ШЕКИ - НАБИБЕКОВЫ

“Unudulan adam”?!

Müəllif: Hidayət Elvüsal



Yox! Səhnənin, ekranın mavi gözlü, gözəl, istedadlı bu fədaisini, əməkdar artist, Prezident mükafatçısı Nübar Novruzovanı heç kim unutmayıb. Sadəcə olaraq illər boyu yaddaşımdan silinməyən səhnə və ekran tamaşasında oynadığı bir rolu xatırladım. İnsan varlığını titrədən, heyrətə salan, az qala hər kəsi böyük bir faciənin iştirakçısına çevirən obrazı. Bəzən mənə elə gəlir ki, Nübar xanım illər öncəsində yaratdığı bu obrazda öz həyatının da bəzi məqamlarını bizlərə “danışıb”. Təsadüfmü, bilmirəm. Amma insanı düşünməyə məcbur edən bir hadisə olduğunu da danmaq mümkün deyil. Böyük Nazim Hikmətin “Unudulan adam”ı, Nübar Novruzovanı bir daha yaddaşlara həkk eləyib.


Nübar xanımdan ilk dəfə, illər öncəsində çalışdığım “Azərbaycan gəncləri” qəzetində yazmışam. Aramızda uzaqdan-uzağa bir dostluq yaranıb. Görüşməsək də, üz-üzə gəlməsək də onun yaradıcılığını imkanım dairəsində izləmişəm. Eşidəndə ki, hörmətli aktyorumuz, Xalq Artisti Tariyel Qasımov hamının az qala əzbər bildiyi “Sən həmişə mənimləsən” pyesini tamaşaya hazırlayır, düzü təəccübləndim. Nargilə obrazını Nübar Novruzovaya etibar etdiyini öyrənəndə isə əməlli-başlı heyrətləndim. İlyas Əfəndiyevin bu əsərindəki Nargiləni teatrda Xalq Artisti Amaliya Pənahova kimi bir istedad, teletamaşada isə Məlahət Abbasovanın yaratdığını hamı bilir. Bütün bunlardan sonra Nübar Novruzova nə ilə fərqlənəcəkdi? Onun emosional, inandırıcı, daxili fenomenizminə güvənərək, istənilən obrazın öhdəsindən gələ biləcəyi məlumdur. Amma dəfələrlə sınmamış, qəbul edilmiş, “möhürlənmiş” Nargilə... Həm də bu yaşda… 17 yaşlı bir gənc qız obrazı yaratmaq…

Təbii ki, Amaliya xanım da, Məlahət xanım da Nargilə obrazını özlərinə məxsus bacarıqla, məharətlə yaradıblar. Nübar Novruzova da məhz bunu bildiyindən tamamilə başqa, gözlənilməz bir nöqtədən Nargilə “oldu”. Əvvəlki Nargilələr sevməyə, sevilməyə, məhəbbət macərasına hazır olan gənc qızdır. Yəni onlar böyük eşq, sevgi yarada biləcəklərini sanki əvvəlcədən bilirdilər. Düşdükləri məhəbbət aləmi, sevgi dünyası onlara tanışdır. Burada arxayın “gəzib-dolanırdılar”.

Nübarın Nargiləsi isə bu aləmdən uzaqdır. O, sevgi, məhəbbət yaşamağa hazır deyil. 17 yaşlı sadəlövh, tərtəmiz bu qız ülvi məhəbbəti yox, məhəbbət onu yaradır. Hərəkətli, şıltaq bu yeniyetməni… məhəbbət, gözləmədiyi anda onu ilıq ağuşuna alar. Nargilə - Nübar tanımadığı, şirin, göylərə qədər ucalan bir aləmə düşür. Nə yol bilir, nə iz. Sadəcə olaraq sevir. Özünü fəda etməyi bacarır. Ülvi məhəbbətin qoynunda uyumaq və heç oyanmaq istəməyən bir varlığa çevrilir. Və bu sevgi, bu ilk məhəbbət, Nargiləni - təcrübəsiz, hazırlıqsız sadəlövh, tərtəmiz, nabələd yolçusunu… yolda qoyur.


İstedadlı aktrisa səhnədə, televiziya ekranında, kinoda unudulmaz obrazlar yaradıb. Onun populyarlığı, tamaşaçılar tərəfindən sevilməsi hətta Nübar xanıma həsr olunmuş “Məhəbbət yaşadır” pyesinin ərsəyə gəlməsinə səbəb olub. Hörmətli qələm sahibi Nahid Hacıyevin bu əsəri Akademik Milli Dram, Şəki, İrəvan teatrlarında tamaşaya hazırlanıb. O, çox çalışsa da bu rolu oynaya bilməyib. Maneələrlə qarşılaşıb. Başqalarına həsədlə baxmaqdan savayı əlindən bir şey gəlməyib.


…Və indi, uzun illərdən sonra onunla yenə söhbət edirik. İllər öz işini görüb. İndi qarşımda sadə, evdar qadını xatırladan bir xanım əyləşib. Ailə qayğılarından, çox sevdiyi qızı Fatimədən danışır. Və danışdıqca gözləri parlayır:


- Başqa sənəti seçdi. Mən də hörmətlə yanaşdım. Ağıllı, savadlı qızdır. Bir neçə dil bilir. Hazırda universitetdə oxuyur. Üçüncü kursdadır. Onu da deyim ki, təhsilini ingilis dilində alır.


Belə sakit, mülayim danışsa da, söhbətimizin bir yerində bu “evdar qadının” sinəsindən başqa bir Nübar vulkan kimi püskürür:


- Heç unutmaram. Rejissor Natiq Novruzovun “Xüsusi təyinatlı İbad” filminin çəkilişində Xocalı faciəsinin bütün ağrıları ilə yaşadım. Erməni faşistlərinin vəhşicəsinə güllələdikləri körpələrin, qız-gəlinin, qocaların fəryadını eşitdim, duydum və özüm də fəryad qopardım. Çəkiliş uzaq, dağlıq ərazilərdə gedirdi. Soyuq, şaxta, xaos, ayaqyalın, başıaçıq… yaşadım o faciəni. Mən keçirdikləri qorxunu, yaşamaq arzusunu, köməksiz, əlacsız… qaçışını, ağappaq qarı günahsız qanları ilə qızardan insanlardan biri oldum.


Bir qədər susur. Hiss olunur ki, həmin anları yenidən yaşayır. Əlləri titrəyir, dodaqları əsir. Bütün vücudunu bürüyən qəzəb, intiqam hissi səsinin tonunu da dəyişir:


- Hə! Mən bunları kino çəkilişdə yaşadım. Amma bütün varlığıma sirayət etdi. Bilirsiniz, nə istəyirəm? Mən o günahsız insanların, o körpə balaların intiqamını həyatda almalıyam. O gün gələndə məni heç kəs saxlaya bilməz. İstəsələr də, istəməsələr də, mən də əsgər oğullarımızın yanında olacam. Bu dediklərim yazı üçün deyil. İllər boyu ürəyimi sarımış bir qəzəbdir. Körpələri güllələyən o namussuzların heç olmasa birinin gözlərinin içinə baxmaq istəyirəm. İnsanlıqdan, ləyaqətdən, kişilikdən, mərdlikdən məhrum olan gözlərinə. Onlar vəhşidirlər. Amma qorxaq vəhşidirlər. Bax, mən o anı, o məqamı - bir vəhşinin diz çöküb yalvarmasını, əsl erməniliyini görmək istəyirəm.


Bir xeyli sonra az-çox sakitləşir. Yenə oynadığı rollardan danışırıq. “Aydın”dakı Böyükxanım, “Ağ ölüm”də Ana, “Geriyə yol yoxdur”da Şəhla, “Həmyerlilər”də Zərifə, “Ağ atlar üçün vals”da Qız, “Məzəli hadisə”də Jajina, “Xırs quldurbasan”da Zalxa, “Mən səni sevirəm”də Ana, Şeksprin “Kleopatra”sında Kleopatra, Yuli Qusmanın “Qorxma, mən səninləyəm”, Şahmar Ələkbərovun “Qəzəlxan” filmi, P.Filipponun “İtalyansayağı xoşbəxtlik”, Mar Bayciyevin “Duel”ində Nazlı…


Bir məsələni də qeyd etmək istəyirəm. Nübar Novruzova Naxçıvandan ilk ali təhsilli aktrisadır. Əlbəttə, Naxçıvan teatrı Zəroş xanım və başqaları kimi aktrisaları ilə məşhurdur. Amma onların ali təhsilləri olmayıb. Bu yolu, bu izi məhz Nübar xanım açıb. Mühafizəkarlığı ilə də fərqlənən Naxçıvanda gənc, gözəl bir qızın belə bir addım atması əlbəttə, asan olmayıb. İlk qarşı çıxan ailəsi olub. Amma Nübar yolundan dönməyib. İndi bu yol çoxları üçün asan olub. Və nə yaxşı ki, olub.


Və bir də… Nübar Novruzova bu günə qədər səhnədə, ekranda neçə-neçə insan ömrü yaşayıb. Neçə-neçə obraza can verib, nəfəs verib. Onları yaradıb, sevdirib. Düzdür, bu sevgidən özünə də pay düşüb. Amma… mənə elə gəlir ki, bu cəfakeş, istedadlı xanım öz ömrünü doya-doya yaşamayıb. Sənət üçün, xalq üçün bütün həyatını qurban verib. Və…


Adam inanmaq istəmir ki, o böyük səhnələr bu kiçik, artıq ucmaqda olan evdə yaşayan insan tərəfindən işıqlanıb. Bəzən sənət dostları da bir çox əsərlərin məşqlərini məhz burada, iki-üç addımlıq evdə məşq ediblər. Həsən Turabov, Səməndər Rzayev, Tariyel Qasımov, Gülşən Qurbanova, Xuraman Hacıyevanın və başqa görkəmli sənətkarlarımızın səsi, nəfəsi hələ də bu evin ab-havasındadır. İndi xatirələrlə dolu bu kiçik mənzil üç-dörd addımlıqda tikilən böyük, hündür binaların “addımlarından” çat verib, uçulur.


Həm də nə zaman?!


Nübar Novruzovanın yubileyi ərəfəsində…


Sənət aləmi çox qəribədir. Növündən, istiqamətindən asılı olmayaraq, onun bütün ağırlığını, çətinliyini fədakar insanlar öz çiyinlərində daşıyıb, ucaldırlar. Daha sonra hazırına nazil olanlar gəlir və orada at oynadırlar. Əzabkeş, zəhmətkeş, əsl sənətkarlar isə bəzən bax belə - kiçik, uçmaqda olan bir evdə, az qala unudulmaqda olurlar. Bu, yalnız həyatın deyil, həm də sənətin amansızlığıdır. Onun əsl sahibləri bəzən yada düşmür. Diletantlar isə…


Əlbəttə, çox mətləblərdən yazmaq olardı. Zəngin yaradıcılıq yolu keçmiş, dadlı-duzlu xatirələrlə dolu ömür yaşamış istedadlı aktrisadan bir məqalə yox, kitab da yazmaq olar və lazımdır.


Mən Nübar xanım Novruzova ilə bir də görüşmək istərdim. Amma xatirələrlə dolu olsa da, ucmağa tərk edilmiş bu kiçik evdə, daha doğrusu mənzildə yox. Ona layiq olan bir məkanda, ona layiq olan bir adı təbrik etmək üçün.


Bilirəm ki, siz də belə düşünürsünüz!


“Unudulan adam” məmurlar tərəfindən unudulmamalıdır! Çünki o, onlarla, bəlkə daha çox insanları, obrazları unutmağa imkan verməyib…


Elə Azərbaycan tamaşaçıları da istedadlı aktrisamız, sənət fədaimiz Nübar Novruzovanı heç vaxt unutmayıb və unutmayacaq!

Mənbə: modern.az

 



Создан 18 дек 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Анализ фамилии:
Эта фамилия имеет тюркское происхождение и пришла к нам, скорее всего, из татарского или башкирского языка. Она образована от слова «бек», которое означает «господин, хозяин».

Значение фамилии:
В процессе исследования...
счетчик посещений Kataloq Valyuta.com