox. Soruşdum ki, ləmbəki nədir, dedi, nəlbəki. Gedib gətirdim, pesoku su ilə qarışdırıb təzə yeşiyin qabağında qoydu. Soruşdu ki, bəs bu evin külfəti haradadır? Dedim, Bakıda. Dedi ki, sən məni gözlə, gəlirəm. Bu gedir bazara, yarım meşok kartof, soğan və s. bazarlıq edərək hambala verib gətirir bizə. Hambal gətirdiklərini evin birinci mərtəbəsinə qoydu, kişi də bir mənə, bir də evə baxaraq dərindən ah çəkib çıxıb getdi...

...İllər ötdü. İş elə gətirdi ki, bacım Tibb İnstitutunu bitirib Şuşanın Şirvan kəndinə həkim göndərildi. Böyük qardaşım Cəlal da bununla qalır. Orada məlum olur ki, həmin bizə gələn kişinin adı Ağadır, bu kənddə yaşayır, üç qardaşdırlar. Biri kənd Sovetinin sədridir, biri kolxoz sədri, bizə gələn kişi isə meşə idarəsində işləyir.

Danışdığım əhvalatdan on illər keçdi. Mən orta məktəbi bitirdikdən sonra Moskvada ali təhsil alaraq Rabitə Nazirliyində işləyirdim. Ağdama növbəti ezamiyyətə getmişdim. Adətim üzrə getdiyim yerlərdə bazara baş çəkirdim. Burada da bazarı gəzib girdim çayçıya. Qaymaq, şirin çay və təndir çörəyi sifariş etdim. Üzüm divar tərəfə oturmuşdum. Qapının yanında oturan bir kişi səsləndi ki, ay bala, dilim ağzımda yandı, mənə bir stəkan çay ver. Çayçı da qayıtdı ki, borcunu verərsən, sonra çay alarsan. Kişi də dedi ki, olanda gətirərəm, indi yoxumdur. Çayçı dedi, yox, olmaz. Mən çayçıya dönərək dedim ki, o kişiyə bir çörək, qaymaq, bir çaynik də çay ver, pulunu mən verərəm. Çevrilib kişiyə baxdım ki, cır-cındırın içindədir, amma qaməti, boy-buxunu var. Çayçı çayniki, qaymağı, çörəyi kişinin qabağına qoyanda o, təəccüblə soruşdu ki, bunu kim göndərib? Çayçı məni göstərdi. Kişi ayağa qalxaraq bir əlinə qaymaq piyaləsini, bir əlinə isə çörəyi alaraq: “Ay kişilər, çörək özü mənim qabağıma gəlib”, - deyərək oynayırdı. O, mənə yaxınlaşaraq soruşdu ki, a bala, sən kimsən? Dedim ki, mən Bakıdan ezamiyyətə gəlmişəm, özüm şuşalıyam, Kəblə Eyvazın oğluyam. Dedi ki, sənin böyük qardaşın məni tanıyır, bir dəfə arınız beçə vermişdi, sizə getmişdim. Dedim ki, sən görən uşaq mən olmuşam. Kişiyə dedim ki, Ağa əmi, çayını iç, məni burada gözlə. Bazardakı poçta girib posılka üçün nəzərdə tutulan bir neçə qat xüsusi qalın kağızdan hazırlanmış kisə alıb bazarlıq edərək dönüb çayçıya qayıtdım, aldıqlarımı ona verəndə dedi ki, a bala, mən bunu hara aparacam, mənim heç gecələməyə yerim də yoxdur...

...Xidməti işimlə əlaqədar ayda iki dəfə Ağdama ezamiyyətə gedirdim. Çayçıya pul vermişdim ki, həmin kişi nə qədər çay içsə buradan götür, onu qovma. Növbəti dəfə Ağdama gedəndə çayçıdan həmin kişini soruşdum. O, dedi ki, xeyli vaxtdır ki, bura gəlmir. Belə güman etdim ki, o, artıq ölmüşdür. Sonralar Şuşada olarkən onun düçar olduğu vəziyyəti araşdırmağa cəhd etdim. Məlum oldu ki, o, müharibə vaxtı bir qrup avara Şuşa ziyalısı ilə əhali arasında şayiə yayaraq almanların Mozdoku aldıqlarını, Hitlerin artıq müharibədə qalib gəldiyini təbliğ etdiklərinə görə həbs edilərək uzun müddət sürgündə olmuş, əmlakı müsadirə edimiş, dilənçi vəziyyətinə düşmüşdür...

 



[1] İng. Lend Lease Ast: ABŞ konqresi tərəfindən 11 fevral 1941-ci ildə qəbul edilmiş, həmin ilin noyabrında SSRİ-yə də şamil edilmişdir. Bu qanuna görə, ABŞ antihitler koalisiyası üzrə müttəfiqlərinə hərbi ləvazimat, texnika, ərzaq və neft məhsulları da daxil olmaqla xammal və s. göndərirdi.

[2] İng. Harley-Davidson Motor Company.

[3] М-один; yerli əhalinin təbirincə: “Emadin”. Buna SSRİ məkanında bədnam “Черная ворона” adı verilmişdir. Adətən, gedər-gəlməzə yollanan“ xalq düşmənləri”ni gecələr bu avtomobillərdə sürgünə (ölümə) aparırdılar.

[4] Bu avtomobillərdən birini uzaq qonşum, sonralar Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləmiş Namiq Süleymanov gətirmişdi, dövlət nömrə nişanı 37-17 idi.

[5] Bu avtomobil texniki göstəricilərinə, komfortuna və dizaynına görə yüksək dəyərləndirilirdi. Deyilənlərə görə,  bu avtomobilə  «Родина» adını vermək istəmişlər, lakin ölkə rəhbəri Stalin bundan xəbər tutaraq soruşmuşdu: -Yaxşı, bəs  “ Рoдина” (“Vətən”) neçəyə olacaq?  Variant dərhal ləğv edilir, avtomobilə “ Pobeda” adı verilir). 



Создан 09 июн 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com