ШЕКИ - НАБИБЕКОВЫ

1920-ci ildə Qarabağ döyüşləri - Polkovnik Bəhram bəyin igidliyi

Müəllif: Şəmistan Nəzərli



Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Qısa bir müddətdə (martın 22-dən aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı. İlyarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun üçüncü yürüşü də zəfərlə başa çatdı.

 
“İyirminci ildə Qarabağ döyüşləri” sənədli oçerkində tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun, Qarabağın General-qubernatoru Xosrov bəy Sultanovun və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənədləri əsasında möhtərəm oxuculara təqdim olunur.

 

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ


1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əskəran keçidi”ni tutdular. Bu səbəbdən də Əskəran cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilatçılığa malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən hir çoxu duyduğu həyəcandan ağlayırdı.
O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov (25.01.1893 -iyul 1945),
“Milli Azərbaycan hərəkatı” kitabından

 

Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əskəran cəbhəsinə gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan gündən üç böyük qələbəsi olmuşdu.
1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı ilə əsgəri qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.
İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və Lənkəranda Azərbaycan Milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmadağın edilmişdi.
Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikinə gəldiyi üçüncü qələbə idi. 1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib Əskəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq edirdi.
Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi-iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri anatorpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil oldular.
Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı. Əslində altmış dörd yaşlı hərbiyyə nazirini həyəcana gətirən və Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu dönədönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində “afərin” sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də nazir olanda özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o yaxşı bilirdi ki, komandanın əsgərlərini döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona görə də müavini Əliağa Şıxlinskiyə:
– Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, – dedi, – mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq Əliağa, bu raportda Həbib bəyin “günümüzün qəhrəmanı” – deyə təriflədiyi Nəbibəyovu, nədənsə, xatırlaya bilmirəm.
Azacıq eyhamla gülümsünən Əliağa Şıxlinski:
– Yadınızdadırmı, – dedi, – keçən ilin iyun ayında Siz bir neçə gün Yevlaxda olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi xidmətdən azad olunmasını xahiş etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: “səhhətim və şərait mənə respublika hökumətinə xidmət etməyə imkan vermir”. Mən də məhz bu cümlədən qəzəblənib Azərbaycan zabitinin ləyaqətini, şərəf və şanını yüksək tutmadığına görə yanıma çağırıb onu danladım, xidmətdən azad etməklə həbs edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qanının arasına girdiniz.
Səməd bəy Mehmandarov pensinesini silə-silə gülümsündü.
– Hə, yadıma düşdü. Əzizim, indi bildim: ağır təbiətli, ucaboy…
– Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl və bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. Həbib bəyin “günümüzün qəhrəmanı” dediyi isə onun kiçik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy Birinci dünya müharibəsində də yaxşı döyüş yolu keçib. Buyurun. Xidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.
– Verin. Baxım. Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük olmayan, cəmi səkkiz səhifəlik şəxsi xidmət dəftərçəsini ilk səhifəsini açıb dayandı.
– Əliağa, – dedi, - unutmuşam. Onu da deyim ki, kapitan Vahid bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, uzun müddət milis dəstəsində xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də dərindən bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi olmayıb. Ona inandım. Mən də şəxsən sənin. – General Şıxlinskinin nüfuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə kapitan Nəbibəyovun raportunun üstünə “mən ona verdiyim cəzanı bağışlayıram” – cümləsinin dərkənar qoydum. Məsuliyyəti öz üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən podpolkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaxşı.
– Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od parçasıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyin bəy.. yox, beş nəfərdir, bir də Məmməd bəy.
Nazir:
– Əliağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum.
– Bilirsən, 1918-ci ilin noyabr – dekabr aylarında Tiflisdə Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski korpusunun yanındakı “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə Qasım bəy özü də gəlmişdi. Türkmənistanda general Kurpatinin qərargahında Şərq dilləri üzrə tərcüməçi olub. İndi istefadadır. Mirzə Fətəli Axundovla dostluğundan danışırdı.
– Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və 1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. – Nazir dayanıb pensnesinin üstündən müavininə baxdı, fəxrlə: – Oho, nə yaxşı.. bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq… Görürsən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..
– Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalıdır. Zərb-məsələ dönmüş bu müdrik kəlamlar sizə məxsusdur. Amma xalqımızda belə bir məsəl də var: alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli davamçınızdır.
– Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşamayıb? - deyən nazirin sevincdən gözləri parıldadı.
Əliağa Şıxlinski ciddi general zəhmilə:
– Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan və Nobel çənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı döyüşlərin şahidi olmuşam. Bəhram bəy çox qoçaq və bilikli zabitdir. Onunla fəxr etməyə dəyər. Dəli Qazar kimi generalı mühasirəyə salıb məhv etməsinə şəxsən mən şəkk-şübhə etmirəm. Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademiyadır.
– Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusiyaya yollar bağlı, özümüzdə isə yox, ölkəmiz də müharibə vəziyyətində – deyən nazir yenidən Bəhram bəyin sənədlərinə göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc görünürdü:
– Qafqaz Əlahiddə ordusundakı iyirminci Artilleriya briqadasında podporuçik, 1909-cu il, sentyabrın yeddisində poruçik, 1912-ci ildə üçüncü batareyanın komandiri, sonra Əlahiddə Qafqaz ordusunda artilleriya rəisinin müavini vəzifəsində çalışıb. Müharibəni axıra qədər Qafqaz cəbhəsində keçirib.
– Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır, – deyə Əliağa Şıxlinski şəhadət barmağını irəli uzadıb göstərdi.
– Aha. Budur. – deyə Mehmandarovun iti nəzərləri kağızın üzərində gəzindi. “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsi və “Müqəddəs Anna” ordeni. Amma sonuncunun dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər şey aydındır. Siz doğru buyrursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birəbeş artardı. Nə fayda, hələlik buna imkan yoxdur.


POLKOVNİK BƏHRAM BƏYİN İGİDLİYİ


Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular.
Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun dördüncü dağ batareyası.
Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baxışdan qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir Həbib bəy Səlimovun uğurları ona, elə bil, qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəxş eləmişdi.
İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbaycan ordusunun hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı əmrində qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy Nəbibəyovun əsgərləri məndə xoş təəssürat yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Komandir Nəbibəyovun qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə və komandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkkür edirəm.
“Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib.Yaxşıdır, çox yaxşıdır, – deyə, öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş dostluğundan qürrələnirdi. – Qələbə, ancaq və ancaq, döyüş vaxtı əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır. Nə yaxşı, Nəbibəyov haqqında inişilki raportu yazanda zənnim məni aldatmayıb… Elə biri Baş qərargah rəisi. Onda, dolayısı da olsa, mənə işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir.
Amma çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir..
– Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu saymaz. İkincisi də, döyüş vaxtı özü zorla yeriyən komandirin əsgərləri yerindən qalxana kimi düşmən onları haqlayıb məhv, – cavabını vermişdi nazir Mehmandarov.
Mehmandarov Milli Orduda hərbiyyə Naziri vəzifəsində xidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtaraqlı gcyimin o qədər də aludəçisi olmayan nazir bu dəfə akselbant və venzilli1 də taxmışdı. Yaxasında isə bircə orden vardı: birinci cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” ordeni.. O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş əməliyyatı planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif olunmuşdu.


QƏHRƏMAN ALAY


Avtomobilin şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı gəlirdi. Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri tanıyıb “urra” – deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komandası verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər.
Bəhram bəy sıra qabağında vüqarla dayanıb ahəngdar səslə komanda verdi:
– Alay, sağadön! Düzlən, – düzlən deyirəm, arxada səs var…
Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı.
Maşından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general - mayor Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov.
Nazirin iti qartal baxışları nizami qaydada düzülən əsgərlərə zillənmişdi.
– Cənab hərbiyyə naziri, tam artilleriya generalı, sizin gəlişiniz münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov.
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:
– Azad, mənim vətənimin qəhrəman əsgərləri, – deyib bir neçə addım irəli yeridi, Bəhram bəyin əlini sıxdı: –  Mərhaba, alayına da, özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftixarla söylənilir. Komandanınız general Həbib bəy Səlimov da burdadır. Əmr edirəm! Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə göstərdiyi igidliyə görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir…
Batareya üç dəfə: “urra, urra, urra,” deyə komandirini alqışladı. Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalxdı.
– Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! - Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qarabağ dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan xalqına xidmət edirik!” – cavabını verdilər.
Hərbiyyə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.
– Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıxanda öz-özlüyümdə belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi üçünə keçən gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan, Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, öz silahdaşdarımızın qanını yerdə qoymadınız. Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə oldum. Fəqət sizin qədər qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun sizə və sizə döşlərindən süd verən analara!
Əsgərlər sevimli komandalarını “yaşasm Azərbaycan!” sözlərilə alqışladılar.
Ürəyini boşaldan nazir xeyli sakitləşdi. O, özünü rahat və gümrah hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaşır, həmsöhbət olur və hal-əhval tuturdu. Mehmandarov cavan, sirsifətdən göyçək zabiti göstərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qabağa çıxıb dedi:
– Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü olaraq sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir, tariximiz də birdir.
Azərbaycan həm sizin, həm də bizim vətəndir.
– İsminiz nədir? – nazir maraqla soruşdu.
– Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha doğrusu, şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.
General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi:
– Cənab nazir, yarbay əfəndi yaxşı şərqilər qoşur. Döyüşlərarası fasilədə əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları əzbərlədir.
Nazir səmimiyyətlə:
– Afərin, – dedi. – Bu da gərəkdir. Çox gərəkdir. Yüz illik rus hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq lazımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya öz tələblərimizi diktə etmişik… xalq özünün ümumdünya tarixinin səhifələrində yazılmış şanlı, mübariz keçmişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam Milli hissləri oyatmalısan.. Cənab yarbay, evlisinizmi?
– Xeyr, hələ subayam.
– Nə oldu, briqada komandanı Həbib bəy subay. Diviziya komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də subay… Canım, atın bu subaylığın daşını..
İsmayıl Həqqi əfəndi:
– Möhtərəm paşam. – dedi – məstəvsiz gavurların axırına çıxaq sonrasına…
Nazir general Həbib bəydən soruşdu:
– Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
– Xeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, kimə gərəkdir? O, Bəhram bəyin çox yaxın dostudur.
– Çox əla, çox pakizə, – deyib nazir dübarə sorğu-suala başladı:
– Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıxmırsınız ki?
– Xeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum. Dərbənddə, Teymurxan-Şurada, Axtıda, hətta, İmam Şamilin köyünə də getdim. Amma oralarda bənd almadım. Çünki oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq bolşeviklər yabancı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
Nazir soruşdu:
– Şarkılarından birini oxuyarmısan?
– Baş üstə, icazə verin… Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq.


DÜŞMƏN TƏSLİM OLMAYANDA


Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azadan ev qiyafəsinə qayıdıb:
– Qafqazda, hər yer gözəldir! – dedi – Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da ruhən həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada da olanda həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyinə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – Üzünü qubenator Xosrov bəyə tutub:
– Sənə qibtə eləyirəm, – dedi, - qardaşım. Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşaq…
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy dizə çökdürmüş və onları silah gücünə Azərbaycan hökümətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyə naziri Xosrov bəyi geri çağıracaq. Bu şayələri kəsmək üçün Üzeyir bəy Hacıbəyov “Azərbaycan” qəzetində (24 iyun 1919 ildə) yazırdı:
“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisidir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın höküməti başında olmasa idi burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
– Altmış dörd yaşım var, – deyirdi, general, xoşbəxtəm ki, ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Sonra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu.
Nazir:
– Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi.
– Daşbaşı yüksəkliyi uğurunda döyüşlərdə artilleriyanı susduran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxartmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki düşmən qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. Nəhayət, dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəşfiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə keçdi. Bax, indi vaxtdır, – deyib, Bəhram bəy səs ilə komanda verdi: “İrəli, mənim tərlanlarım. İrəli, anamız Azərbaycan uğurunda!” Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-altı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir maraqlandı:
– Necə danışırdılar. Yəqin ki, rusca?..
– Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi, erməni generalı.
Nazir cəld bir hərəkətlə başını qaldırıb:
– Axı, nə deyirdin, Bəhram bəy, sən ona?…
– Kutaisi realnı məktəbində oxuyanda onların dilini öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm. Gördüm, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni özününkülər satıb.
Təslim olmalısan…
General Həbib bəy Səlimov:
– Cənab nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
– Dayan, dayan, dedi, Həbib bəy, qoy, özü danışsın. - Bəhram bəy davam elədi:
– Dedim, təslim olmursansa, onda belə çıxır ki, müsəlman əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
– Gözəl demisən, əhsən sənə. Bax, görürsünüzmü, peşəkar hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı general olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu?
Bəhram bəy:
– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir də
Qarabağda görünsəm, atama nələt. Uşaq aldadır.. Gəldim Həbib bəyin yanına.
Soruşdum ki, nə etməliyəm, əsgərlərim də qanına susayıblar, öldürmək istəyirlər.
O da yek kəlmə ilə cavab verdi: Susdurun!
Biz də tapşırığa əməl elədik. Səməd bəy Mehmandarov:
– Düz eləmisiniz, – dedi, – düşmən təslim olmadıqda onu məhv edərlər.


Mənbə: Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabından.

URL: https://azbookblog.wordpress.com/azərbaycan-tarixi/səmistan-nəzərli-1920-ci-ildə-qarabag-doyusləri/

1920-ci ildə Qarabağ döyüşləri



Создан 10 июл 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com