ШЕКИ - НАБИБЕКОВЫ

"Bütün atılan güllələr Anaların qəlbində partlayır!"

Müəllif: Murad Nəbibəyov



Qardaş Türkiyənin İstanbul şəhərində həmyerlilərimiz Kəmalə Nəbibəyli, Elçin İmanov və Aygün Həsənoğlu tərəfindən yeni qurulmuş "İstanbul-Azərbaycan Teatrı"nın ilk layihəsi olan “Adsız qadın” tamaşası 2016-ci ilin dekabr ayından başlayaraq İstanbul tamaşaçılarına nümayiş etdirilir. Premyerası son dərəcə təntənəli keçən tamaşa Türkiyə tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır.


Dramaturq Aygün Həsənoğlunun eyniadlı pyesi əsasında hazırlanmış tele-tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Tele-tamaşada İstanbulda təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə vətəndaşları da iştirak etmişlər. Film çəkilişləri İstanbulda və Yalovada yerli sakinlərin evlərində, onların iştirakı ilə aparılmışdır.


Əsər Xocalı soyqırımını bütün dəhşətləri ilə bir ailənin taleyində əks etdirir. Xocalı soyqırımında bütün ailəsini itirmiş, erməni girovluğunda işgəncələrə məruz qalmış, bütün bu insanlıq faciəsinin şahidi olmuş qadın keçirdiyi ağır ruhi sarsıntı nəticəsində ağlını itirəcək hala gəlmiş və ruhi xəstxanaya yerləşdirilmişdir. Uzun illər sonra qadın, nəhayət ki, yaşadıqlarını danışmaq qərarına gəlir və yanına gəlmiş jurnalistə gördüklərini anlatmağa başlayır.  Bundan sonra tamaşaçının gözləri önünda sadə və normal bir ailə həyatı canlanır. Ana qızının toyuna hazırlaşır, oğlunu evləndirmək haqqında da düşünür. Bir qadın kimi xoşbəxtdir, çünki həyat yoldaşı ilə birlikdə 2 tərbiyəli, ağıllı övlad böyütmüşdür.  Ana qızına cehiz hazırlayır, lakin o, həm də narahatdır. Çünki yaşadığı şəhər düşmən atəşinə məruz qalır. Evin kişisi düşmən atəşindən yaralanır. Qadın övladlarının gələcəyi haqqında xoşbəxt planlar qurarkən həm də narahatlıq hissini gizlədə bilmir. Fəqət...

Kəmalə Nəbibəyli

...Qəflətən atəş başlanır və ananın bütün gözəl xəyalları ilə birlikdə həyatı da müharibənin od-alovu içərisində bir anda darmadağın olur. Həyat yoldaşı mənfur düşmən tərəfindən qətlə yetirilir, qızını və özünü girov götürürlər. Onun gözləri qarşısında gənclər, uşaqlar, qocalar vəhşicəsinə öldürülürlər...


Ana girov götürüləndə qızını şalla özünə sarıyaraq düşməndən gizlətmək istəyir. Lakin yağılar uşağı tapır və sürüyərək aparırlar. İşgəncələrdən fəryad qoparan övladının köməyinə çata bilməyən ana da fəryad qoparır. Lakin ananın yaşadığı dəhşətlər bununla bitmir. Düşmən onun oğlunu da əsir alır və oğlunun gözləri qarşısında ananı soyundurur. Oğul anasını bu vəziyyətdə görməmək üçün gözlərinin bərk-bərk yumur və qədər işgəncə versələr də gözlərini açmır. Oğlanı döyürlər, bədənindən parça-parça ət qoparırlar, lakin o yenə də gözlərini açmır ki, açmır və nəhayət aldığı işgəncələrdən gözlərini həyata əbədi yumur...


Əsərin ən dəhşətli səhnəsi də məhz buradır: Ana oğlunun ölümünə o qədər sevinir ki, qol açıb oynayır. Ana ona görə sevinir ki, oğlu onu çılpaq halda görmədi.  Ana təkcə öz övladlarının qətlini deyil, digər insanların, xüsusilə də uşaqların qətlini görür, ağlayır, fəryad qoparır. Lakin girovluqdan geri alındıqda artıq tamamilə duyğusuzlaşmış, daşlaşmış vəziyyətdədir. İnsanlardan qorxur, özünə gələ bilmir. Yalnız illər keçdikdən sonra gördüklərini danışmağa başlayır və tamaşanın mövzusunu da elə bu xatirələr təşkil edir.

Tamaşadan sonra

Tamaşada bir qadının - ANANIN həyatından keçən müharibənin dəhşətləri, sarsıntıları ən ağır detallar ilə təsvir edilmişdir. Bir qadının analıqdan girovluğa, ruhi xəstəxanaya, daha sonra şahidə, sonra ittihamçıya, ən sonda isə öz haqqını, qadınlığını geri almaq, dünayda ədaləti bərpa etmək üçün mübarizəyə qədər gedən yolu əks etdirilir. Ana ailəsini, əzizlərini, evini, ən əsası isə, qadınlığını itirmişdir. Buna səbəb isə böyük güclərin dəstəklədiyi terrorist, işğalçı qüvvələrdir. Ana günümüzdəki müharibə və terrorun bu qədər böyüməsinin səbəbi kimi Xocalı soyqırımını görür. “XOCALIDA QAN ÇİLƏNDİ ÜZÜNƏ DÜNYANIN! XOCALIDA ÇIXDI DÜNYANIN OXU YERİNDƏN!” deyir.  Ana insanları terrora, müharibələrə qarşı mübarizəyə çağırır, çünki “BÜTÜN ATILAN GÜLLƏLƏR ANALARIN QƏLBİNDƏ PARTLAYIR”.  


Bəli, müharibələrdə ən çox itirən tərəf qadınlardır. Qadın həyat yoldaşını itirir, övladlarını itirir, ata-anasını, evini itirir.  Ona görə də bütün müharibələrə, terrora, soyqırımlara “DAYAN!” deyilməlidir. Müharibənin od-alovu içərisində hər şeyini, o cümlədən analığını, qadınlığını itirən qadın ona qarşı mübarizəyə qalxır.

Tamaşadan sonra

Pyesə rejissor yorumunun maraqlı məqamlarından biri də məhz burada ortaya çıxır. Tamaşanın əvvəlində ruhi xəstəxanada dəli vəziyyətində olan qadının əlində bir körpə bələyi var və müasir dövrlə bağlı bütün səhnələrdə ana bu bələyi qucağından buraxmır, onu bağrına basır, oxşayır, ona lay-lay deyir. Tamaşanın sonunda isə “Mən haqqımı almağa gedirəm!” deyərkən bələyi acır, bu zaman bələkdə uşaq deyil, bir silah olduğu görünür.

* * *

Ümumiyyətlə, Elçin İmanovun pyesə rejissor baxışı son dərəcə maraqlı və özünəməxsus bir ampluada özünü göstərir. Əsərin Azərbaycanda qoyulmuş səhnə varinatından fərqli olaraq bu tamaşa insanda ruh düşkünlüyü deyil, əskinə, mübarizə əzmi  və döyüş ruhu oyadır. Bütün bu dəhşətləri yaşamış bir qadın: “Böyük güclər” deyirsiniz? Mənəm ən böyük güc! Mənəm hüquq! Ədaləti dünyaya biz analar gətirəcəyik!” deyə səsini yüksəldir.


Həqiqətən də qadın dünyanı idarə edən güclərin önündə dayana biləcək qədər  böyük qüvvədir. Rejissor tamaşada bir qadın obrazını fərqli məqamlarda göstərir, onun hadisədən hadisəyə, səhnədən səhnəyə inkişafını mərhələli şəkildə təqdim edir. Filmlə səhnə arasında son dərəcə dəqiq və ardıcıl şəkildə qurulmuş bir nizam xüsusilə diqqəti cəlb edir. Filmin səhnələri daha çox şüuraltına xitab edir, səhnə isə hələ şüuraltına köçməmiş anları canlandırır. Obrazlar və səhnələr bir-biri ilə sıx bağlanır, bir-birini xüsusi bir nizamla təqib edir. Onu da qeyd etmək lazımdır ki, əsər əslində monopyes şəklində yazılmışdır. Səhnəyə digər obrazların canlı şəkildə gətirilməsi və teleteatr üslubuna müraciət edilməsi rejissorun ideyasıdır. O cümlədən, tamaşanın sonunda silahını köksünə basıb gedən ananın arxasında torpağın hərəkətə gəlməsi, torpaq altındakı şəhid ruhların da qalxaraq dağlar kimi ananın arxasınca yürüməsi həm son dərəcə təsiredici, həm də teatr estetikası baxımından maraqlı alınmışdır.  Eyni zamanda məhz bu səhnə Aygün Həsənoğlunun yaradıcılığından ana xətt kimi keçən “Sən bacararsan! Səni yalnız Sən xilas edəcəksən!” ideyasının obrazlaşmış təcəssümüdür.


* * *

Qarabağ döyüşlərini ilk dəfə səhnəyə gətirən dramaturq Aygün Həsənoğludur.  Aygün Həsənoğlu müharibənin içində müharibəni əks etdirən yazıçıdır. Əsərlərində Azərbaycan tarixinə və Qarabağ müharibəsinə müxtəlif prizmalardan, müxtəlif mövzular və obrazlar silsiləsi ilə yanaşan müəllif bu əsərdə Qarabağ müharibəsinə və Xocalı soyqırımına bəşəri faciə və insan faciəsi nöqteyi-nəzərindən yanaşmışdır. Əsərdə “erməni” adı demək olar ki, çəkilmir, lakin onun obrazi terrorizmin, faşizmin və işğalçılığın bütünləşmiş qəddar simasında əks etdirilir. Tamaşaçı onu tanıyır, görür, ona nifrət edir. Eyni zamanda problemin yalnız ermənidə deyil, həm də bu cür işğalçı-terrorçu gücləri dəstəkləyənlərdə olduğunu anlayır. Müəllif əsərin 2001-ci ildə yazılmış şəklinə bəzi əlavələr etmiş, əsərin ruhunda gizlənmiş mətləbləri daha sərt və açıq  şəkildə üzə çıxarmış, günümüzdəki münaqişə və müharibələrə də toxunmuşdur. Bir çox əsərlərindən fərqli olaraq, müəllif burada finalı tamaşaçının öhdəsinə buraxmır, onu öz arxasınca çəkir. Müəllif ideyası ilə rejissor baxışı məhz burada birləşir və yüksələn xətlə inkişaf edir. Tamaşa döyüş ruhu oyadan bir həyəcanla, təsirlə bitir. Rejissor əsərin əsas məğzini aktyor oyunu və öz yorumu ilə birləşdirərək soyqırım mövzusunu teatr estetikasına uyğun şəkildə səhnənin dili ilə əsl teatr tamaşası kimi təqdim edə bilir. Rejissorun təqdimatında səhnədən səhnəyə dəyişərək keçən obraz və mövzu inkişaf edir, xoşbəxt ritmlərlə başlayan insan taleyi şəkildən-şəklə keçdikcə fərqli obrazlar şəklində, amma xüsusi bir nizamla təqdim olunur. Hadisənin başlanğıcı, inkişafı və sonu, obrazın dəyişən - gah tündləşən, gah da sərtləşən amplualarda təsviri tamaşaçını həyəcanda saxlayır.  Rejissor, obrazı və hadisəni səbrlə, amma yüksələn xətlə izləyir. Kino və teatr elementlərini məharətlə birləşdirir.

Tamaşadan snra

Eyni zamanda mövzunu müasir dövrlə bağlayaraq bitməyən müharibələrin əsl qaynağını səhnənin, obrazın dili ilə göstərir.  Elçin İmanov əsəri tək obrazdan çıxarıb, əsərdəki kölgə obrazları canlandırır, bununla da baş rol ifaçısının üzərindəki ağır yükü yüngülləşdirir, bölüşdürür. Rejissor hər bir obrazı danışdırır, hətta səssiz kinokadrlarda ekranı tutan erməni siluetinin qorxunc kölgəsi də tamaşaçıya özünü təqdim edir. Yaxud sürüyərək gətirilən gəncin böyük güclərin dəstəklədiyi düşmən qarşısında ilk baxışda zəif görünən vücudu sonra sanki qaya parşasına dönür. Yaralı gəncə bir neçə düşmən işgəncə verir, lakin onun əzmini qıra bilmirlər. Öldürürlər, amma məğlub edə bilmirlər. Kinokadrlarda kölgə kimi görünən bu obrazların hər biri səhnədəki obraz qədər canlı təsir bağışlayır. Bütün obrazlar və səhnələr tamaşaçıya təsir edir, onu həyəcanda saxlayır. Hətta tamaşaçı hadisənin sonluğunu bilsə də finala qədər intizarda qalır. Bu tamaşa, həqiqətən də Elçin İmanovun böyük rejissorluq potensialını açmışdır. 


* * *

Kəmalə Nəbibəyli, demək olar ki, tamaşanı bütün ağırlığı ilə sona qədər öz çiyinlərində məharətlə aparır.  Aktrisa, bır obrazda bır neçə obrazı ustalıqla birləşdirərək, qadın dünyasının bütün dərinliklərinə qədər enməyi, onu hər cəhəti, hər çaları ilə əhatəli şəkildə təqdim etməyi bacarır. Tamaşa film görüntüsü ilə başlayır. Əslində bu görüntüdəki qadın müasir dövrdəki qadındır, amma hələ də keçmişlə bu gün arasında, xatirələrlə gerçəklik arasında qalmış, müasir həyata uyğunlaşa bilməyən qadındır. Əynindəki ağır ruhi xəstələr üçün geyimdən başlamış, üzündəki qırışlara, saçlarındakı bozluqlara qədər, müharibə gerçəkliyinin bir simvoludur. Qadın qarşısındakı jurnalisti də müharibənin içinə çəkir, çünki, müharibə hələ bitməmişdir, hələ torpaqlar işğal altındadır, hələ əsir-girovluqda insanlar var, hələ də burada uşaqlara güllə atılır. İllər keçsə də, qadına bu dəhşəti yaşadanlar cəzalandırılmamışdır və o, artıq anlamışdır ki, bir müharibə cinayətinin şahidi kimi danışmalıdır. Çünki, bu, onun son intiqamıdır.  Bütün dünya bilməlidir ki, onun şəhərində nələr oldu - qocalar öldürüldü, qadınlara, qızlara təcavüz edildi,  gənclər işgəncələrlə qətl yetirildi, insanların yaşamaq haqqı əllərindən alındı. Həm də öz haqlarını istədiklərini iddia edənlər tərəfindən. Qadın jurnalistə yaşadıqlarını danışmağa başlarkən, işğaldan əvvəlki dövrə gedir. Onun bir ailəsi vardı - uşaqları, həyat yoldaşı vardı. Gələcək haqqında gözəl xəyalları vardı. Bütün bunlar əlindən alındı. Bir insan kimi, bir qadın kimi, ona məxsus olan hər şeydən məhrum oldu. Artıq o, adını da unutmuşdur, çünki artıq ana deyil, həyat yoldaşı da deyil, qaynana da deyil. Bunların hamısını itirmişdir.


Kəmalə Nəbibəyli səhnədən səhnəyə keçdikcə dəyişən qadının bütün yaşantılarını son dərəcə ustalıqla, təbii şəkildə yaradır. Obrazı və müharibəni öz ruhundan keçirdiyi üçün də səhnədə tamaşaçını inandırır. Bütün məqamlarda o təbii görünür-övladının toy həyəcanını yaşayan ana kimi, oğlunun seşəcəyi qızın yemək bişirib-bişirə bilmədiyinin qayğısını çəkən qaynana kimi, qonşu gəlinin bacarıqsızlığına baş silkələyən qonşu qadın kimi, yeri gələndə siyasi hadisələrə də emosional tərzdə münasibət bildirən, hökumət başçısının laqeydliyindən gileylənən vətəndaş qadın kimi, düşmən əsarətinin dəhşətini yaşamış girov qadın kimi, müharibə cinayətlərinin şahidi olan zərərçəkmiş qadın kimi, terror və soyqırımları, işğalı dəstəkləyən güclərə etiraz edən bir ittihamçı kimi, nəhayət, öz haqqını qorumaq üçün öz arzularını silaha çevirən mübariz qadın kimi! Bəli, bütün tamaşa boyu qoynuna basdığı bələkdəki qızının, oğlunun dünyaya gəlməmiş körpəsidir. Məhz bu bələklə o yalnız ana kimi deyil, həm də nənə kimi meydana çıxır. Lakin o körpə doğula bilmədi, çünki onun övladlarını öldürdülər. O körpə ananın arzusu idi, bu arzu öldürüldükdə isə anaların intiqamı dəhşətli olur. Ana övladlarının qanını istəyir, lakin bu da rəmzidir; çünki “ANALAR QANDAN DA MƏLƏKLƏR DOĞURLAR”!  Ana bələyi açır və içindəki kiçik bir silahı ədalətin silahı kimi əlinə alır: “Mən haqqımı almağa gedirəm, mənimlə gəlirsinizmi?” - deyərək səhnəni tərk edir.  Bu sözləri deyərkən bağırmır, kimisə məcbur etmir, fəryad da qoparmır, sadəcə: “Mənimlə gəlirsinizmi?” - deyə soruşur. Çünki dünyada hələ Xocalı yaşanır, hələ də uşaqlar, günahsız insanlar qətlə yetirilir.


Kəmalə Nəbibəyli müharibə qurbanı olan qadının obrazını yaradarkən, onu bütün rəngləri ilə təqdim edir, imdad diləyən, fəryad qoparan qadından döyüşkən qadına çevrilən obrazı bütün psixoloji çalarları ilə yaşadır, təkcə Xocalı-Qarabağ qadınının deyil, dünya qadınlarının səsinə çevrilir. Aktrisanın fərqli obrazları ustalıqla bir tamaşada təqdim etməsi onun potensialının göstəricisidir.  Tamaşa boyu bütün yaşananlar onun baxışlarında elə toplanır ki, tamaşaçı bu təsirdən çıxa bilmir. Kəmalə özü bu dəhşəti yaşayır və tamaşaçıya da yaşadır. Ona görə də obraz uğurlu alınır - səsi, baxışları, hərəkətləri, plastikası, hətta susması belə, tamaşaçıya ciddi şəkildə təsir edir, onu öz arxasınca aparır. 

* * * 

Əsərin müəllifi Aygün Həsənoğlu 2001-ci ildə yazdığı bu əsərin əvvəllər səhnələşdirildiyini, lakin aktyor Şükufə Musayevanin bütün zəhmətinə və fədakarlığına baxmayaraq, rejissorların ona kömək etmədiyindən həmin tamaşanın istənilən nəticəni vermədiyini vurğulayır. Bu tamaşanın İstanbulda səhnələşdirilməsində Kəmalə Nəbibəylinin həm maddi, həm də mənəvi cəhətdən böyük zəhmətini qiymətləndirən dramaturq, tamaşaya quruluş vermiş Elçin İmanovun orijinal yanaşma tərzini və yorumunu da çox bəyəndiyini söyləyir. “Böyük işlər görməyə böyük də ürək lazımdır!” - deyən Aygün Həsənoğlu Xocalı soyqırımını əks etdirən “Çiçəklər açılanda” və “Ruhların səsi” adlı pyeslərinin hələ 1992-ci ildə yazıldığını, lakin rejissorların bu mövzuda əsərlə işləmək istəmədiklərini də vurğuladı. Müharibə, terror və soyqırımların, xüsusilə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklərin ekran və səhnələrə yol tapmasının vacibliyini bidirən müəllif, ən böyük təbliğatın mədəniyyət və ədəbiyyat olduğunu dedi: “Burada mövzuya insan taleyi nöqteyi-nəzərindən yanaşmışıq.  Səhnədən və ya ekrandan obrazın dili ilə deyilən söz bir siyasətçinin sözlərindən daha çox təsir edir. Bu cür mövzuları elə təqdim etmək lazımdır ki, orada baş verənləri hər kəs öz həyatında, öz ailəsində ola bilıcəyini təsəvvür edə bilsin, Xocalı soyqırımını insanlığın faciəsi kimi görə bilsin. Təəssüf ki, biz dünyaya bu səviyyədə film təqdim edə bilməmişik. Bunun da səbəbi odur ki, Azərbaycan kinorejissorları məhz bu nöqtədən baxmağı bacarmırlar. Başa düşmürlər ki, sadəcə bir insanın taleyini götürüb bəşəriyyətin taleyi kimi təqdim etmək olar. Elçin İmanov məhz bu nöqtədən əsərə baxmağı bacardığı üçün tamaşa uğurlu alındı. Həm də az imkanla böyük iş görə bildi. Kəmalə Nəbibəylinin hər kəsə nümunə olacaq fədakarlığı isə, həqiqətən də təqdirəlayiqdir. Tamaşanın xərcinin böyük hissəsini məhz o, özü şəxsən ödəyib. Təsəvvür edin ki, İstanbulda heç məşq etməyə də yer olmayıb. Ən kiçik məsələlər də çox çətinliklə həll olunub. Buna görə də Elçin İmanova, Kəmalə Nəbibəyliyə və tamaşada əməyi olan hər kəsə dərin minnatdarlığımı bildirirəm. Əlində böyük teatrın imkanları olanlar isə bəzi texniki çatışmazlıları böyüdüb tamaşanın üzərinə kölgə salmaq istəsələr də buna nail olmadılar. Çünki ortada bir uğurlu tamaşa var, həm də dövlətdən heç bir maddi dəstək almadan böyük iş görülüb. İndi müvafiq qurumların və KİV-lərin bu görülən işin daha yüksək səviyyədə alınması və təqdim edilməsi üçün dəstək vermələri lazımdır.”


Türkiyədə nümayiş etdirilən tamaşalar həqiqətən də tamaşaçılarda böyük təəssürat oyada bilmişdir. Anşlaqla keçən tamaşaların sonu hər dəfə uzun sürən alqışlarla bitir, hətta tamaşa qurtardıqdan sonra sonra da tamaşaçılar zalı tərk etmək istəmirdilər. Salondakıların göz yaşlarını saxlaya bilməməsi yaradıcı heyətin öz məqsədinə nail olduğundan xəbər verirdi. 


Haşiyə: “Adsız qadın” tamaşası haqqında yazdıqca istər-istəməz xəyalımda “Fəryad” “Dolu” filmləri canlanmağa başladı. Bu iki filmdən başqa isə Qarabağ müharibəsini olduğu kimi özündə əks etdirən heç bir tutarlı bədii, yaxud sənədli əsər yadıma düşmədi...

Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin ssenarisi əsasında Ceyhun Mirzəyevin həm rejissoru, həm də baş rolunun ifaçısı olduğu Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edən “Fəryad” və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasın ssenarisi əsasında Elxan Cəfərovun rejissoru olduğu “Dolu” filmləri də  bildiyiniz kimi, Qarabağ müharibəsində nankor qonşularımızın iç üzünü – vəhşiliyini olduğu kimi tamaşaçıya çatdıran əsərlərdir. Və bu gün həqiqətən də belə əsərlərin sayının çox az olması soydaşlarımızı ən çox düşündürən məsələlərdən biridir...    


P.S. Hazırda “Adsız qadın” tamaşasının rus dilində də variantı hazırlanır. Artıq Rusiyadan, Ukraynadan Kıbrızdan, Almaniyadan tamaşa ilə maraqlananlar var. İnanırıq ki, Kəmalə Nəbibəylinin təqdimatında və Elçin İmanovun quruluşunda “ADSIZ QADIN”  tamaşası həm Xocalı soyqırımının, həm Dağlıq Qarabağ münaqişəsinin tanıdılmasında, həm də İstanbul-Azərbaycan Teatrının daha yüksək arenaya çıxmasında və mədəniyyətimizin, tariximizin təbliğində böyük rol oynayacaqdır.

 

Mənbə: "Şəki Bələdiyyəsi" qəzeti,

№ 8 (154), Avqust 2017

Tamaşaçılar

 



Создан 19 авг 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com